Sosial-iqtisadi problemlər və siyasi böhran məngənəsində boğulan Ermənistanın vəziyyəti beynəlxalq təşkilatların hesabatlarında daha aydın nəzərə çarpır. "The Wall Street Journal"ın yaydığı məlumata görə, "Moodys Investors Service" Beynəlxalq Reytinq Agentliyi Avropa və Rusiyada proqnozlaşdırılan iqtisadi geriləməni nəzərə almaqla, Ermənistanın inkişafına risklər olduğuna işarə edərək ölkənin suveren reytinqlərini "stabil"dən "neqativ"ə endirib.
Ermənistan borcları 3 il ərzində 2 dəfədən çox artıb
Ermənistanın xarici və yerli valyutada defolt emitent reytinqini Ba2-də görən agentlk qeyd edir ki, Avropa və Rusiya Ermənistanın ixrac bazarının 58 faizini təşkil edir. Xüsusən də, Ermənistanın Rusiyaya ixracdan asılılığı ölkənin xarici mövqeyini risq altında qoyur.
Moodys onu da bildirir ki, aşağı əmtəə qiymətləri Ermənistan iqtisadiyyatına daha çox təsir göstərə bilər, çünki ixrac əsasən mədən və metallurgiya sənayesində cəmləşir.
Proqnozun aşağı düşməsi Ermənistanın imkanları ilə bağlı narahatlıqları artırır, çünki ölkə daha zəif xarici mövqe ilə iqtisadi baxımdan daha çətin dövrə daxil olur. Agentlik qeyd edir ki, Ermənistan indi böyük cari hesab defisiti ilə üzləşir və onun ümumi borcları ötən 3 il ərzində 2 dəfədən çox artıb.
Beləliklə, ilin əvvəlindən bəri yerli və Qərb ekspertlərinin bu ölkənin iqtisadi vəziyyəti ilə bağlı proqnozları özünü doğrultmuş oldu. Qərbin aparıcı reytinq təşkilatı bu ölkədəki iqtisadi durumun ağır olduğunu üzə çıxardı.
Dünya Bankı: Ermənistanda yoxsulluq səviyyəsi xeyli artacaq
Ümumiyyətlə, Ermənistanda sosial-iqtisadi böhran və siyasi gərginliyin bu il artacağı ilin əvvəlindən gözlənilirdi. Yerli informasiya mənbələri 2011-ci ilin əvvəllərindən müşahidə olan bahalaşmanın sürətlə davam etdiyi barədə dəfələrlə məlumatlar yayırdılar.
Ekspertlər deyirdilər ki, tendensiya bu cür davam edərsə, bahalaşma total xarakter alacaq. Onların qənaətincə, istehlak qiymətlərinin artması və inflyasiyanın dərinləşməsi fonunda maaşların artmaması isə yoxsulluğun səviyyəsinin yüksələcəyini deməyə əsas verir.
Bir az əvvəl Dünya Bankının Ermənistanla bağlı verdiyi açıqlamada da işğalçı ölkədə yoxsulluğun səviyyəsinin artacağı göstərilib. Dünya Bankının Avropa və Mərkəzi Asiyada yoxsulluğun azaldılması və iqtisadi siyasət departamentinin direktoru İvonna Sikata bildirmişdi ki, regionun 5 ölkəsində yoxsulluğun səviyyəsinin xeyli yüksəlməsi mümkündür: "Bunlar Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldova və Tacikistandır. Region əhalisinin yoxsul hissəsi yüksək inflyasiyadan, ərzaq və enerji daşıyıcılarının qiymətinin yüksək olmasından əziyyət çəkir".
Erməni eskpertlərdən və mediadan "SOS" siqnalı
"Azadlıq" partiyasının sədri, Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bəyan edib ki, Yerevan sosial-iqtisadi durumla bağlı ciddi tədbirlər görməsə, 2013-cü ildə Ermənistanda iqtisadi fəlakət baş verəcək. Onun sözlərinə görə, iqtisadi böhranın davam etdiyi dövrdə Ermənistan ciddi sosial-iqtisadi problemlər içindədir, hökumət isə vəziyyəti düzəltmək iqtidarında deyil: "İqtisadi tənəzzül davam edir, əziyyəti isə xalq çəkir. Ermənistanda iqtisadi böhran getdikcə dərinləşir".
"Çorrort İnknişkhanuyun" qəzetinin yaydığı xəbərə görə, ötən illərə nisbətən Ermənistanda iqtisadi vəziyyət bu il daha ümidsiz şəkil alıb. Qəzetin yaydığı xəbərdə qeyd olunur ki, hökumətin böhrana qarşı yürütdüyü iqtisadi tənzimlənmə proqramı öz effektini verməyib.
