Bu gün Ermənistanda vəziyyət olduqca gərgindir. Ölkə əhalisi dayanmadan ölkəni tərk edir. Bunun isə səbəbi, Serj Sarkisyanın yürütdüyü məntiqsiz siyasət və Ermənistan iqtisadiyyatının tamamilə müflis vəziyyətində olmasıdır. Bəzi xarici dövlətlərin yardımı hesabına idarə olunan Ermənistanda xaos, korrupsiya demək olar ki, qarşısıalınmaz vəziyyətə çatıb. Əgər həmin dövlətlər Ermənistanı dəstəkləməsəydi, bu gün işğalçı ölkə dünya xəritəsindən tamamilə silinərdi.
2008-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn Sarkisyan ilk gündən ölkəni fəlakətə doğru sürükləyib. Nə daxili, nə də xarici siyasətdə heç bir uğuru olmayıb. Mövcud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi işğalçı dövlətin qeyri-adekvat addımları ucbatından öz real həllini tapa bilmir. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda aktual problem olaraq qalmaqdadır.
Millət vəkili Fəzail Ağamalı qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan tərəfi danışıqlar aparmaq naminə masa arxasında əyləşmir. Dövlətimiz sülh, sabitlik tərəfdarıdır, günahsız qanlar axıdılmasını istəmir və real nəticəni gözləyir. Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı erməni separatçı qüvvələr qeyd-şərtsiz boşaldılmalıdır.
F.Ağamalı mövcud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yarımçıq qalmasını Serj Sarkisyanın qeyri-konstruktiv mövqeyi ilə əlaqələndirdi: " Ermənistan prezidenti hər dəfə öz qeyri-konstruktiv addımları ilə münaqişənin həll olunmasını yubadır. Vaxtın uzanmasını istəyir. Lakin bütün bu proseslər işğalçı ölkənin ziyanına işləməkdədir. Demək olar ki, ölkədə yoxsulluğun səviyyəsi artır.
Millət vəkili əlavə edib ki, işğalçı dövlətin bu çətin vəziyyətdən qurtulması üçün yeganə yol Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasıdır.
AVP sədrinin sözlərinə istinadən, bütün Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan dövləti xüsusi yer tutub. Bunu hətta neytral beynəlxalq ekspertlər də etiraf edirlər. Dövlətimizin yürütdüyü xarici siyasət bu gün hər bir kəsə bəllidir. Heç bir ölkə qısa zaman içərisində bu dərəcədə iqtisadi inkişaf yolunu keçə bilməzdi. Azərbaycan dövləti isə, bütün maneələri dəf edərək özünün iqtisadiyyatını, müstəqilliyini qurdu. Bütün dünyanı böhran bürüdüyü halda, Azərbaycan dövlətinə bunun qətiyyən təsiri olmadı. F.Ağamalı Ermənistan iqtisadiyyatının hansısa münasibətlər zəminində Rusiya dövlətinə tabe olunduğunu da vurğulayıb: "İşğalçı ölkədə illik gəlir çox aşağıdır. MDB ölkələri arasında pensiya çox axırıcı yerlərdədir. İmkansız insanlara lazımi səviyyədə diqqət və qayğı göstərilmir. Bunun üçün Ermənistanın imkanı yox səviyyəsindədir". Heç gələcəkdə də Ermənistan kimi işğalçı ölkə hansısa böyük bir perspektiv meydana çıxara bilməyəcək. Bu gün Serj Sarkisyan öz ölkəsində yaranmış daxili sosial-iqtisadi böhranı aradan qaldıra və ölkəsini lazımi səviyyədə təmin edə bilmir.
F. Ağamalı onu da vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasəti onları çox çətin vəziyyətdə salıb: "Dağlıq Qarabağ Ermənistan üçün böyük bir problemə çevrilib. Əvvəllər böyük siyasi hərəkatlar aparan, təcavüz layihələrini gerçəkləşdirən qüvvələr indi Dağlıq Qarabağ prosesinin oyununa çevriliblər. İşğal altında olan Azərbaycan torpaqlarını erməni separatçılarından təmizləmək üçün ölkəmizin kifayət qədər gücü və qüvvəsi var. Ermənistan özünü işğalçılıq, təcavüzkarlıq siyasəti ilə blokadaya salıb. Bütün bunlarla bərabər insanların psixoloji durumu da çox pis vəziyyətdədir. Ölkədə cinayətkarların, narkotikə meyil edənlərin sayı getdikcə artmaqdadır. Ölkə əhalisi isə, vəziyyətdən çıxış yolunu bir çox hallarda miqrasiyada görürlər. Ermənistanda, bütün sahələrdə olduğu kimi, hərbi sferada da böhran daha acınacaqlı durumdadır. Əsgərlərlə zabitlər arasında çox böyük inamsızlıq və etibarsızlıq mühiti formalaşıb. Aralarındakı silahlı toqquşma bugünkü Ermənistan ordusunda gündəlik məişət hadisəsi vəziyyətinə keçib". Millət vəkili onu da vurğuladı ki, Ermənistanda iqtidarla müxalifət arasındakı toqquşma azmış kimi, iqtidarın özündə də parçalanma müşahidə edilir. Bütövlükdə, işğalçı dövlətin nə müxalifət, nə də iqtidar "siyasətçi"ləri arasında bəlli bir mövqe yoxdur.
AYLANA RZAYEVA