Ermənistan öz işğalçılıq siyasəti ucbatından daha bir iri regional layihədən kənarda qala bilər. İranın rəsmi mənbələri xəbər verir ki, Azərbaycan və Rusiya Qəzvin-Rəşt-Astara dəmiryol xəttinin çəkilməsində Tehranla əməkdaşlığa hazır olduqlarını ifadə ediblər. Bu layihə Şimalla Cənub arasında ən böyük nəqliyyat dəhlizi olacaq ki, Yerevan bu layihədən də kənarda qalması ölkənin blokadasını gücləndirəcək.
Qeyd edək ki, İranın şimalından çəkilməli olan bu dəmiryol xətti yüklərin Avropadan Asiyaya və Yaxın Şərqə dəmir yoluyla daşınmasına imkan verən "Şimal-Cənub" nəqliyyat dəhlizinin bir hissəsidir. İran Dəmir Yollarının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Abbas Nəzərinin bildirdiyinə görə, yaxın vaxtlarda üç ölkə sözügedən dəmir yolunun tikintisi ilə bağlı ilkin araşdırmalar aparmaq üçün beynəlxalq məsləhət şirkətinin təsis edilməsinə dair danışıqlara başlayacaqlar.
Nəzəri deyib ki, Qəzvin-Rəşt-Astara dəmir yolunun uzunluğu 75 kilometr olacaq, layihənin ümumi dəyəri 400 milyon dollar hesablanır.
Xatırladaq ki, İran, Rusiya və Azərbaycan arasında "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində dəmir yolunun çəkilməsinə dair ilkin danışıqlar bu ilin fevralında aparılıb. Əgər həmin dəmir yolu çəkilsə, İran dəmir yolları sistemi Azərbaycan vasitəsilə Rusiya və Avropa dəmir yolları ilə birləşəcək. Bildirilir ki, işlərin əsas hissəsi İran ərazisində görülməlidir, Azərbaycan isə Astaranın İranla sərhədinə qədər 35-40 milyon dollar dəyərində tikinti işləri həyata keçirməlidir.
Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, əgər İran dəmir yolları Azərbaycan vasitəsilə Avropa və Rusiyaya çıxış imkanı əldə etsə, o zaman Ermənistanın bu nəqliyyat dəhlizinə "soxulmaq" cəhdləri nəticəsiz qala bilər. Belə ki, Yerevan 2008-ci ildən etibarən ən yüksək səviyyədə İran-Ermənistan dəmir yolunun çəkilməsinə dair müzakirələr aparır. Lakin indiyədək Tehranla bu məsələdə konkret razılaşma əldə edilməyib. Ermənistan ümid edir ki, öz dəmir yolları sistemini İrana birləşdirməklə "Şimal-Cənub" nəqliyyat dəhlizində yer ala biləcək.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan hazırda bir sıra iri regional layihələrdən təcrid olunub. Ermənistanın dəmir yolları sisteminin ancaq Gürcüstana çıxışı var. Rusiya bu ölkənin dəmir yollarını uzunmüddətli icarəyə götürsə də, Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın regional nəqliyyat dəhlizlərində hansısa rola malik olması mümkün deyil. Belə ki, Ermənistanın Azərbaycanla yanaşı, Türkiyə ilə də sərhədləri bağlıdır.
Azərbaycan, Türkiyə və Gürcüstan üç ölkənin dəmir yolları sistemini birləşdirən mühüm regional layihəni-Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisini uğurla davam etdirir. Həmin layihə gündəmə gələndə Ermənistan onu əngəlləmək üçün əlindən gələni etdi. ABŞ hökuməti Exim Bankının layihəyə kredit ayırmasına mane oldu. Lakin Azərbaycan Gürcüstana layihə üçün yüz milyonlarla dollar kredit verərək, yolun tikintisinin başlanmasına nail oldu.
