PDF Oxu

Araşdırma

  • 4

Müharibə Ermənistan üçün yaxşı vəziyyət yaratmayacaq

Müharibə Ermənistan üçün yaxşı vəziyyət yaratmayacaq

Böhran və səfalət içərisində olan Ermənistanda vəziyyət günü-gündən daha da ağırlaşmaqdadır. İşğalçı ölkədə belə bir vəziyyətin yaranması məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin hələ də tənzimlənməməsidir. Artıq Dağlıq Qarabağ ermənilər üçün daşınması ağır olan yükə çevrilib.

Azərbaycanın 20 faiz ərazisini havadarları vasitəsi ilə işğal edən işğalçı ölkə özü bu gün münaqişənin qurbanına çevrilib. Təbii ki, ermənilər Dağlıq Qarabağ probleminin çözülməsində konstruktivlik nümayiş etdirsəydilər, o zaman işğalçı dövlət problem içində boğulmazdı. Problemin mövcudluğu nə qədər davam edəcəksə, o zamanadək Ermənistan boğula-boğula sürünəcək. Ermənistanın böyük itki verəcəyini bilə-bilə yenə də regionda sülhün olmasına, müharibəyə yol verilməməsinə çalışır. Müharibə Ermənistan üçün yaxşı vəziyyət yaratmayacaq. Azərbaycan, hələ ki, real nəticəni gözləyir. Real nəticə isə, zəbt olunan torpaqlarımızın geri qaytarılması və Dağlıq Qarabağdakı separatçı qüvvələrin qeyd-şərtsiz boşaldılmasıdır.

"Ermənistan hakimiyyətinin siyasəti yalnız işğalçılıq üzərində qurulub. Ümumiyyətlə, Ermənistanda normal dövlətçilik ənənələri yoxdur. Ermənilər hər zaman etnik korporasiya kimi başqalarının yanında əlaltı olublar". Bu sözləri qəzetimizə açıqlamasında politoloq Cümşüd Nuriyev bildirdi. Onun sözlərinə görə, bu vaxta qədər ermənilər sovetlərin tapşırığını icra edirdilər, indi isə, Rusiya bir növ bunları idarə etməyə çalışır, amma bəzi hallarda erməni xisləti buna imkan vermir. Çünki bir qrup erməni Amerikaya, başqası Fransaya maraqlıdır və ölkə daxilində, demək olar ki, vahid milli ideya və birlik yoxdur. Ona görə də, düşünürlər ki, daha çox kimdən yararlansınlar.

Politoloq söyləyib ki, ermənilərin əsas məqsədi və qayəsi Ermənistan adında dövlət yaratmaq deyil, məqsəd günlərini xoş keçirmək üçün müəyyən çirkli yollarla pul əldə etməkdən ibarətdir.

Digər bir məqama toxunan politoloq qeyd edib ki, ABŞ və Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlı tərəf deyil. ABŞ-ın əsas prinsiplərindən biri də dünyanı ələ keçirməkdir. ABŞ-ın taxt-tacı, birmənalı şəkildə, supergüc kimi özünün iddisını ortaya qoyur. Amma Rusiya, hələlik, supergüc deyil.

Dağlıq Qarabağın işğal olunmasında Rusiyanın əli olduğunu bildirən politoloq əlavə edib ki, son zamanlar Abşeron yatağının kəşfindən sonra Rusiyanın Xarici İşlər Nazirliyinin verdiyi bəyanat birmənalı olaraq, Azərbaycanın daxili işinə qarışmaqdır. Amma bütün bunların fonunda, rəsmi Moskvanı narahat edən məsələ odur ki, Azərbaycan həm sərbəst siyasət yürüdür, həm də ruslar Azərbaycanın siyasətinə müdaxilə edə bilmirlər.

C.Nuriyev bildirib ki, Qərbin və Rusiyanın əsas məqsədi odur ki, Azərbaycanın daxilində müəyyən bir gərginlik yaratsınlar. Əslində, həmin dövlətlər göründükləri kimi deyil. İkili oyunlar oynayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında heç bir səy göstərmirlər.

Dağlıq Qarabağın statusunun dəyişməsinin vacibliyini vurğulayan politoloq bildirib ki, statusun dəyişməsi Ermənistanı ciddi şəkildə narahat edir. Ermənistanın yaramazlığı həm də ondadır ki, onlar hiyləgərcəsinə öz əməllərini Azərbaycan dövlətinin adına "sırımağa" çalışırlar. Bu azmış kimi, hər bir ifadələrində riyakarcasına Dağlıq Qarabağ probleminin həll olunmasında Azərbaycanı təqsirli çıxarmağa cəhd göstərirlər. Sanki torpaqları zəbt olunan Azərbaycan deyil, Ermənistandır, 1 milyondan artıq əhalisi öz el-obasından didərgin düşən biz deyilik, işğalçı dövlətdir.

C.Nuriyev onu da əlavə etdi ki, məhz statusun dəyişməsi məsələsinə münasibətdə istər BMT, istərsə də başqa təşkilatlar çalışırlar ki, Azərbaycanla bağlı məsələləri gecikdirsinlər. Və ya ona maneçilik törətsinlər, bu, birmənalıdır.

BMT-nin Azərbaycanla bağlı çıxardığı 4 qətnaməsinə toxunan politoloq bildirib ki, Azərbaycan gözləyirdi ki, məhz çıxarılmış məlum qətnamələrdən sonra BMT hansısa addımı atacaq, amma atmadı. Və bu günə qədər iki dövlətlə bağlı ikiüzlü siyasətini yürütməkdə davam edir. Bu dövlətlərdən biri Fələstin, digəri isə, erməni işğalına məruz qalmış Azərbaycan ərazisidir.

Politoloq Azərbaycanla bağlı yanaşma tərzini daha çox beynəlxalq hüquqdan kənara çıxmaq kimi qiymətləndirdi. BMT-nin təməl prinsipi ərazi bütövlüyünün bərpa olunmasından ibarətdir. Başqa bir məqama toxunan politoloq vurğulayıb ki, Azərbaycan dövləti BMT-yə üzvdür. Və bu üzvlük Azərbaycana haqq verir ki, dövlətimiz BMT-nin nizamnaməsinin 51-ci maddəsinə əsasən öz ərazi bütövlüyünü bərpa etsin və öz ərazisindən separatçı erməni qüvvələri çıxartsın.

Bu hüququn bütün BMT-yə üzv olan ölkələrə verildiyini bildirən C. Nuriyev Azərbaycanda separatçı rejimin olmadığını vurğuladı. Qeyd etdi ki, ortada Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsi durur. Separatçı rejim yalnız o halda olur ki, hansısa ölkənin bir hissəsi mərkəzi hakimiyyətə tabe olmaq istəmir və beynəlxalq aləmlə birbaşa təmasda olur. Dağlıq Qarabağ ərazisi isə işğalçı Ermənistan tərəfindən işğal olunubdur. Oradakı hakimiyyət orqanı Ermənistanın işğalçı rejimi olmasına dair BMT nizamnaməsində məlum bənd var. BMT ona üzv ölkəyə güc vasitəsilə özünün ərazi bütövlüyünü bərpa etməsinə şərait yaradır və bu səlahiyyət Azərbaycanda da daim gündəmdədir. Bunlara rəğmən Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün bütün variantlardan istifadə etməyi düşünür.


AYLANA RZAYEVA

Digər xəbərlər