PDF Oxu

Araşdırma

  • 43

Ermənistan ənənəvi ampluada

Ermənistan ənənəvi ampluada

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılan Alt Komitədə Ermənistan nümayəndə heyətindən hansısa bir konstruktiv mövqe gözləmək ən azından, mümkün deyil. Çünki Serj Sarkisyan ciddi-cəhdlə öz aqressiyasını, indiki status-kvo vəziyyətini qoruyub saxlamağa və beynəlxalq ictimaiyyəti ənənəvi taktikasına uyğun olaraq, aldatmağa çalışır. Rəsmi Yerevanın öz düşüncə tərzinə uyğun müəyyənləşdirdiyi bir xətt var və bu xətt üzrə işğalçı Ermənistan çalışır ki, indiki vəziyyəti qoruyub saxlasın. Ermənistan nümayəndə heyəti çox yaxşı bilir ki, AŞPA-da keçirilən müzakirələr zamanı Azərbaycan tərəfinin gətirdiyi fakt və arqumentlər çox əsaslı olacaq və bununla da, Ermənistanın işğalçılıq siyasəti tamamilə ifşa ediləcək. Ona görə də, ermənilər bu prosesi boykot etmək istəyirlər, iclasa gəlmirlər, heç bir müzakirələrdə iştirak etmirlər.

Qəzetimizə açıqlamasında politoloq Elman Nəsirli AŞPA-nın Ermənistanın bu tip oyunlarına hələ ki, çox laqeydcəsinə yanaşdığını vurğuladı: "Nə qədər ki, beynəlxalq təşkilatların bu prosesə yanaşmasında ikili standartlar qalacaq, sırf özlərinin maraqları konteksində qarşı tərəfin maraqları nəzərə alınmayacaq, o zamana qədər də münaqişə həll olunmamış qalacaq".

E.Nəsirov belə məqamların heç bir halda beynəlxalq qurumların imicinə müsbət nəticə gətirmədiyini qeyd edib. Əslində, AŞPA Ermənistan tərəfinin ikili mövqeyindən və iclası boykot etdiyinə görə işğalçı ölkəyə çox ciddi təsir etməli idi. Amma çox təəssüf ki, bunun şahidi olmamışıq.

Dağlıq Qarabağda ermənilər tərəfindən narkotik maddələrin əkilib becərildiyini bildirən politoloq qeyd edib ki, bununla bağlı beynəlxalq qurumda qərar qəbul olunarsa, bu, çox müsbət hal olardı. Çünki nəzarətdən kənarda qalan bütün ərazilər narkotiklərin qeyri-qanuni dövriyyəsi üçün çox münbit bir ərazidir. Bu baxımdan Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxmış ərazidir. Başlanğıcı Əfqanısatandan götürülən maddələr tranzit yolla İrana daxil olaraq, oradan da nəzarətimizdən kənarda qalan Dağlıq Qarabağ ərazisinə daxil olur. Dağlıq Qarabağdan Ermənistana, daha sonra isə, Avropaya yayılır.

Politoloq onu da vurğulayıb ki, dünyada ən çox gəlir gətirən üç sahə var. Onlardan birincisi, silah, ikincisi, narkotiklərin qeyri-qanuni dövriyyəsi, üçüncüsü isə, insan alveridir. Bütün bu amillərin hamısı ilə terrorizmi dəstəkləyən işğalçı Ermənistan məşğul olur. Beynəlxaq qurumlar narkotiklərin alışı və satışı ilə bağlı araşdırma aparsalar, ilk növbədə, Dağlıq Qarabağ ərazisinə baxsalar, daha yaxşı olar. Çünki o zaman hər şeyi öz gözləri ilə görəcəklər.

Politoloq qeyd edib ki, bu məsələ AŞPA tərəfindən təsdiqlənərsə, nəticə etibarilə, Ermənistana qarşı müəyyən təzyiqlərin işə salınmasına gətirib çıxarar. Cinayətkar cəzalandırılmayanda, növbəti cinayətlərə meyilli olur. Hesab edirəm ki, bu sənədlər AŞPA-da qəbul edildikdən sonra, artıq Ermənistana qarşı konkret cəzalar tətbiq edilməlidir. Əgər bunlar alınmazsa, o zaman belə qənaətə gəlmək olar ki, AŞPA yalnız boş söz yığınından ibarətdir. Ermənistan isə, bunun fərqində olacaq və ondan sonra da yeritdiyi işğalçılıq siyasətini davam etdirəcək.

E.Nəsirov vurğulayıb ki, AŞPA-nın bir nömrəli missiyası ondan ibarətdir ki, Avropa ölkələrində demokratiyanın, plüralizmin, insan hüquq və azadlıqlarının qorunmasına nail olsun. Bir çox ölkələrdə bu və ya digər insan hüquq və azadlıqlarının pozulması ilə bağlı AŞPA dəfələrlə öz mövqeyini bildirib və haqsızlığı, ədalətsizliyi çox kəskin şəkildə pisləyib. Amma məsələ ondadır ki, Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Bir milyondan artıq əhalisi məcburi qaçqın və köçkün vəziyyətində yaşayaraq öz doğma yurd-yuvasından didərgin düşüb. Bəs insan hüquq və azadlıqlarının qorunmasını özündə şüara çevirmiş AŞPA buna niyə hər hansı bir ciddi reaksiya göstərmir, cəzaya layiq cinayətkarı cəzalandırmır. Bu anlaşılmaz, qeyri-dəqiq mövqe bizdə çox təəssüf hissi doğurur. Axı nə qədər indiki vəziyyət dəyişməz olaraq qalacaq, insanlarımız öz doğma yerlərindən uzaq düşərək qaçqın vəziyyətində yaşayacaq. Bütün beynəlxalq qurumlar, söz sahibi olan Avropa dövlətləri buna niyə göz yumur, işğalçıya qarşı müəyyən işlək mexanizmlərini yaratmır.

Politoloq bu tip beynəlxalq qurumların yürütdüyü siyasətin müəyyən hallarda həqiqətə, reallığa söykənmədiyini vurğuladı. Nə qədər ki, dünyada ikili standartlar var, heç bir münaqişə öz real həllini tapa bilməyəcək, ən azından, tapması mümkün deyil. Belə bir vəziyyət beynəlxalq təşkilatların imicinə mənfi mənada çox böyük təsir edəcək.


AYLANA RZAYEVA

Digər xəbərlər