ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanatla çıxış ediblər. ATƏT-in rəsmi saytında yerləşdirilmiş məlumata görə, bəyanatda deyilir ki, həmsədrlər - Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya), eləcə də, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik noyabrın 28-30-da Bakıda və İrəvanda olublar. Həmsədrləri Bernar Fasyeni Fransadan olan vasitəçi vəzifəsini tutacaq Jak For da müşayiət edib.
Vasitəçilər bütün görüşlərdə ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllində tərəflərə yardım göstərməyə sadiqliyini bir daha ifadə ediblər. Təmas xəttində insidentlərlə bağlı son məlumatları nəzərə alan həmsədrlər 1994-cü ildə imzalanmış atəşkəs sazişinə əməl olunmasının vacibliyini də vurğulayıblar. "Onlar bildiriblər ki, insidentlər, cəbhə xəttində baş verən belə hadisələrin araşdırılması mexanizminin vacibliyini göstərir. Prezidentlər bu prinsiplərlə bağlı prinsipcə razılığa gəliblər. Həmsədrlər etimadın möhkəmləndirilməsi, sitayiş və mədəniyyət obyektlərinin, məzarlıqların qorunmasının gücləndirilməsi əlavə tədbirləri də müzakirə ediblər", - bəyanatda deyilir. Həmsədrlər noyabrın 29-da Ermənistan-Azərbaycan sərhədini piyada keçərək, sərhəd bölgəsindəki vəziyyəti müzakirə etmək üçün yerli məmurlarla görüşüblər. Vasitəçilər noyabrın 30-da Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşdə bəyan ediblər ki, münaqişənin dinc yolla nizamlanması məcburi köçkünlər və qaçqınların hüquqlarını da əhatə etməlidir. Həmsədrlər ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrda Vilnüsdə keçiriləcək görüşü ərəfəsində tərəfləri münaqişənin dinc həlli yollarının axtarılması və mövcudluğu yolverilməz olan status-kvonun dəyişdirilməsinə sadiqliklərini bir daha təkrarlamağa çağırıblar.