Son zamanlar İran-Ermənistan münavsibətləri ilə bağlı mətbuatda müxtəlif fikirlər səslənir. Siyasi Texnologiya və İnnovasiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu "Səs" qəzetinə verdiyi açıqlamasında məsələ ilə bağlı münasibətini bildirib: "İranın xarici işlər naziri Əli Əkbər Salehinin Ermənistana qəfil səfəri Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi kontekstindən diqqət çəkməli idi. Çünki uzun müddətdir ki, İran real imkanlara malik olduğu halda bu işlə məşğul olmur, aşkar ermənipərəst mövqedə dayanıb".
M.Əhmədoğlunun sözlərinə görə, İranın xarici işlər nazirinin Ermənistana səfərinə təkcə Dağlıq Qarabağ münaqişəsi aspektindən yanaşmaq məsələni sadələşdirmək olardı: "İranın Ermənistandan, nəzəri-ideoloji baxımdan Ermənistanın bağlı olduğu qurumlardan asılı olması məsələsi də diqqətdə olmalıdır. İran özünü güclü dövlət kimi göstərsə də, əslində, çox zəifdir. Salehinin Ermənistana qəfil səfərinin əsas mahiyyəti də elə burada axtarılmalıdır. Amma biz İranın bu qədər aciz olmasını heç ağlımıza da gətirə bilməzdik. Bir günlük səfəri zamanı Ermənistanda 4 görüş, 1 mətbuat konfransı keçirən Salehi bir dəfə də olsun, heç bir kontekstdə Dağlıq Qarabağ terminini işlətmədi. Salehinin Yerevandakı tədbirləri ilə bağlı Ermənistan və İran mətbuatında yayılmış xəbərlərin böyük əksəriyyəti ilə tanışlığımız bunu deməyə tamamilə əsas yaradır. Hətta jurnalistlərdən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı sual verən kimi Salehi ermənistanlı həmkarına işarə edərək, mətbuat konfransını bağlı elan etdirdi".
Politoloq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində İranın mövqeyinin Əhmədinejadın prezidentliyi dövründə kəskin şəkildə dəyişdiyini dəfələrlə bəyan etdiyini xatırladıb: "Əvvəlki prezident Xatəmi Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyə bildiyi halda, indiki prezident sanki o dövrdəki İranın mövqeyinə görə Ermənistandan üzr istəmək kursu götürüb. Xatəmi Yerevan Dövlət Universitetində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kontekstində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və universitetin professor, müəllim və tələbə heyətinə bu fikrinə əl çaldırdı. İndiki prezident isə Azərbaycanın ərazi bütövlüyünün adını belə tuta bilmir. Ötən ay DQ-də keçirilən yerli "seçkilər"i Rusiya, ABŞ, Fransa, Türkiyə, Gürcüstan, Avropa Birliyi, AŞPA və digərləri pislədikləri halda, İran səsini çıxartmadı. Fələstin məsələsi ilə müqayisədə Dağlıq Qarabağ məsələsində İranın mövqeyi tamamilə rüsvayçıdır".
M.Əhmədoğlu hesab edir ki, Salehinin Ermənistana səfərini rəsmi Yerevana yarınmaq, imdad diləmək səfəri kimi dəyərləndirmək daha düzgündür: "Ermənistandan yardım almaq üçün İran tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində müsəlmançılığı alver predmetinə çevirib. Görünür, Ermənistan sövdələşmənin zəruriliyini nəzərə aldığı üçün İrandan Azərbaycan Respublikasının əleyhinə söz deməyi tələb etməyib. Əks-təqdirdə İran Yerevanda Azərbaycan Respublikasının əleyhinə aşkar bəyanatlar verə bilərdi. Dağlıq Qarabağ münaqişəsinin 23 yaşının olduğunu xatırladan M. Əhmədoğlunun fikrincə, münaqişənin həllinin bu qədər uzanmasının bir səbəbi xristian faktoru, digər səbəbi böyük güc mərkəzlərinin bir-biri ilə dil tapa bilməməsidirsə, mühüm faktorlardan biri də bu münaqişənin İranın qonşuluğunda olmasıdır: "Azərbaycan beynəlxalq güclərin və erməni lobbisinin yaratdığı Dağlıq Qarabağ münaqişəsinin özünə olan ölümcül təsirini neytrallaşdırdı. İndi, artıq proseslər tədricən Azərbaycanın xeyirinə dəyişir və Azərbaycanın Ermənistanı üstələməsi prosesi davam edir. Azərbaycan dövləti torpaqlarının 20%-nin işğal altında olmasına baxmayaraq, inkişaf edir. 20 il bundan qabaqkı Azərbaycanla indiki Azərbaycanın müqayisəsi hər şeyi deyir. 20 il bundan qabaqkı İranla indiki İran arasında nə fərq varsa, bu, birinci növbədə, Qarabağ münaqişəsinə görədir. Rəsmi Tehrandakı antiazərbaycançılıq o qədər güclüdür ki, onlar özlərinin zəifləməsinə baxmayaraq, həmişə ümid ediblər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasını ya sıradan çıxaracaq, ya da inkişafına imkan verməyəcək. Buna görə də İran öz qonşuluğunda beynəlxalq güclərin dəstəklədiyi və xristian faktoruna söykənən belə münaqişəyə dözdü. Bu da nəticəsi: beynəlxalq güclərin təzyiqinə məruz qalan İran indi müəyyən məsələlərə görə Ermənistana möhtacdır. İranın xarici işlər naziri Ermənistan diasporunu tərifləyib, göylərə qaldırır. Salehinin bu səfəri və digər addımları ilə İran İslam Respublikası Cənubi Qafqaz regionundakı Azərbaycanın xeyirinə formalaşmış güc balansında Ermənistanın payını artırmağa çalışsa da, onun bu səyinin də nəticəsiz qalacağını indidən demək mümkündür".
Aytən Səmədova