"WikiLeaks"ın Ermənistanla bağlı açıqladığı materiallarda olduqca maraqlı məsələlər əksini tapıb. 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərində total saxtakarlıq, Türkiyə-Ermənistan sərhədlərinin açılması, Ermənistanın mafioz dairələr tərəfindən idarə edilməsi, Gürcüstanla Azərbaycan arasında çəkişmələr ABŞ-ın Ermənistandakı səfirləri tərəfindən Dövlət Departamentinə göndərilən məxfi məktublarda tam açıqlığı ilə göstərilib.
"Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda disbalans siyasəti yürüdür"
Göndərilmiş məktublar Ermənistanın cinayətkar klanlar tərəfindən idarə olunduğunu sübut edir. Sənədlər S.Sarkisyanın saxtakar, mafioz, quldur, qaniçən simasını açır, Ermənistan rəhbərliyində geniş vüsət almış cinayətkar münasibətləri ifşa edir.
Vaxtilə Ermənistan rəhbərlərinin qeyri-qanuni əməlləri, topladığı kapitallar barədə yazılmış və geniş rezonansa səbəb olmuş "Ermənistanı soyanlar" adlı məqalədə göstərilən faktlar ümumi şəkildə ABŞ səfirliyi tərəfindən təsdiq olunur. Həmçinin, hələ seçkidən əvvəl də S.Sarkisyanın cinayətləri barədə dəqiq faktlara malik ABŞ administrasiyasının belə bir şəxsi dəstəkləməsi Vaşinqtonun qeyri-səmimiliyini göstərir.
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyir ki, ABŞ Cənubi Qafqaz regionunda ermənisentrist və ya ermənimərkəz siyasəti aparır.
"Bu, Serj Sarkisyanın Ermənistanda hakimiyyətə gəlişindən sonra özünü büruzə verməyə başlayıb. Sarkisyan 2008-ci il prezident seçkilərində kifayət qədər səs toplamayıb. Ermənistandakı prezident seçkiləri haqqında ABŞ-ın məlumatı ən dəqiq məlumatdır, çünki ABŞ-ın Ermənistanda seçkilərin monitorinqini reallaşdırmağı bacaran güclü şəbəkəsi olub", - politoloq deyib.
Mübariz Əhmədoğlu qeyd edib ki, ABŞ Ermənistandakı 2008-ci il 1 mart qırğınını ört-basdır etməklə məşğul olub, ABŞ-ın təzyiqi ilə Avropa Parlamenti 1 mart qırğınlarının təhqiqatını çaşdırmaqla məşğul oldu və indi də AŞPA bu məsələni gündəlikdən çıxarmaq istəyir.
"Ermənistan daim digər dövlət tərəfindən regionda alət kimi istifadə olunub",-deyən politoloq, həmçinin, vurğulayıb ki, ABŞ-ın Cənubi Qafqaz regionunda ermənisentrist siyasəti onun regional maraqlarına ciddi zərbə vurur.
"ABŞ-ın Sarkisyana dəstəyi münaqişə ilə bağlı razılaşmanın rəsmiləşdirilməməsinə səbəb olub"
Mübariz Əhmədoğlu münaqişənin tənzimlənməsində yaranmış vəziyyətə tonunaraq deyib: "2009-cu ilin sonlarınadək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə böyük ümidlər olmuşdu. Rəsmi Bakı indi də 2009-cu ilin sonlarında razılaşdırılmış sənədin imzalanmasını təklif edir. Ermənistan tərəfi bundan imtina edir, müxtəlif imitasiya variantları, ideyalar ortalığa qoymaqla, münaqişəsinin tənzimlənməsinin mahiyyətini dəyişməyə çalışır".
Onun sözlərinə görə, Sarkisyan buna müəyyən qədər nail olub. "Ən azı, bugünədək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə sənədin imzalanmaması bunu deməyə əsas verir. Bununla da, Praqa prosesi ortalığa yekun nəticə qoymadan başa çatdı.
Praqa prosesinə görə, Azərbaycanın 5 rayonu dərhal, Laçın və Kəlbəcər rayonları sonrakı 3-5 ildə geri qaytarılır, 5-7 il ərzində isə Şuşanın azərbaycanlılarla məskunlaşması həll olunurdu, kommunikasiya xətlərinin, iqtisadi münasibətlərin qurulması və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına başlanırdı", - politoloq qeyd edib.
Onun sözlərinə görə, münaqişədə əldə olunmuş razılaşmanın rəsmiləşdirilməməsinin iki mənbəyi var. "Birinci mənbə ABŞ-ın Sarkisyana verdiyi dəstəkdir. ABŞ indi də ümid edir ki, Sarkisyan Birləşmiş Ştatlar tərəfindən onun üzərinə qoyulmuş xüsusi missiyanı- Rusiyanı regiondan sıxışdırıb çıxarmaq missiyasını yerinə yetirəcək", - politoloq qeyd edib.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrləri əksərən fərdi müsahibələrində ermənilərin maraqlarına cavab verən bəyanatlar veriblər. Misal üçün, ABŞ-dan olan həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri və maddələrinin ardıcıllığını rəsmi sənəddə yazıldığı kimi yox, ermənilərin maraqlarına cavab verən ardıcıllıqda sadalayırlar.
Onun sözlərinə görə, ikinci mənbə Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması ilə bağlı 2 protokolun imzalanmasıdır. "Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Sarkisyanın məqsədinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin yubadılması olduğu öncədən bəlli idi. Təəssüf ki, Türkiyənin bu addımı Ermənistan prezidentinin münaqişənin dinc yolla tənzimlənməsindən yayınmasına imkan verən amillərdən birinə çevrilib", - politoloq deyib.
