PDF Oxu

Araşdırma

  • 163

Amerika ermənipərəst mövqeyində

Amerika ermənipərəst mövqeyində

Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində israrlı olduqlarını bildirirlər. Hətta bununla bağlı çağırışlarla çıxış edib, bəyanatlar veriblər. Ancaq görünən odur ki, əməldə həmin beynəlxalq təşkilatlar münaqişənin həllində ikili yanaşma nümayiş etdirirlər. Əgər belə olmasaydı, 20 il davam edən mövcud münaqişə öz həllini çoxdan tapmış olardı. Xatırladaq ki, 1992-ci ildən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Amerika, Rusiya və Fransadan ibarət Minsk Qrupu fəaliyyətə başlayıb. Lakin bu günədək real nəticəni əldə edə bilməyiblər, yaxud da etmək istəməyiblər.

Bu gün də baş verən proseslər, onu deməyə əsas verir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də münaqişənin nizamlanması üçün diqqətə səbəb olan, amma reallığa çevrilməsi çətin görünən təklif və ideyalarla çıxış etməkdədirlər. Belə ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke Dağlıq Qarabağ probleminin həllində üç prinsipin əsas olduğunu vurğulayıb: Gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyünü qorumaq və xalqların öz müqəddəratını təyinetmə. Eyni zamanda, amerikalı həmsədr Dağlıq Qarabağ probleminin 6 element əsasında həllinə çalışdıqlarını bildirib. Bu elementlərdən birincisi, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məsələsidir. Doğrudur, Azərbaycan tərəfi bunda israrlıdır. Ermənistanın ali rəhbərliyi isə, prinsip etibarı ilə, buna razı olduğunu bildirir. Lakin təminat istəyirlər ki, Azərbaycan bu əraziləri geri aldıqdan sonra Dağlıq Qarabağa hər hansı bir təzyiq göstərməyəcək. Prinsip etibarı ilə, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məsələsində ermənilərin belə bir yanaşma tərzi var.

Digər elementləri şərh edən AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, ikinci vacib məqam Dağlıq Qarabağa keçid statusunun verilməsi ilə bağlıdır.

Millət vəkili qəzetimizə verdiyi açıqlamasında bu məsələdə Azərbaycan dövlətinin prinsip etibarı ilə buna razı olduğunu vurğulayıb: "Amma onun müddəti müəyyənləşməlidir. Həmin müddətə qədər 7 rayonun qaytarılması təmin edilməlidi. Azərbaycan danışıqların baş tutması və nəticənin əldə edilməsi naminə bu prinsiplərə etiraz etmir. Ermənistanın isə, keçid statusu ilə bağlı mövqeyi fərqlidir. Ermənilər hesab edirlər ki, Dağlıq Qarabağın taleyi referendum vasitəsilə öz həllini tapmalıdır. Ermənistan, faktiki olaraq, 2-ci prinsipin də baş tutmasına imkan vermir.

3-cü elementə aydınlıq gətirən AVP sədri bildirib ki, Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqələrin təmin edilməsidir. Buna Azərbaycan tərəfi etiraz etmir. Baxmayaraq ki, burada müəyyən təhlükəli məqamlar var. Azərbaycanın mövqeyi isə budur ki, bu əlaqələr olsun, amma beynəlxalq nəzarətdə olsun. Daha Ermənistandan Dağlıq Qarabağa əlaqə adı altında silah-sursat və digər təhlükəli şeylər keçirilməsin.

F. Ağamalı qeyd edib ki, 4-cü məsələ isə, Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli ilə bağlıdır. Bu məsələdə də Azərbaycan tərəfinin mövqeyi budur ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi və yekun həllində azərbaycanlılar da iştirak etməlidir. Köhnə status-kvo vəziyyəti bərpa edilməli və ondan sonra referendum ola bilər. Ermənistan tərəfi isə, indiki vəziyyətdə yekun həllində maraqlıdır və referendum keçirilməsini istəyir. Bu da, faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycanın əlindən alınmasına "hüquqi don" geyindirməkdən başqa bir şey deyil.

5-ci element məcburi qaçqın və köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması məsələsidir ki, Azərbaycan tərəfi bunda da israrlıdır.

Millət vəkili vurğulayıb ki, Ermənistan isə, bu məsələ ilə bağlı hələ ki, cürbəcür iddialar ortaya atır. Xüsusilə də, ermənilərin Azərbaycana köçürülməsi və digər məsələləri hallandırırlar. Bundan başqa, hesab edirlər ki, əvvəlki məsələ həllini tapmadan bu, mümkün deyil.

Nəhayət, 6-ci element bölgədə beynəlxalq təhlükəsizlik təminatlarının və sülhyaratma əməliyyatlarının həyata keçirilməsidir. Bu məsələdə də prinsip etibarı ilə, razılıq var, amma sülhyaratma tərkibinin müəyyən edilməsində fikir ayrılığı mövcudur. Yəni Ermənistan daha çox maraqlıdır ki, sülhməramlıların tərkibində əksəriyyəti ruslar təşkil etsin və yaxud da həmsədrlər, ümumiyyətlə, bu məsələdə iştirak etməsin. Ermənilər daha çox özlərinə yaxın olan dövlətlərin silahlı qüvvələrinin burada əksəriyyət təşkil etməsində maraqlıdır. Bütün bunları ATƏT-in Minsk Qrupunun amerikalı həmsədr Robert Bradtke ATƏT Parlament Assambleyasında çıxışı zamanı açıq şəkildə bildirib.

Göründüyü kimi, ermənilərin əsas niyyəti ondan ibarətdir ki, daha tez müddətdə işğal etdikləri Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə bağlı referendum keçirilsin və bu maraqları çərçivəsində olsun. Azərbaycan isə, problemin mərhələli şəkildə öz həllini tapmasını istəyir. Yəni əvvəl rayonlar boşaldılsın, sonra Dağlıq Qarabağa keçid statusu verilsin, daha sonra Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqələr təmin edilsin, qaçqın və köçkünlər öz yurd-yuvalarına qayıtsın, nəhayət, sonda isə, bölgəyə sülhməramlılar yerləşdirilsin. Yalnız bundan sonra Dağlıq Qarabağın yekun statusu müəyyənləşdirilsin. Ermənilər isə çalışır ki, yekun statusu ön plana keçsin. Və daha ilkin mərhələdə o həllini tapsın. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə, hələ ki, bu məsələdə işğalçı Ermənistanın mövqeyini dəyişə biləcək bir addım ata bilməyib, Yeniləşmiş Madrid prinsiplərində erməniləri razı sala bilməyiblər. Baxmayaraq ki, Azərbaycan dövləti, demək olar ki, özünün müsbət reaksiyasını Yeniləşmiş Madrid prinsipində nümayiş etdirib.


AYLANA RZAYEVA

Digər xəbərlər