"Yaxın zaman kəsiyi İran İslam Respublikasının həm Fələstin, həm də Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyinin ortalığa qoymasına şərait yaratdı. İran İslam Respublikası prezidentinin BMT-də Dağlıq Qarabağ probleminə münasibət bildirməsi ilə bağlı məlumat yayıldı. Məlumatın saxtalığı rəsmi Tehran tərəfindən təkzib olunmadığı üçün bizim o məlumata istinad etməyə əsasımız var". APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.
Politoloq bildirir ki, rəsmi Tehranın fikrincə, Dağlıq Qarabağ problemi Azərbaycan və Ermənistan tərəfləri arasında dialoq vasitəsilə, sülh yolu ilə həll edilməlidir: "Rəsmi Tehran, eləcə də İranın alimləri, siyasətçiləri nəinki Dağlıq Qarabağın hətta indiki Ermənistanın ərazisinin böyük bir qisminin, o cümlədən paytaxt İrəvanın Azərbaycan ərazisi olduğunu çox gözəl bilirlər. hətta iranlı bəzi deputatlar İrəvana "17 müctəhidin qanının töküldüyü şəhər" adını veriblər. Bütün bunları bilə-bilə İran Qarabağ probleminin həllində sülh yolunu və dialoqu yeganə mümkün yol hesab edir. İran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əlində olan unikal coğrafi imkandan istifadə etməməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyü məsələsini heç dilinə gətirə də bilmir. Dağlıq Qarabağ məsələsində İranın təklif elədiyi dialoqun hətta Azərbaycanın ərazi bütövlüyünü də əhatə etdiyini ehtimal etmək olar.
Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas BMT-də Fələstin dövlətinin 1967-ci il sərhədlərində yaradılması məsələsini qaldırıb. 1967-ci il hüdudları o deməkdir ki, İsrail İranın siyasi və maliyyə dəstəyi ilə işğal etdiyi torpaqları geri qaytarmalıdır. Ərəb dövlətləri Fələstin Muxtariyyətinin bu təklifini dəstəkləyirlər, dəstəkləməyən yalnız İrandır. Əlbəttə, İranın dəstəkləyib-dəstəkləməməsi elə də ciddi əhəmiyyət kəsb etmir. Çünki ərəb dövlətləri başa düşürlər ki, İran ancaq müsəlmanlara zərər vura bilər, başqa heç bir şey əlindən gəlmir. Şah rejimi, istərsə də molla rejimi dövründə İran heç bir müsəlman dövlətinə yardım etməyib. Əksinə, müsəlman dövlətlərinin itkilərə məruz qalmasında İran birbaşa və ya dolayısı yolla iştirak edib.
İranın Fələstin məsələsindəki mövqeyi ən sərt mövqedir: "İsrail dövləti yoxdur, bu ərazilər Fələstin əraziləridir". İslam respublikası olan İranın bu mövqeyinin Qurani-Kərimə nə qədər uyğun olduğunu deyə bilmərik. Amma bir şey aydındır, İran Fələstin məsələsində ən kəskin radikal mövqedə olduğu halda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ən humanitar yolu təklif edir. Qurani-Kərimdə ərazi anlamında İsrailin adı olsa da, 150 ildən o tərəfə heç bir mənbədə indiki "Ermənistan" adlanan ərazilərin böyük bir qisminin, eləcə də Dağlıq Qarabağ ərazilərinin ermənilərə mənsubluğuna dəlalət edən heç bir mənbə yoxdur. İranın oxşar iki vəziyyətə kəskin polyar münasibət bildirməsinin səbəbi bizim üçün gözlənilməz deyil. Amma çox istəyərdik ki, rəsmi Tehranın özü bu suala cavab axtarsın; məsləhətdirsə, bu mövzuda həm öz adamlarına, həm də Azərbaycandakı beşinci kolonnasına izah versin.
Bir şeyi xüsusilə qeyd etmək istəyirik ki, Fələstin problemi barəsində ağız- dolusu danışan İranın Fələstin dövlətçiliyinə xərclədiyi pulun miqdarı hədsiz az olduğuna görə Tehran rəsmilərindən və din xadimlərindən heç kim bu məbləğin miqdarını hallandıra bilmir. Hesablama başlanğıcını 1948 və ya 1967-ci ildən götürməyimizdən asılı olmayaraq, Fələstin dövlətçiliyinin qurulmasına İranın xərclədiyi pulun miqdarı minimumdur. Fələstin və digər ərəb torpaqlarının işğalında İsrailə kömək etmiş İran pulunun miqdarı isə milyard dollarlarla ölçülür".