Fransa-Azərbaycan əlaqələri son zamanlar daha geniş və əhatəli xarakter daşımaqdadır. Bu da, öz növbəsində, hər iki dövlətin xalqlarına xeyirli və gərəkli mənfəətlər əldə etmələrinə imkanlar yaradır. Doğrudur, Fransadaki güclü dayaqlara malik erməni lobbisi rəsmi Parisin Azərbaycanla strateji müttəfiqlik münasibətləri qurmasına problemlər yaratmağa çalışır. Hətta məlum olduğu kimi, erməni lobbisinin təsiri və təzyiqi nəticəsində Fransa prezidenti N.Sarkozi Ermənistana səfəri zamanı qondarma "erməni soyqırımı" abidəsini ziyarət edərək, onun önünə əkil qoyub.
Söhbət etdiyimiz millət vəkili və siyasi şərhçi Sahib Alıyev Nikolya Sarkozinin "erməni soyqırımı" abidəsini ziyarət etməsini onun ən yanlış addımlarından olduğunu və bu addımların Fransa xalqının maraq və mənafeyinə heç cür uyğun gəlmədiyini söyləyib. Bildirib ki, hazırda Azərbaycanda səfərdə olan N.Sarkozi iki ölkəarası münasibələrin daha yaxşı qurulması üçün səylər göstərəcək. Və bununla da atdığı yanlış addımın təsadüfi olduğunu nümayiş etdirəcək.
"Fransa Avropa ölkələri içərisində enerji daşıyıcıları sahəsində Azərbaycanla ən sıx əlaqələr quran dörd ölkədən biridir. Fransanın "Total" neft şirkəti Azərbaycanın yanacaq-energitika sektorunda ən geniş şəkildə fəaliyyət göstərir". Bu sözləri qəzetimizə açıqlamasında millət vəkili, siyasi şərhçi Sahib Alıyev bildirib.
Millət vəkilinin sözlərinə görə, humanitar sahədə Fransa-Azərbaycan əməkdaşlığı getdikcə daha da genişlənir. Eyni zamanda, bu məsələdə Azərbaycan Parlamentində Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın olduqca böyük rolu var.
Fransa prezidenti Nikolya Sarkozinin Azərbaycana səfərinə münasibət bildirən S.Alıyev qeyd edib ki, buna müxtəlif aspektdən yanaşmaq lazımdır: "Burada, təbii ki, hər iki dövlət arasında iqtisadi və humanitar əməkdaşlığın daha da genişləndirilməsi aspektini vurğulamaq mütləq lazımdır. Məlum məsələdir ki, Fransa ATƏT-in Minsk Qrupuna daxil olan üç ölkədən biridir. Ona görə də, bu səfərə həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tənzimlənməsi nöqteyi-nəzərinədən yanaşılmalıdır".
Maraqlı bir nüansa toxunan S.Alıyev onu da vurğulayıb ki, bir sıra ekspertlərin qənaətinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlarda moderatorluq Rusiyadan Fransaya keçə bilər. Təbii ki, belə bir ərəfədə Fransa prezidentinin regiona səfər etməsi, ümumiyyətlə, hər iki tərəflə görüşməsi çox əhəmiyyətlidir. Çünki bu, Fransanın ən azından, mövcud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə yaxından maraqlandığını deməyə əsas verir.
Millət vəkili Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrdən biri olan Fransadan əsaslı prinsipiallıq gözlədiyini vurğulayıb: "Yəni danışıqlarda moderatorluq artıq ratasiya yoluna çevrilməməli, danışıqlar xatirinə danışıqlar aparılmamalıdır".
S.Alıyevin sözlərinə görə, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinə yanaşmada balanslaşdırılma siyasəti aparmamalıdır: "Ümumiyyətlə, balanslaşdırılmadan söhbət belə gedə bilməz. Çünki ortada işğalçı və işğala məruz qalan tərəf var. İşğalçıya necə yanaşmaq lazımdırsa, məhz o cür də yanaşılmalıdır. Beynəlxalq prinsiplər, BMT-nin nizamnaməsi necə tələb edirsə, o əsasla yanaşılmalıdır. N.Sarkozi regiona səfər etməmişdən əvvəl erməni agentliyinə verdiyi müsahibəsində belə bir fikir söyləmişdir: "Fransa status-kvonun bu cür qalması ilə barışa bilmir və bunu dözülməz hesab edir. Azərbaycanda indiki status-kvo rejimini dözülməz hesab edir. Fransa prezidentinin tək Ermənistanda deyil, kənarda da mövcud status-kvonun qorunub saxlanılmasının yolverilməz olduğunu söyləməsi müsbət haldır".
S. Alıyev status-kvo vəziyyətinin saxlanılmasını regionda müharibə riskinin artırılması kimi qiymətləndirdi: "Regionda müharibə riskinin azaldılması Azərbaycan və Ermənistandan daha çox ATƏT-in Minsk Qrupundan, o cümlədən, rəsmi Parisdən asılıdır. Onlar bu məsələdə, doğrudan da, beynəlxalq hüquq normaları əsasında prinsipiallıq göstərərlərsə, o zaman status-kvo məsələsi də aradan götürülə və müharibə riski azala bilər. Hazırda Fransanın Yaxın Şərqdə baş verən proseslərlə bağlı beynəlxalq çəkisi xeyli artıb".
Millət vəkili sonda onu da vurğulayıb ki, bütövlükdə, Sarkozinin Azərbaycana səfərindən ən böyük gözləntilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə verə biləcək töhfədir. Fransa son bir neçə ildə beynəlxalq müstəvidə uyğunlaşdırılmış həmahəng hərəkət edir. Əgər bu həmahənglik intensiv şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmada da özünü göstərərsə, ümid edirəm ki, müsbət mənada müəyyən yenilik əldə olunacaq.
AYLANA RZAYEVA