Avropada bir sıra separatçı hərəkatlar ölkələrin ərazi bütövlüyünə, sülh və sabitliyə təhlükə yaradır. Bu barədə AŞ PA-nın "Müasir beynəlxalq hüquqda milli suverenlik və dövlətçilik: aydınlaşdırmaya ehtiyac" adlı 1832 saylı qətnaməsində qeyd olunub. Qətnamədə milli suverenlik və dövlətçilik anlayışlarının son illər ərzində tərəqqisinin müşahidə olunduğu vurğulanmaqla yanaşı, ümumilikdə, dövlətçilik meyarının müasir beynəlxalq hüquqda aktual məsələlərdən biri olduğu və Avropa Şurasına üzv ölkələrdə bir sıra ərazilərin müstəqil dövlət kimi tanınmağa cəhd etdikləri vurğulanır.
Qətnamədə qeyd olunur ki, AŞ PA-nın bütün ölkələri qanunsuz ayrılma nəticəsində formalaşmış de-fakto hakimiyyət və əraziləri hər hansı formada tanımaq və ya dəstəkləməkdən çəkinməlidir. Qətnamə, eyni zamanda, beynəlxalq hüququn milli azlıqların öz müqəddəratını təyinetmə hüququnu tanımış olsa belə, bu hüququn avtomatik ayrılmaya şərait yaratmadığını vurğulayır.
Qeyd edək ki, Ermənistanın AŞ PA-dakı nümayəndə heyəti Qətnamə layihəsinə çoxsaylı düzəlişlər (öz müqəddəratını təyinetmə prinsipinin əhəmiyyətinə və de-fakto ərazilərin tanınmasının təşviq edilməsinə istinad edilən) etməyə cəhd etsələr də, səsvermə nəticəsində sözügedən düzəlişlər qəbul olunmayıb.
"Qarabağ problemi Avropada həlli mümkün olan münaqişələrdən biridir"
Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına köməyi davam etdirir, lakin hər iki xalq razılığa gəlməyə çalışmalıdır. Bununla yanaşı, RF rəhbəri Dağlıq Qarabağ probleminin Avropada həlli mümkün olan bəzi "dondurulmuş münaqişələr"dən biri olduğunu qeyd edib.
Gənclərlə görüşdə Medvedev etiraf edib ki, Dağlıq Qarabağ münaqişəsində real çətinliklər, hüquqi konstruksiyaların müxtəlif cür anlaşılması, maraqların müxtəlif yığımı mövcuddur.
"Rusiya, şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək. Bu iş davam etdiriləcək", - RF Prezidenti deyib. Onun fikrincə, lakin "nəticədə nizamlama - bu, çox çətin, eyni zamanda, həll olunan problem iki xalqın və iki prezidentin xoş niyyətindən asılıdır, əgər onlar bir-birlərini eşidərlərsə, azacıq bir-birinə doğru irəliləyərlərsə və kompromis taparlarsa".
Azərbaycanın ərazi bötüvlüyü beynəlxalq aləmdə tanınır
Qeyd etmək lazımdır ki, Azərbaycan işğal olunmuş ərazilərində yaradılan separatçı qurumun və onun strukturlarının qeyri-qanuniliyi beynəlxalq səviyyədə dəfələrlə birmənalı şəkildə bəyan edilib. BMT Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü təsdiqləyib. Təşkilat, həmçinin, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və təcavüzkar qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Digər beynəlxalq təşkilatlar da oxşar mövqe tutub. Beynəlxalq birliyin üzvü olan heç bir dövlət, hətta Azərbaycanın işğal olunmuş ərazilərinə nəzarət edən və separatçı qurumun yaşaması üçün ona iqtisadi, siyasi və hərbi dəstək verən Ermənistan belə separatçı qurumun müstəqilliyini tanımayıb.
Təəssüflər olsun ki, BMT öz qətnamə və qərarlarının icrasını təmin edə bilmir. TŞ üzvü olan böyük dövlətlər təşkilatın bəzi qərarlarının yerinə yetirilməsində maraqlı görünmürlər. Bu da dünyada hələ də ikili standartların hökm sürdüyünü və bunun qlobal məsələlərə yanaşma kontekstində problem yaratdığını göstərir.
Bakı problemin həllini necə görür?
