PDF Oxu

Araşdırma

  • 183

Ermənistanda sosial vəziyyət pik həddinə çatıb...

Ermənistanda sosial vəziyyət pik həddinə çatıb...

Artıq yola salınacaq cari ildə Ermənistanda baş verən ağır - iqtisadi və sosial vəziyyət ölkənin 2012-ci ildə daha çıxılmaz vəziyyətə düşəcəyini sübut edir. Ölkədə böhranlı vəziyyətin hökm sürməsi, əhalinin ümumi yaşayış səviyyəsinin günü-gündən aşağı salınması, kütləvi etirazların getdikcə geniş vüsət alması və nəhayət, ölkə rəhbərliyində istefaların artması Ermənistanın 2012-ci ildə tam iflic vəziyyətinə düşəcəyini sübut edir.

Politoloq Rüstəm Məmmədov məsələ ilə bağlı qəzetimizə verdiyi açıqlamasında Ermənistanın 2012-ci il üçün dövlət büdcəsinin ölkəni düşdüyü vəziyyətdən çıxara bilməyəcəyini bildirdi: "Artıq demək olar ki, regionun və dünyanın diqqətini özünə cəlb etməyi bacaran ermənilər öz dövlətlərindən narazılıqlarını gizlətmirlər. Əhalinin gəlirlərinin aşağı düşməsi, onların bir hissəsinin isə, demək olar ki, adi maaşı belə ala bilməməsi kütlə ilə yanaşı, müxalifətin də fəallaşmasına səbəb olub. Təsadüfi deyil ki, artıq Ermənistan müxalifəti bir neçə aydır ki, fəal kütləvi etiraz mitinqləri keçirməkdədir. Onlar ölkə rəhbərliyinin yeritdiyi siyasətə qarşı öz etirazlarını bildirməklə onun tezliklə istefasını tələb edirlər. Bu isə ölkədə qeyri-sabit vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Bir müddət bundan öncə paytaxt Yerevanda baş tutmuş mitinq zamanı da bunun şahidi olduq. Erməni müxalifətçilər Ermənistanda baş verən hadisələrin Avropada düzgün qiymətləndirilməsini tələb edərkən, onlarla polis arasında yaşanan qalmaqal heç bir demokratik prinsiplərə uyğun gəlmirdi. Hüquq-mühafizə orqanları ilə mitinq iştirakçılarının əlbəyaxa olması və nəticədə bir neçə etirazçının həbs olunması Ermənistanda insan hüquq və azadlıqlarına nə dərəcədə hörmət edildiyini göstərmiş olur".

Politoloq onu da vurğuladı ki, bütün bu qeyri-insani və qeyri-demokratik halların baş verməsinin əsas səbəbini Ermənistandakı iqtisadi böhranın olmasıdır: "Maraqlı bir cəhət də ondan ibarətdir ki, verilən proqnozlar və ehtimallar heç də bu vəziyyətin tezliklə düzələcəyini vəd etmir. Belə ki, Ermənistanın bu günlərdə qəbul olunmuş 2012-ci il üçün dövlət büdcəsi ilə bağlı açıqlama verən Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın fikrinə görə, bu yeni büdcə ölkəni düşdüyü vəziyyətdən çıxara bilməyəcək. Onun sözlərinə görə, 2012-ci il üçün qəbul edilən dövlət büdcəsi 2008-ci ildə başlayan və bu gün də davam edən ölkə iqtisadiyyatının düşməsinin göstəricisidir. O, artıq "səssizlik büdcəsi" adını almış bu büdcə layihəsini "arzular və imkanların kompromisi"ni özündə əks etdirən büdcə adlandırıb".

Qeyd olunanlar deyilənlər bir daha onu göstərir ki, artıq çökmək üzrə olan Ermənistan iqtisadiyyatının bu durumunu gizlətmək və yaxud onu danmaq mümkün deyil. Ölkə rəhbərliyinin yeritdiyi səriştəsiz siyasətin nəticəsi olaraq bu gün Ermənistan regiondan və dünyadan təcrid olunmaqla bütün sahələri əhatə edən böhrana düşmüşdür ki, onun bu vəziyyətdən çıxması isə, hələ ki, qeyri-mümkündür. Bu isə Ermənistanın süqutu deməkdir.


Aytən Səmədova

Digər xəbərlər