PDF Oxu

Araşdırma

  • 841

Ermənistan ordusu dağılır

Ermənistan ordusu dağılır

Ermənistanda müxtəlif illərdə həlak olmuş əsgərlərin valideynləri prezident Serj Sarkisyanın iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər. Əsgər anaları, ictimai fəallar əllərində həlak olmuş əsgərlərin şəkilləri ilə prezidentdən əsgər ölümlərinə son qoyulmasını tələb ediblər. Yaxınlıqda çox sayda polis olsa da, onlar aksiya iştirakçılarına tələblərini səsləndirməyə mane olmayıblar.

Əsgər anaları prezidentdən onların qarşısına çıxıb övladlarının niyə həlak olmasına aydınlıq gətirməsini tələb ediblər. Onlar iddia edirlər ki, oğlanları hərbi xidmət zamanı hansısa bədbəxt hadisələrdən həlak olmurlar, sadəcə olaraq, onları qətlə yetirirlər. Aksiya iştirakçıları, həmçinin, həlak olmuş əsgərlərin cəsədlərində müxtəlif yaralar, zorakılıq izləri olan şəkillərini də qaldırıblar.

Övladını hərbi xidmətdə itirmiş Valeriya Muradyan deyib ki, onun oğlu Qarabağdakı hərbi hissələrdən birində yanacaq oğurluğunun şahidi olub. Onun iddiasına görə elə həmin şahidliyinə görə də onu aradan götürüblər: "Əgər prezident belə halların üstünün açılmasını istəmirsə, ya da buna gücü çatmırsa, istefa versin. Bizi ələ salmaq artıq yetər!"

Əsgər analarının tələblərinə baxmayaraq, prezident Serj Sarkisyan onların qarşısına çıxmayıb. Onun əvəzinə Müdafiə Nazirliyinin rəsmisi aksiya iştirakçılarının yanına gəlib. O, aksiya iştirakçılarına hərbi polisə getməyi təklif edib. Dediyinə görə orada bütün hərbi istintaq idarələrinin rəhbərləri toplaşıb və əsgər valideynlərinin bütün suallarına cavab verməyə hazırdırlar.

Amma valideynlər yalnız prezidentlə görüşmək istədiklərini deyərək, onun təklifindən imtina ediblər. Onlar bildiriblər ki, həmin müstəntiqlər illərdir əsgər qətllərini araşdırılar, indiyə qədər ortaya bir şey çıxara bilməyiblər, işləri yalnız valideynləri aldatmaqdır. Prezidentin iqamətgahında da heç kimlə görüşə bilməyən əsgər anaları yenidən bura etiraz aksiyasına gələcəklərini deyərək dağılışıblar.


Erməni ordusu atəşkəs dövründə 1500 hərbi qulluqçusunu itirib


Ümumiyyətlə, Yerevanda qeyri-döyüş itkilərinə görə ictimai etirazlar aylardır davam edir. Yerli hüquq-müdafiə fəallarının məlumatına görə, 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından bəri Ermənistan ordusu 1500 hərbi qulluqçusunu itirib. Onlar əlavə edirlər ki, bütün Qarabağ müharibəsi dövründə isə ermənilər 6 min əsgər itiriblər.

Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirir ki, onlar 2005-ci ilin sentyabrından 2011-ci ilin sentyabrına qədər əsgərlər arasında 306 ölüm halı qeydə alıblar. Təkcə son 4 ildə həlak olan əsgərlərin sayı 228 nəfər olub. Onların da yalnız 32 nəfəri atəşkəsin pozulması nəticəsində həyatını itirənlərdir.

Son bir ildə bir neçə dəfə müdafiə naziri və prezident əsgər ölümləri ilə bağlı bütün halların diqqət mərkəzində olduğunu, orduda belə halların ildən-ilə azaldığını desələr də, əsgərlərin həlak olması hallarına ictimai etirazlar da səngimir. Ermənistan ordusunda təkcə son beş gündə 3 əsgər həlak olub.

Erməni ordusunda əsgərlərin kütləvi fərarilik halları artır


Ermənistan ordusuna ildə iki dəfə çağırış olsa da, mətbuatın yazdıqlarına görə, 2004-cü ildən bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Əvvəllər hər çağırışda 16-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 10 min nəfərə düşüb. Çağırışçı çatışmazlığı səbəbindən mülki vətəndaşlar belə döyüş mövqelərinə göndərilir. Cəbhəyanı bölgələrin sakinlərinə silah paylanır və onlar ayda 50 dollara, 15 gün üçün posta çıxırlar.

"Ermənistan Əsgər Anaları Cəmiyyəti"nin açıqladığı hesabatlarda işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Qarabağdakı hərbi hissələrdə isə "dedovşina", xəstəliklər, narkomanlıq, homoseksualizm baş alıb gedir.

Yaranmış durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. İşğalçı ölkənin zəbt edilmiş Azərbaycan ərazilərində olan hərbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemlər ortaya çıxır. Son aylarda erməni ordusunda yaşanan rüsvayçı olaylar durumu anlamağa yetəcək qədərdir.


Elçin Bayramlı

Digər xəbərlər