PDF Oxu

Araşdırma

  • 373

“Amnesty İnternational”ın növbəti böhtanı

“Amnesty İnternational”ın növbəti böhtanı

Xaricdə fəaliyyət göstərən bir sıra təşkilatlar ölkəmizdə mövcud olan iqtisadi yüksəlişi, xalqın firavan həyatını, nəhəng quruculuq işlərini müəyyən dairələrdən aldıqları rüşvətlər hesabına pərdə arxasına keçirmək niyyəti güdməkdə davam edirlər. Qondarma, heç bir əsası olmayan bəyanatlar səsləndirməkdə, hesabatlar yaymaqda davam edən həmin təşkilatlardan biri də "Amnesty İnternational" adlı qurumdur ki, bu qurumun maliyyə qaynağının Qərbdəki erməni lobbisi olduğu dəfələrlə sübuta yetirilib.

Maraqlı faktlardan biri də odur ki, "Amnesty İnternational" bu günə qədər bir dəfə də olsun çökməkdə olan Ermənistan dövlətinin yaşadığı acınacaqlı vəziyyətdən, xalqın səfalət və aclıq içində yaşamasından, korrupsiyadan, cinayətlərdən söz açmayaraq, əsil həqiqətdən nə qədər kənar olduğunu nümayiş etdirib. Bu isə, onu deməyə yetərincə əsas verir ki, bu tipli təşkilatların məqsədləri insanların dərinə qalmaq deyil, rüşvət və çirkli pullar qazanmaq məqsədilə böhtanlar yağdırmaqdır. Burada isə onlara, yuxarıda qeyd etdiyimiz kimi, xaricdə fəaliyyət göstərən erməni lobbisi sifarişli dəstək verir.


Özü-özünü təkzib edən hesabat


Eləcə də, "Amnesty İnternational"ın yaydığı hesabatda bir-birini təkzib edən cümlələr də mövcuddur. Məsələn, "artan firavanlığa baxmayaraq, Azərbaycan vətəndaş və siyasi azadlıqların boğulmasının girdabına yuvarlanıb" kimi qondarma ifadə işlədən təşkilata sual etmək lazımdır ki, əgər bir ölkədə firavanlıq mövcuddursa, korrupsiyanın, vətəndaş azadlığının boğulması necə baş verə bilər?!

Eləcə də, erməni lobbisindən maddi qaynaq alan təşkilatın ermənilərin dəyirmanına su tökən radikal müxalifətlə ilə iş birliyinə girib seçkiləri "saxtalaşdırmasından" danışması, medianın "azad olmamasını" sərsəmləməsi hiddət doğurmaya bilməz. Maraqlıdır, bir ölkədə kifayət qədər media qurumlarının fəaliyyət göstərməsini görməməzliyə vuraraq, ağlına gələn hesabatı yazan "Amnesty İnternational" nəyə görə təmsil olunduğu Qərb mühitində baş verən media zorakılığı barədə bir kəlmə də olsun ifadə etmir? ABŞ-da, Böyük Britaniyada polisin vətəndaşlara qarşı göstərdiyi "sıfır dözüm" kampaniyası barədə nəyə görə hesabat yazmır?

Belə ki, qondarma təşkilatın hesabatında deyilir ki, Azərbaycanda jurnalistlər və bloggerlər kimi insan haqları müdafiəçiləri də hakimiyyəti açıq tənqid etdikləri üçün guya hər hansı bir təhdidlərlə üzləşirlər (?!) Amma təşkilatın hesabatında nədənsə bir neçə hüquq müdafiəçisinin parlamentə təmsil olunması barədə bir kəlmə də olsun yazılmır. Yazılmır ki, Azərbaycanda bloggerlər Böyük Britaniyadakı kimi təzyiqlərlə üzləşmirlər, həbslərə məruz qalmırlar. Çünki bunu yazmaq qondarma quruma sərf etmir. Əgər yazsa belə, ona verilən rüşvətdən kəsilə bilər. Ona görə də həqiqəti kənara qoyub, sifarişləri yerinə yetirir.


Leyla Yunusovadan tutmuş Müsavata qədər "bəy tərifi"


"Amnesty İnternational" hiddətdoğurucu hesabatında Azərbaycanın xəyanətkar, satqın müxalifəti, həmin müxalifətlə əlbir olan siyasiləşmiş QHT-lər barədə də "bəy tərifi" söyləməyi unutmayıb. Həmin tərifnamələrdə "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunusovanın ofisinin, guya ki, "dağıdılmasından" bəhs edilib. Amma yazılmayıb ki, həmin bu Yunusovaya dövlət tərəfindən daha yaxşı yerdə ofis və pul təzminatı təklif olunub. L.Yunusova isə vəziyyəti qəlizləşdirmək, erməni aşnalarından külli miqdarda pul qoparmaq üçün siyasi həyasızlıq nümayiş etdirirb, ona təklif olunanlardan imtina edib. Həmçinin, hesabatda Müsavat partiyasının martın 12-də keçirdiyi qanunsuz, icazəsiz aksiyadan da danışılır. Bildirilir ki, guya Müsavat partiyasının şəhərin mərkəzində martın 12-də təşkil etdiyi aksiya 2005-ci ildən bu yana nisbətən yaxşı təşkil edilmiş aksiya idi. Yəni Müsavat partiyası öncəkilərdən daha yaxşı dağıdıcılıq, özbaşınalıq və xaos yaratmağa nail olub. Görünür, bu qədər "təriflər" arxasında daha bir neçə məqamlar dayanıb və bunun müqabilində "Amnesty İnternational"a ayrıca pul mükafatları ödənilib. Ona görə də həmin təriflərin ardınca 2 aprel aksiyasına keçid alıb və hər zamankı kimi radikal müxalifətin "məzlum" olduğunu öz təbirincə qeyd edib.

Nəticədə, bir daha aydın olur ki, istər "Amnesty İnternational", istərsə də bu kimi digər qondarma Qərb təşkilatları heç bir həqiqətə sığınmadan, yalan və böhtan dolu hesabatlar yaymaqla bilavasitə əsil demokratiyaya kölgə salmaqla məşğuldurlar. Rüşvət, maddi gəlir qazanmaq hesabına üzə çıxmış həmin hesabatlar isə, ümumiyyətlə, Azərbaycan xalqı tərəfindən qəbul edilmir. Hər halda təşkilatın sonuncu hesabatına göstərilməyən reaksiya bunu deməyə yetərincə əsas vermiş olur.


RÖVŞƏN

Digər xəbərlər