PDF Oxu

Araşdırma

  • 29

Ermənistan dünya birliyindən təcrid olunur

Ermənistan dünya birliyindən təcrid olunur

İsveç parlamentində Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi faktı ilə bağlı qərarın qəbul olunması gözlənilir. Bundan sonra digər dövlətlər də bu tendensiyanı davam etdirə bilərmi? Ermənistanın xarici ölkə parlamentlərində işğalçı dövlət kimi tanınması onun hüquqi məsuliyyətə cəlb edilməsinə gətirib çıxara bilərmi? Mümkündürmü ki, bizə yaxın olan qonşu dövlətlər İran və Rusiya da Ermənistanı işğalçı dövlət kimi tanısın? Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Cümşüd Nuriyevə müraciət etdik.

Politoloq Cümşüd Nuriyev bizimlə söhbətində bildirdi ki, İsveç parlamentində Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal faktı ilə bağlı qərarın qəbul olunması, Azərbaycanın xarici siyasətinin uğurudur. Əgər İsveç parlamenti Ermənistanla bağlı belə bir qərar versə, burada həm Avropa Birliyinə daxil olan digər dövlətlər, həm də birliyə daxil olmayan dövlətlər də bu addımı atacaqdır. Bunun son nəticəsi isə Ermənistana həm siyasi təzyiq göstərmək üçün, həm də işğalçı ölkə barədə digər sanksiyaların tətbiq olunması üçün hüquqi baza yaratmış olar. Təbii ki, işğalçı ölkə olan Ermənistanla bağlı belə bir addımın atılması çox yaxşı olar.

Ermənistanın xarici ölkə parlamentlərində işğalçı dövlət kimi tanınması onun hüquqi məsuliyyətə cəlb edilməsinə gətirib çıxara bilər. Çünki 2008-ci ilin mart ayında BMT-nin Baş Assambleyasında Ermənistanın işğalçı ölkə olması barədə qərar qəbul olunub. AŞ PA-nın da Ermənistanla bağlı belə bir qərarı var. Bir sözlə, işğalçı ölkə ilə bağlı qərarın qəbul olunması üçün hüquqi baza və bütün şərtlər mövcuddur. Dünya, adətən, belə məsələlərə ikili standartla yanaşır. Hələ ki, Azərbaycanın haqq işinə münasibət ikili standartlardır. Amma bu, bizi heç də çəkindirməməlidir. Təbii ki, hər bir məsələdə müəyyən çətinliklər olur. Onsuz da dünya ölkələri gec-tez Ermənistanın işğalçı ölkə olduğunu qəbul edərək, onun cəzalandırılmasını tələb edəcək.

Düşünürəm ki, Rusiya dövləti heç bir zaman Ermənistanı nəinki işğalçı dövlət kimi tanımaq, hətta bu barədə heç qərar da qəbul edən deyil. Çünki Rusiya Qafqazı əldə saxlamağı, eyni zamanda, hər zaman Türkiyəyə qarşı bir qorxu törətmək üçün Ermənistan ona çox lazımdır. Yəni, Rusiyanın əlində Ermənistan bir alətdir. İrana gəlincə isə, bu gün İranın problemləri böyükdür. Yəni, İran bölgədə tamamilə təklənib. Bildiyiniz kimi, İranda bozbaş mollaların səviyyəsi və zəif dövlətçilik var. Demək olar ki, sözügedən ölkədə islamın özü də kifayət qədər təhdid altındadır. Digər tərəfdən isə, bizə qonşu dövlət olan İran heç bir zaman Azərbaycanın inkişafını istəməyib. Çünki nədənsə İran bu məsələdə Azərbaycanı özünə bir təhlükə kimi görür. Düşünürəm ki, bu, bir tərəfdən Azərbaycan üçün yaxşıdır. Çünki Azərbaycan güclü bir dövlət olduğuna görə İran bundan çəkinir. Amma ikinci tərəfdən, bu, həm də bizim üçün bir problemdir ki, bizim yaxın qonşumuz öz-özünə havalanaraq, Azərbaycanı özünə düşmən görür. Ona görə də İran dövləti Ermənistana qucaq açır. Bir sözlə, Rusiya və İranın Ermənistanı işğalçı dövlət kimi tanıması qərarının qəbul edəcəyinə inanmıram. Yəni bu iki dövlətin heç biri Ermənistanı işğalçı ölkə kimi tanımayacaq.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər