Artıq sirr deyil ki, son zamanlar ABŞ-ın yürütdüyü daxili və xarici siyasət dünya ictimaiyyəti arasında ciddi araşdırmalara səbəb olmaqdadır. Belə ki, yeri gəldi-gəlmədi, hər hansı bir dövlətin daxili işlərinə müdaxilələr edən Ağ Evin siyasi dairələri bütün məqamlarda qeyri-etik, qeyri-diplomatik və qeyri-peşəkar siyasətlərini nümayiş etdirir. Təbii ki, dünyanın nüfuzlu dövləti, eləcə də, "demokratiya beşiyi" adlandırılan ABŞ bütün məqamlarda qazandığı nüfuzunu böyük sual altına qoyur.
İki gün öncə, minlərlə çikaqolunun dövlətin yürütdüyü siyasətə etiraz əlaməti olaraq kütləvi şəkildə küçələrə çıxması bir daha qeyd olunanları tam şəkildə sübuta yetirmiş olur. Məsələ ondadır ki, dünyanı bürüyən ciddi maliyyə böhranından sonra hələ də böhranın təsirlərini yaşayan, xalqın ehtiyaclarını, təhlükəsizliyini güclə təmin edən ABŞ-ın öz siyasi maraqları naminə xarici ölkələrdə yürütməyə cəhd göstərməsi ciddi sadə amerikalılar tərəfindən narazılıqla qarşılanmaqdadır. Xatırladaq ki, Çikaqo etirazçılarının əsas tələblərindən biri də dövlətin əldə etdiyi gəlirlərin xalqla ədalətli bölünməsidir.
"Ayağa qalx, Çikaqo!" adlı həmkarlar ittifaqları koalisiyanın təşkilatçılığı ilə artıq ölkəni bürüməyə başlayan etirazlar dalğasına müəllimlər, tələbələr, fəhlələr, evsizlər, ticarətçilər qoşulmaqla, Ağ evin siyasətinə qarşı çıxmağa başlayıblar. Son illərə nəzər saldığımız zaman ABŞ-ın ölkə xaricində apardığı müharibələrdə yüz milyardlarla dolların havaya sovrulduğunun şahidi olarıq. Bu vəsaitlər isə, təbii ki, Amerika xalqından yığılan vergilərdir. Yəni hər bir ABŞ vətəndaşı öz xoşbəxt gələcəyini təmin etməkdən ötrü, müvafiq vergilər ödəyir. Lakin bunun yerinə ABŞ siyasi dairələri "demokratiyanı müdafiə" adı altında həmin pulları havaya səpir. Nəticədə xalqın ayağa qalxması reallaşır, gerçəkləşir. Bu baxımdan da Çikaqoda başlayan kütləvi etirazlar dalğası Nyu-Yorka, Vaşinqtona və digər şəhərlərə yayılmaqdadır.
ABŞ-da "ərəb küləyi" əsə bilərmi?
Yuxarıda qeyd olunanları təhlil etdiyimiz zaman ABŞ-da baş verənlərin, həqiqətən də, demokratiyadan kənar yürüdülən siyasət nəticəsində əmələ gəldiyinin şahidinə çevrilirik. Əgər rəsmi Ağ Ev, həqiqətən də, aşkar, şəffaf, demokratik siyasət yürüdürsə, nəyə görə amerikalılar bu siyasətə qarşı etirazlarını bildirirlər? Və nəyə görə ərəb ölkələrində "demokratiya" yaratmağa səy göstərən ABŞ bununla milyardlarla dollar həcmindəki hərbi xərclər sayəsində iqtisadiyyatını zərbə altına qoyur, xalqının rifahında, normal həyatlarında problemlər yaradır? Rəsmi Vaşinqton məgər həmin pulları öz ölkəsinin daha da inkişaf etməsi üçün xərcləyə bilməzdimi? Eləcə də, ölkəsindən minlərlə kilometrlər kənarda-bir neçə dövlət ərazisində müharibələr aparan ABŞ bilmirmi ki, həmin ölkələrin terrorçu qruplaşmaları onun xalqına təhdid yarada bilər?!
Əlbəttə ki, belə bir vəziyyətdə heç kim zamin dayanmaz ki, nə vaxtsa ABŞ-da da "ərəb küləyi" əsməyəcək. Necə ki, hazırda bir çox ərəb dövlətlərində "ABŞ küləyi" əsir...Belə bir vəziyyətdə öz xalqının rifahına çalışmaq yerinə, həmin xalqı ayağa qaldıran siyasi dairələr sonda öz vətəndaşlarına qarşı da güc tətbiq etməyə məcbur olacaq. Bu isə artıq demokratiya olmayacaq. Yəni öz haqlı səsini ucaldan amerikalıya rəsmi ABŞ siyasi dairələri tərəfindən danışmaq, ədaləti tələb etmək embarqosu qoyulacaq.
