Dünən minlərlə çikaqolu (ABŞ-ın İllinoys ştatı) dövlətin əldə etdiyi gəlirlərin xalqla ədalətli bölünməsi tələbi ilə küçələrə axın edib. Kütləvi yürüşün təşkilatçısı-"Ayağa qalx, Çikaqo!" adlı koalisiyanın olduğu xəbərlər sırasında yer almaqdadır. Bu koalisiya özündə müəllimlərin, ticarət işçilərinin, dini təşkilatların və evsizlərin həmkarlar təşkilatlarını birləşdirir. Aksiya iştirakçıları beş tələblə çıxış ediblər. Onların digər tələbləri iş yerlərinin geri qaytarılması, təhsil qaydalarının yüngülləşdirilməsi və daşınmaz əmlak qiymətlərinin ucuzlaşdırılması ilə bağlıdır.
Zənginlər kvartalında xalq üsyanı
Kütləvi yürüş iştirakçıları zənginlər kvartalında yerləşən bahalı otellərin önündə toplaşaraq, şüarlar səsləndiriblər. Həmin zaman otellərin birində Amerikanın bankirlər və ipotekalar konfederasiyasının görüşü keçirilirmiş. Yürüş iştirakçıları, eləcə də, Çikaqonun ticarət palatası və federal bankı qarşısında da toplaşıblar. Aksiyaçılar tələb ediblər ki, varlılar üçün nəzərdə tutulan vergi imtiyazları ləğv edilsin. Ya da bu imtiyazlar hər bir vətəndaşa şamil olunsun. Eləcə də, ümumi tətil çağırışları edərək, tələblərini irəli sürüblər. Şüarların birində deyilib: "Biz 99 faizik, zənginlər isə 1 faizdir".
Yaxın günlərdə oturaq aksiyalarının da keçirilməsi nəzərdə tutulub. Ümumi razılığa gəlinib ki, sözügedən etiraz dalğaları bütün ABŞ-ı bürüməlidir.
Aksiya iştirakçılarına qarşı aşırı güc tətbiq olunub
Onu da qeyd edək ki, aksiya iştirakçılarına qarşı aşırı güc tətbiq olunub. Polislər və məxfi güc strukturları həbs əməliyyatları keçirərkən, rezin dəyənəklərlə və digər vasitələrlə tutulanları sürüyə-sürüyə polis maşınlarına doğru aparıblar. Artıq bununla bağlı ABŞ-ın bir çox həmkarlar ittifaqları ciddi bəyanatlar səsləndiriblər.
ABŞ xalqın səsini eşitməzliyə vurur...
Maraqlıdır ki, bir çox dövlətlərin daxili işlərinə qarışan ABŞ hökuməti öz vətəndaşlarının hüquqlarını pozur, onların adi yaşam tərzlərini normallaşdıra bilmir. Bu isə, təbii ki, haqsızlıq və ədalətsizlikdir. Xalqın səsini dinləmək istəməyən ABŞ isə, yəqin ki, bu günə qədər törətdiyi haqsız siyasi davranışlarını bir daha nəzərdən keçirməli olacaq. Ən azından ABŞ-dan bunu daxili işlərinə müdaxilə edilən dövlətlər tələb edir. ABŞ demokratiyanı və vətəndaşlarının insan haqlarını bərqərar etməlidir!
RÖVŞƏN