Ermənistan total cinayətkarlıq və korrupsiya içində boğulur, amma nədənsə Ağ Evdə bunu
"görmürlər"
Vətəndaşlarının hüquq və azadlıqlarını kobudcasına pozan, xalqı öz maraqları naminə dəfələrlə zərbə altına qoyan Sarkisyan rejiminin bu və ya digər cinayətkar əməlləri haqqında, nəinki Ermənistan əhalisi, hətta dünya ictimaiyyəti artıq xəbər tutub.
Belə vəziyyət ona gətirib çıxarıb ki, Ermənistanda əsas iş adamları kimi yalnız yüksək çinli məmurlar çıxış edir və sözügedən ölkənin mövcud reallığı kontekstində hakimiyyət və biznesin tam qovuşmasını görmək mümkündür. Bu sistemdə biznesmenlər yalnız yüksək vəzifəli şəxslər olur. Dövlət sifarişindən və biznesdən erməni reallığı çərçivəsində danışmaq qeyri-mümkündür.
Bir qədər əvvəl "Miabanutyun" Erməni Milli Klubunun rəhbəri Smbat Karaxanyan "Vek" qəzetinə açıqlamasında deyib ki, Ermənistanda iqtisadi sferada maliyyə-fırıldaq piramidasının prinsipləri ilə fəaliyyət göstərən kriminal-güc konstruksiyası formalaşıb: "Hökumət asan və rahat bir şəkildə süni olaraq dramın kursunu qaldırır və öz kriminal-oliqarx qruplaşmalarının yüksək valyuta mənfəəti qazanmasını təmin edir.
Bütün ölkə kriminal anlayışın ən pis ənənələri ilə fəaliyyət göstərən bir neçə insanın mülkiyyətinə çevrilib. Ən pisi hakimiyyət qruplaşmalarının Ermənistanda olan müəssisələrinə valyuta vasitələrini xarici banklarda və offşor zonalarda yerləşdirmək üçün bir alət olaraq yanaşmalarıdır".
Belə vəziyyətdə Ermənistana verilən beynəlxalq kreditlər də məmurların öz şirkətləri arasında bölüşdürülür. Həmin kreditlər sadə vətəndaşların sosial müdaifəsinin güclənməsində heç bir rol oynamır, əksinə, ölkənin xarici borclarını təhlükəli templərlə artırır. Həmçinin, real və yeni iş yerlərinin yaradılması müşahidə olunmur.
Beləliklə, Ermənistanın cinayətkar hakimiyyətinin iç üzü faktlarla ifşa olunur. Çox təəssüf ki, Azərbaycanda kiçik problemləri böyüdüb fəlakətə çevirən Qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanda baş verənləri görmürlər. Görmək istəmirlər desək, daha doğru ifadə olar. İkili standartların tətbiqi üzrə ən yaxşı nümunələrdən biri də budur.
BMT ekspertlərinin Qarabağda araşdırma aparmasına erməni hakimiyyəti nədən razı olmadı?
"WikiLeaks"ın bir neçə ay öncə erməni məmurlarının narkotik maddələrin alveri ilə məşğul olması və ya bu mafiyanı himayə etməsi açıqladığı məlumat nədənsə ciddi araşdırılmadı. Əslində, bu sirli məsələ deyil. Çünki hələ xeyli öncədən məlum idi ki, Azərbaycanın işğal altında olan torpaqlarında geniş plantasiyalara sahib olan erməni məmurlar bu yolla külli miqdarda pullar qazanmağa çalışırlar.
Hətta bununla bağlı Azərbaycan tərəfi BMT qarşısında məsələ də qaldırmışdı ki, onların ekspertləri Qarabağda araşdırma aparsınlar. Lakin həmin vaxt Ermənistan hakimiyyətinin nümayəndələri buna imkan vermədilər.
Bir neçə il öncə erməni mətbuatı ilə yanaşı, bəzi Qərb nəşrləri belə bir məlumat yaymışdılar ki, bəs Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın da narkotik alverində əli var. Hətta o da iddia olunurdu ki, Köçəryanın vaxtaşırı İrana səfər etməsinin başlıca məqsədlərindən biri də oradakı narkomafiya başçıları ilə görüşüb, işlərini yoluna qoymaqdır.
Bir qədər öncə Almaniyada nəşr olunan "Bild" jurnalında getmiş bir məlumatı da xatırlatmaq yerinə düşərdi. "Bild" Əfqanıstandan İrana, oradan da Avropaya uzanan böyük bir narkotik tranziti barədə dərc etdiyi məqaləsində işğal altında olan Azərbaycan torpaqlarını mərkəz olaraq göstərir.
Jurnal Qarabağın nəzarətsiz qalmasında maraqlı olan qüvvələrin, həmin münaqişənin həll edilməsinin qarşısını almaq üçün pullar xərcləməkdən çəkinməyəcəyini vurğulayıb.
Beləliklə, erməni narkomafiyasının Rusiya və Avropanı zəhərlədiyi faktı ortadadır. Dağlıq Qarabağ və Ermənistandan Avropaya narkotiklərin daşınmasında, bilavasitə, Sarkisyanın və qardaşının əli var. Yəni, bu, monopoliyadır və ölkə rəhbərliyinin əlindədir. Dünya birliyi də, ABŞ da bunu bilir. Lakin tədbir görmək istəmirlər. Çünki bütün siyasət ikili standartların tətbiqi üzərində qurulub.
Elçin Bayramlı