Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Vyanada keçirilən 55-ci sessiyasında Ermənistanı sərt tənqid edib. M.Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, sessiyanın sentyabrın 21-də keçirilmiş iclasındakı məruzəsində Ermənistandakı "Metsamor" AES-in bütün region üçün təhlükə olduğunu, bu səbəbdən də bağlanmasının vacibliyini diqqətə çatdırıb.
AMEA prezidenti: "Metsamor"la bağlı məlumatlar sirr kimi saxlanılır"
""Metsamor" AES yararsız və təhlükəli stansiyadır. Avropa Birliyi də bu stansiyanın bağlanmasının zəruriliyini bildirib. İl ərzində beynəlxalq təşkilatların stansiyada dəfələrlə təftiş aparmalarına baxmayaraq, bu araşdırmaların nəticələri sirr kimi qalır, bununla bağlı Azərbaycana heç bir məlumat verilmir. Region ölkələri- Azərbaycan, Türkiyə və Gürcüstan dəfələrlə təklif edib ki, "Metsamor" AES-də aparılan tədqiqatlara bu üç dövlətin mütəxəssisləri də buraxılsın. Amma hər üç dövləti üçün "Metsamor" AES-lə bağlı məlumatlar sirr kimi saxlanılır. Tələb etdim ki, bu stansiyanın fəaliyyəti ilə bağlı şəffaflıq yaradılsın, məlumatlar region dövlətlərinə də təqdim edilsin"- AMEA prezidenti bildirib.
O, həmçinin, qeyd edib ki, sessiyada çıxış edən Ermənistan nümayəndələri Azərbaycanı BAEA tribunasından öz maraqları üçün istifadə etməkdə və qeyri-peşəkar çıxış etməkdə təqsirləndirib: "Mən isə öz çıxışımda bir daha bildirdim ki, Ermənistan "Metsamor" AES-lə bağlı məlumatları region dövlətlərinə təqdim etməyənə qədər bu məsələni yenə qaldıracaq, BAEA tribunasından yenə də istifadə edəcəyik".
Ermənistanda hər an partlamağa hazır "Metsamor" adlı atom "bomba"sı
Ermənistanda yerləşən AES bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. "Metsamor"da köhnə texnologiyadan istifadə edilməsi, maliyyə olmadığından modernləşdirilməməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.
1977-ci ildə tikilən həmin reaktorun fəaliyyət müddəti 25 il idi və 2001-ci ildə bu müddət başa çatıb. Hazırda bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Onun təhlükəsizlik sistemləri isə, demək olar ki, yoxdur.
1988-ci ildə Spitakda baş verən zəlzələ nəticəsində "Metsamor" AES də yararsız vəziyyətə düşdü. Möcüzə sayəsində Qafqazda "2-ci Çernobıl" baş vermədi. Bu günə kimi bu stansiyada 100-dən artıq kiçik qəza baş verib.
BMT-nin müvafiq konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu olmalıdır.
"Metsamor"un bağlanması üçün Yerevana təzyiq göstərməlidirlər
"Metsamor" stansiyasının region üçün böyük təhlükə olduğunu dərk edən Avropa Birliyi 2001-ci ildə Ermənistanın Avropa Şurasına üzv olması zamanı AES-in birdəfəlik bağlanmasını tələb edib. AB bunun müqabilində Ermənistana 100 milyon avro ayırmaq fikrindəydi, amma Yerevan 1 milyard avro tələb etdi. Buna görə də, bağlanma prosesi baş tutmadı.
Ermənistan rəhbərliyi ölkənin ağır iqtisadi-sosial durumda olduğunu, ölkənin alternativ enerji resursunun olmadığını bəhanə edir. Sanki anlamırlar ki, AES-də qəza baş versə, ilk növbədə, Ermənistan əhalisi məhv olacaq.
Yerevana anladılmalıdır ki, AES-də qəza baş versə, ilk növbədə, ermənilər
məhv olacaq
AES qəzasının çox böyük bir regionda fəciələrə səbəb olduğu faktdır. Çernobılda qəza olanda Avropanın yarısı və SSRİ-nin qərb hissəsində dəhşətli təsirləri oldu. Ona görə də, bu məsələ heç bir dövlətin daxili işi ola bilməz, çünki qəza baş verərsə, faciənin miqyası bir neçə ölkəni əhatə edəcək.
"Fukusima" qəzasını "2-ci Çernobıl" adlandırırlar. Bir çox xarici ölkələrdə AES-lər əleyhinə böyük ictimai etirazlar baş qaldırıb, bir sıra ölkələr isə AES-ləri dayandırmağa hazırlaşır. Bu kontekstdə, Ermənistana qonşu ölkələr "Metsamor"un bağlanması üçün təzyiq göstərməlidirlər.
Əksər mütəxəssislərin ortaq rəyinə görə, bu AES-də baş verə biləcək hər hansı qəza Cənubi Qafqaz regionu üçün Çernobıl qəzasından daha dəhşətli nəticələr törədə bilər. Bəzi mülahizələrə görə, "Metsamor" AES-də baş verə biləcək qəzada ermənilərin 80 faizi məhv ola bilər.
Ekspertlərin fikrincə, əgər "Metsamor"un yerləşdiyi zonada 5 baldan artıq zəlzələ baş versə fəlakət qaçılmaz olacaq. İlk olaraq ermənilər məhv olacaq, bunu Ermənistanda anlayanlar azdır kimi görünür. Anlasaydılar, hökuməti bu AES-i bağlamağa məcbur edərdilər.
Elçin Bayramlı