İqtisadçı ekspertlər, eyni zamanda, böhranın aradan qaldırılması üçün ayrılan vəsaitin bəzi şəxslər tərəfindən mənimsənildiyini bildirir. Qəzet yazır ki, "elit" binalarda əyləşən Ermənistan rəsmiləri yalnız bir funksiyanı yerinə yetirirlər: "Onlar yalnız korrupsiya ilə məşğul olurlar. Ermənistanın mərkəzi ölü şəhər görünüşü verir. Görəsən, dərinləşən böhran şərtlərində hər hansı birinin o iqamətgahlarda olan şəxslərin süni olaraq şişirdilmiş qiymətlərlə bağlı verdiyi bəyanatları anlamaq üçün çox böyük bir ağılmı lazımdır?
Əlbəttə ki, bir az düşünən və riyaziyyatdan bir az anlayışı olan şəxs başa düşər ki, deyilənlərin hamısı cəfəngiyyatdır. Deyək ki, havadan gələn pulların olduğunu anladıq. Ancaq onlarla daha əhəmiyyətli problemlər həll etmək mümkün deyilmi? Korrupsiya ilə məşğulsunuz, dinmirik, ən azından xalq qarşısında öhdəlikləriniz var. Bunları yerinə yetirin".
Ermənistanda iqtisadi geriləmə ilin sonunadək 20 faizə çatacaq
Qeyd edək ki, rəsmi açıqlamada Ermənistanın dövlət borcunun 3,79 milyard dollar olduğu bildirilir. Onun ödənməsi qrafikinə nəzər saldıqda, pikin həqiqətən 2013-cü ildə olacağı görünür. Həmin il Ermənistan təxminən 300 milyon dollar borc ödəməlidir. Ermənistanda iqtisadi geriləmə ilin sonuna qədər 20 faizə çatacaq.
Hökumətin iqtisadi siyasətini kəskin tənqid edən Mərkəzi Bankın keçmiş sədri, parlament üzvü Baqrat Asatryan qeyd edib ki, belə bir vəziyyətdə iqtisadiyyatın 9,2 faiz artımını nəzərdə tutan 2012-ci ilin büdcə layihəsinin qəbulu məntiqsizlikdir. Onun sözlərinə görə, Ermənistanda iqtisadiyyatın tənəzzülü təhlükəli vəziyyətə çatıb.
Asatryanın proqnozlarına görə, ilin sonunədək Ermənistan əhalisinin 70 faizi gəlirlərinin ən azı 17 faizini itirəcək. Ermənistan iqtisadiyyatının əsas göstəriciləri ilə bağlı rəsmi Yerevanın sonuncu rəqəmlərini şərh edən Asatryan statistika xidmətinin yaydığı məlumatın həqiqəti əks etdirmədiyini bildirib.
Ermənistanda nəinki qiymətlərin azalması, heç azalma meyili də müşahidə edilməyib. "Ölkədə hökm sürən bu vəziyyət hakimiyyətin yanlış siyasətinin nəticəsidir"- deyən iqtisadçı Ermənistan iqtisadiyyatının inkişaf perspektivlərinin sıfıra bərabər olduğunu vurğulayıb.
İldə 100 minədək erməni ölkədən qaçır
Ermənistanda iqtisadi böhranın dərinləşməsi, inflyasiyanın səviyyəsinin artması nəticəsində əhali Ermənistanı sürətlə tərk edir. Beynəlxalq təşkilatların hesabatlarında bildirilir ki, 2005-ci ildən başlayaraq ermənilərin Ermənistanı tərk edərək başqa ölkələrin vətəndaşlığını qəbul etmələri halı artıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, 2001-ci ildə 20 minədək erməni Ermənistan vətəndaşlığından imtina edib. 2005-ci ildə bu rəqəm 2 dəfə, 2009-cu ildə ildə isə 3 dəfə artıb və 55 min erməni digər ölkələrin vətəndaşlığını qəbul edib. Son 2 ildə isə bu ölkədən qaçanların sayının 100 minə çatdığı iddia olunur.
Qeyri-rəsmi məlumatlara görə isə, Ermənistanda işsizliyin səviyyəsi 30 faizə qədər yüksəlib. Bütün bunlar Ermənistanda acınacaqlı vəziyyətin hökm sürdüyünün, ölkənin təkcə demoqrafik yox, həm də böyük sosial-iqtisadi tənəzzül içərisində olduğunu göstərir.
Beləliklə, təcavüzkar ölkə getdikcə böhran içərisində boğulur və özünün reabilitasiya imkanlarını itirir. Vəziyyətdən yeganə çıxış yolu isə işğalçı siyasətdən imtina və regionda sülhü qoruma təşəbbüslərinə yardım etməkdir.
Elçin Bayramlı