Gələn il işə düşməsi gözlənilən bu dəmiryol xətti Ermənistanın regional nəqliyyat dəhlizlərindən kənarda qalaraq, beynəlxalq yük daşımaları üçün heç bir əhəmiyyət daşımayan ölkəyə çevrilməsini daha da möhkəmləndirəcək. Belə ki, ancaq Qarabağ münaqişəsinin həll ediləcəyi təqdirdə, Ermənistanın Bakı-Tbilisi-Qars dəmir yol xəttinə qoşulması şansı var.
Regional layihələrdən təcrid olunaraq acınacaqlı duruma düşdüyünü görən Ermənistan yeganə şans kimi İran üzərindən nəqliyyat blokadasını yarmağa ümid edirdi. Ermənistanın nəqliyyat naziri Manuk Vardanyan bu günlərdə parlamentdə çıxışı zamanı deyib ki, İran-Ermənistan dəmiryol xətti ilə bağlı Rusiya, Çin və Tehranla danışıqlar davam edir, habelə, bir sıra beynəlxalq donorlarla müzakirələr aparılıb. Onun dediyinə görə, situasiya 3-4 ay sonra konkretləşə bilər.
Ermənistan prezidenti Serj Sarkisyan isə oktyabrda Moskvaya səfəri zamanı ölkəsini İranla birləşdirən dəmiryolunun tikintisinə dair məsələni rusiyalı həmkarı ilə müzakirə edib. Prezident D.Medvedev bildirib ki, Rusiya erməni dostlarının nəqliyyat infrastrukturları ilə bağlı layihələrə necə ehtiyac duyduğunu yaxşı bilir. O deyib ki, Rusiya üçüncü ölkələrin də iştirakı ilə Ermənistanın daha müasir, inkişaf etmiş nəqliyyat əlaqələrinə malik olması üçün səylər göstərir. Lakin Rusiyanın səyləri kifayət deyil, Ermənistan regionda Rusiyadan başqa, heç kimə lazım olmayan ölkə statusundan çıxmaq üçün Azərbaycan və Türkiyə ilə problemlərini həll etməlidir.
İrana ümid etmək də ciddi nəticə vermir. Qeyd edək ki, bu günlərdə Rusiyadan Ermənistana malların quru yoluyla daşınması da dayanmışdı. Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars aşırımında qar uçqunu baş verdiyindən, Ermənistana günlərlə mal çatdırmaq mümkün olmadı. Ermənistanın quru yoluyla Rusiyaya çıxışı üçün yeganə marşrut Gürcüstandan keçir. Gürcüstanın isə Rusiya ilə münasibətləri yaxşı olmadığından, istənilən an bu yolda problem yarana bilər.
Bu fonda qonşu ölkənin ağır duruma düşməsi ermənilər özləri də etiraf edir. Regional Araşdırmalar Mərkəzinin amerikalı sədri Riçard Giraqosyan düşünür ki, Ermənistan üçün başlıca strateji təhlükə Azərbaycan, yaxud Türkiyə deyil, onun təcrid olunması və regional mahiyyətini itirməsi riskidir. O, eyni zamanda, rəsmi Yerevanın Azərbaycanla davam edən münaqişəsi səbəbilə regional enerji layihələrindən kənarda qaldığını və iqtisadi inkişafının önündə böyük maneələr yarandığını vurğulayıb.
Onu da qeyd edək ki, SSRİ dövründə Bakı-Yerevan dəmiryolunun Culfa stansiyasından İrana gedən qol ayrılırdı. Ermənistan da bu yolla İrana dəmiryolu ilə çıxa bilərdi. Lakin Azərbaycan torpaqlarını işğal edən Ermənistan özünü bu imkandan da məhrum etdi.
İndi Azərbaycan yeni layihə ilə cənuba da dəmir yolu xətti ilə çıxacaq və nəticədə ölkəmiz bütün istiqamətlərdə-şimal, qərb, cənub, şərq (bərə ilə Xəzərin şərqinə) dəmir yolu çıxışına malik olacaq. Bu isə Azərbaycanın Qərblə Şərq, Şimalla Cənub arasında iri nəqliyyat qovşağına çevrilir.
Elçin Bayramlı