Xatırladaq ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələblərini irəli sürür.
Bakı Dağlıq Qarabağın Azərbaycan çərçivəsində özünü idarəetmə statusunun müəyyən edilməsi üçün bir neçə prinsipial şəraitin yaradılmasını labüd sayır. İşğal olunmuş ərazilərdə bu gün mövcud olan reallıqda ərazinin statusunu müəyyən etmək cəhdlərini beynəlxalq hüquq normaları, sülh, demokratiya, regionun stabilliyi və əməkdaşlıq ideyalarına ziddir. Bakı hesab edir ki, Dağlıq Qarabağın Azərbaycan çərçivəsində özünü idarəetmə statusu ilə bağlı danışıqlara başlamazdan öncə müəyyən önəmli addımlar atılmalıdır.
Birincisi və ən vacibi, hərbi işğal faktoru münaqişənin həlli kontekstindən çıxarılmalıdır. Ermənistan işğal olunmuş ərazilərdən hərbi qüvvələrini tam çıxarmalıdır. Ərazilərin qaytarılması prosesinin uzadılması onsuz da mürəkkəb durumda olan münaqişənin həllini daha da çətin durma sala bilər. İşğal olunmuş ərazilərin azad olunmasından sonra, məcburi köçkünlər rahat və təhlükəsiz şəraitdə Dağlıq Qarabağ və ətraf rayonlara qayıtmalıdırlar. Bundan sonra regionun iqtisadi inkişafına start verilməli və bütün kommunikasiya xətləri açılaraq hər iki tərəfin istifadəsinə verilməlidir.
Ermənistanın beynəlxalq öhdəlikləri
İşğal altında olan ərazilərdə vəziyyət beynəlxalq hüquqda 3 sənədlə tənzimlənir: 1907-ci ildə qəbul olunan "Haaqa Əsasnaməsi", 1949-cu ilin "Müharibə vaxtı mülkü vətəndaşların qorunması haqqında Cenevrə Konvensiyası" və həmin konvensiyaya 1977-ci ildə edilən 1-ci Əlavə Protokol vasitəsi ilə təmin olunur. Ermənistan bu 3 sənədi ratifikasiya edib, ona görə də beynəlxalq hüquq sisteminin üzvüdür.
Hesabatlarda Ermənistanın beynəlxalq hüquq normasına görə işğalçı olmasını sübut edən faktlar sırasında rəsmi Yerevanın çox istinad etdiyi 1975-ci il Helsinki Yekun Aktından da istinadlar gətirilir. Qeyd olunur ki, iştirakçı dövlətlər bir-birinin ərazisini işğal etməkdən çəkinməlidir və ya beynəlxalq hüquq normalarına zidd olaraq zor tətbiq etməklə, təhdid etməklə əraziləri işğal etməməlidir. Heç bir işğal və bu tipli torpaq əldə etmək cəhdi qanuni sayılmır.
Ermənistanın Azərbaycan ərazisinin işğal edən dövlət olduğunu sübut edən faktlar sırasında "Human Rights Watch" təşkilatının 1994-cü ildə hazırladığı hesabata, BMT-nin İnsan Haqları və İqtisadi, Sosial Mədəni Hüquqlar Komitələrinin rəsmi sənədlərinə, ABŞ Dövlət Departamentinin illik hesabatlarına, "Freedom House"-nin 2006-ci il hesabatına, Beynəlxalq Böhran Qrupunun 2005-ci il hesabatına, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il qətnaməsinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və Baş Assambleyanın 14 mart 2008 ildə Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı 62/243 saylı qətnaməsinə və Avropa Parlamentinin 2010-cu ildə qəbul etdiyi qətnaməyə istinad edilir.
Beynəlxalq hüquq normalarına əsasən, Ermənistanın hərəkətlərinə dair 21 maddədən ibarət öhdəliklər düşdüyü müəyyən olunub. Onların sırasına Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarındakı hərəkətlərinin beynəlxalq humanitar hüquq bəndlərinə şamil olunduğu, həmin ərazilər üzərində rəsmi suverenitetin yaradılmasının beynəlxalq hüquqla mümkün olmadığı, itkin düşmüş 4210 Azərbaycan vətəndaşına görə məsuliyyət daşıdığını və hərbi cinayətlərdə iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi daxildir.
Elçin Bayramlı