Getdikcə ağır, iqtisadi böhran içində yaşayan Ermənistanda pul qazanmaq üçün əhalinin ölkədən köç etməsi prosesi hər gün artmaqdadır. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu "Səs" qəzetinə verdiyi açıqlamasında işğalçı ölkənin statistika vəziyyətinin bərbad olduğunu bildirdi: "Əgər ötən il Ermənistanı 20 min ailə tərk etmişdisə, 2011-ci ilin ilk 9 ayında gedənlərin sayı 32 min nəfərdən çox olub. Ermənistanı hətta yüksək vəzifəli şəxslər də tərk etməyə başlayıblar. Bu da onların ölkələrinin gələcəyinə inamsızlığının göstəricisidir. Yoxsa eşşək belində ağalıq edən niyə koxasından uzaqlaşsın. Vəziyyət o yerə çatıb ki, hətta ölkə prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan da ABŞ-a köçməyə cəhd göstərib".
M.Əhmədoğlu, eyni zamanda, "dabanına tüpürüb qaçanlar"ın siyahısında Ermənistanın milli təhlükəsizlik xidmətinin yüksək rütbəli zabiti Vardan Yeqiazaryanın da olduğunu vurğulayıb: "Ermənistanın "Aykakan jamanak" qəzetində bu barədə yazılır ki, Ermənistan milli təhlükəsizlik xidmətinin kadrlar şöbəsinin rəisi Vardan Yeqiazaryan asanlıqla "Green kard" əldə edərək, birdəfəlik ABŞ-a köçüb". Nəzərə alsaq ki, bu cür yüksək rütbəli məmur Ermənistan təhlükəsizlik xidmətinin kadr bazasından-agentlərdən tutmuş xaricdəki casuslara qədər hamısından məlumatlıdır. Çünki ABŞ-da ifşa olunmuş rus casusları ilə bağlı sonuncu qalmaqaldan sonra belə bir məlumat yayılmışdır ki, bu barədə informasiya məhz Ermənistan milli təhlükəsizlik xidmətindən sızıb. Yalnız bundan sonra casuslar şəbəkəsi tamamilə ifşa olunub".
Politoloq Ermənistanda sosial-iqtisadi durumun getdikcə daha da pisləşdiyini bildirərək, işğalçı ölkədə mövcud rejimin işsizlik və yoxsulluq səbəbilə gənc və orta yaşlı təbəqənin ölkəni tərk etməsinin qarşısını almaq iqtidarında mümkünsüz olduğunu vurğuladı. Çünki aclıq və səfalət içində olan insanlar iş axtarmaq üçün başqa ölkələrə üz tutmaq məcburiyyətindədirlər. Elə bunun nəticəsidir ki, işğalçı ölkədə yaşlı əhalinin sayı durmadan artır: "Bu gün Ermənistanda təqaüdə çıxanlar (63 yaş və yuxarı) hazırda əhalinin 11,2 faizini təşkil edir. Ermənistanın Əmək və İctimai Təhlükəsizlik Nazirliyinin proqnozlarına görə, bu göstərici 2018-ci ildə 13,3, 2050-ci ildə isə 25,7 faiz olacaq. Bu, eyni zamanda, işğalçı ölkədə əmək qabiliyyətli əhalinin sayının azalması deməkdir. Statistik göstəricilərə əsasən, məlum olur ki, hazırda Ermənistanda ümumi əhalinin 70,6 faizini təşkil edən əmək qabiliyyətli əhalinin sayı 2050-ci ildə 57,6 faizədək enəcək. Beləliklə, görünən odur ki, Ermənistan hakimiyyəti vətəndaşları aclıq və səfalətdə saxlamaqda israrlıdır. Ermənistandakı yoxsulluqla bağlı müxtəlif beynəlxalq təşkilatların, eləcə də, Dünya Bankının açıqladığı hesabatlarda yer alan rəqəmlər də bunu təsdiq edir. Məsələn, Dünya Bankının məlumatına görə, Ermənistanda 2009-cu ildə yoxsulluğun səviyyəsi 28,7 faiz, ifrat yoxsulluq isə 6,9 faiz olduğu halda, cari ildə bu rəqəm 34,1 faiz təşkil edir. Lakin yoxsulluğun artmasına baxmayaraq, ölkədə əhaliyə verilən sosial yardımlar azalıb. Göründüyü kimi, təcavüzkar ölkənin vəziyyətdən yeganə çıxış yolu işğalçı siyasətdən imtina və regionda sülhü qoruma təşəbbüslərinə yardım etməkdir".
Aytən Səmədova