Azərbaycanın dağıdıcı müxalifətinə qucaq açan ABŞ "demokratları"
Bu gün regionda lider dövlət kimi tanınan və qəbul edilən Azərbaycanda demokratiya dəyərlərinin mütərəqqi şəkildə inkişaf etməsi sirr deyil. Heç bir qonşu, yaxın və uzaq xarici dövlətlərdə ölkəmizdə yaranmış demokratik mühit formalaşmamışdır.
Eyni zamanda, Azərbaycanda siyasi mühit də yetərincə öz yerini tapmış, ölkədə siyasi partiyalar, QHT-lər normal şəkildə fəaliyyət göstərir, respublikanın ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərirlər. Lakin belə bir məqamda vurğulamaq yerinə düşərdi ki, dağıdıcılıq və radikallıq möveyini özlərinə "peşə" kimi seçən siyasi partiyalar və onların "liderləri" nədənsə ABŞ-dan mədəd diləyərək, guya əzildiklərini, siyasi təqiblərə məruz qaldıqlarını, normal siyasi-ictimai fəaliyyət göstərməmələrini bildirirlər. Görəsən, radikal müxalifət bununla hansı "yarasını" sarımağa cəhd edir? Bütövlükdə, nəzərə alsaq ki, bu siyasi avantüraçılar zamanında ölkə müstəqilliyinin itirilməsi istiqamətində bütün xəyanət statuslarından keçiblər, onda ABŞ siyasi dairələrinin onları müdafiə etmələri maraqlı suallar ortaya qoyur. Məsələn, ABŞ-ın Azərbaycandakı səfirliyi, diplomatik korpusu, eləcə də, bu ölkənin xarici əlaqələr departamentinin təmsilçiləri zaman-zaman Müsavat, AXCP (i) kimi partiyaların sədrləri ilə görüşərək, onları müdafiə etmiş, heç bir səbəb olmadan özlərindən qərarlar çıxarıblar. Hətta bu, azmış kimi, rəsmi Vaşinqton adından qondarma bəyanatlar səsləndirərək, ölkəmizin daxili siyasətinə müdaxilələr ediblər. Məsələn, radikal müxalifətin keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyalara münasibətlərini bildirən ABŞ diplomatları bilavasitə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, anarxiyanı və dağıdıcılığı dəstəkləmiş olurlar. Bu isə, bütün mənalarda, heç bir diplomatiya çərçivəsinə sığmayan əlamətdir.
İşğalçı Ermənistana "altdan" sığal verən "demokratik" əllər
Bu gün ABŞ, yuxarıda vurğuladığımız kimi, digər dövlətlərin daxili işlərinə müdaxilə edərkən, Azərbaycan rəsmi olaraq hər hansı etiraz səsini ucaldırmı? Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyimiz ola-ola, niyə ABŞ-ın rəsmi siyasi dairələri bir neçə mövqedən çıxış edirlər? Niyə bu zamana qədər işğalçı Ermənistan dövlətinə yardımlar ayrılmaqla yanaşı, qondarma Dağlıq Qarabağ respublikası adlandırılan separatçı, terrorçu rejimə də altdan-altdan maaddi yardımlar göstərir? Hansı səbəbdən Azərbaycanın bir milyondan artıq qaçın vətəndaşları barədə beynəlxalq tribunalarda bir kələmə də olsun deyilmir, danışılmır?
Bütün bunların əksinə olaraq, ABŞ siyasi dairələrinin bir çox gizli məqamları "Wikileaks" saytı tərəfindən üzə çıxdı və bəlli oldu ki, sən demə, Ağ Evin işğalçı Ermənistan dövləti ilə daha sıx əlaqələri mövcuddur. Aparılan səfir danışıqlarından, üzə çıxan sənədlərdən kimin kim, haranın hara olduğu müfəssəl olaraq aydınlaşıb. Bu isə, onun deməyə əsas verir ki, bu günə qədər dünya dövlətlərinə və bütün bəşəriyyətə ABŞ DEMOKRATİYASI qismində sırınan məfhum sanki əfsanəymiş...
RÖVŞƏN NURƏDDİNOĞLU
P.S. Bu əfsanə elə bir əfsanədir ki, həmin əfsanənin reallığı özünü bütün çılpaqlığı ilə sərgiləyib. Daha dəqiq desək, ifşa edib. Sən demə, elə əsil ABŞ "demokratiyası" da bu imiş: ANTİ-DEMOKRATİK ABŞ-IN "DEMOKRATİK" SİYASƏTİ...