PDF Oxu

Araşdırma

  • 2 045

“Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” mövzusunda konfrans keçirildi

“Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” mövzusunda konfrans keçirildi

Dünən Beynəlxalq Mətbuat Mərkəzində görkəmli jurnalist, alim və ictimai xadim, professor Nəsir İmanquliyevin 100 illik yubileyi ilə əlaqədar "Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız" mövzusunda konfrans keçirildi.

Tədbirdə Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri, dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, veteran jurnalistlər iştirak edirdilər. Toplantıda N.İmanquliyevin ömür yolundan, səmərəli elmi- pedaqoji fəaliyyətindən, mətbuatın inkişafındakı xidmətlərindən söhbət açılıb, əməkdar jurnalistin irsinin müasir nəsil üçün örnək səciyyə daşıyan məqamları ətrafında fikir mübadiləsi aparıldı.

MŞ sədri Əflatun Amaşov Azərbaycan Prezidenti İlham Əliyevin N.İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamını tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika kafedrasının müdiri Cahangir Məmmədli N.İmanquliyevin keçdiyi ömür yolundan söz açdı. O bildirdi ki, N.İmanquliyev BDU-da çalışmağa başlayaraq dosent, elmlər namizədi, professor elmi dərəcələrini alıb. XX əsrin 30-cu illərində tələbəlik illərindən mətbuata gəlib: "Neft Texnikumunda oxuduğu vaxtlarda "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. 1942-ci ildə siyasi işçi kimi Böyük Vətən müharibəsinin Krım cəbhəsinə göndərilib. Burada o, "Döyüşən Krım" qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib. Bir il sonra arxa cəbhəyə göndərilərək "Kommunist" qəzetində məsul katib işləyib və vətənpərvər ruhlu çoxsaylı yazılarla çıxış edib. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda, universitetin filologiya fakültəsində təhsilini davam etdirib. N.İmanquliyev ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış "Bakı" və "Baku" qəzetlərinin yaradıcısı və baş redaktoru olub. Senzuranın hakim olduğu bir dövr olmasına baxmayaraq, heç bir çətinlikdən qorxmayıb".

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev N.İmanquliyevin mətbuatda Zərdabi ənənələrini davam etdirdiyini və mütərəqqi ruhlu jurnalistlər yetişdirdiyini bildirdi.

Professor Şirməmməd Hüseynov isə çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yetişdirdiyi müəllimlərin sayəsində onlardan dərs alan tələbələr də savadlı, vətənini, dövlətini sevən bir ictimai xadim kimi formalaşdığının diqqətə çatdırdı.

Qeyd olundu ki, böyük müəllim, peşəkar jurnalistikadan mühazirələr oxuyan Nəsir İmanquliyevin ən böyük xidmətləri ondan ibarət idi ki, o, universitet auditoriyalarına kimlərinsə yazdığı mühazirə mətnlərini oxumurdu. Özü tədris etdiyi "Jurnalistikanın əsaslarını, nəzəriyyəsini və təcrübəsini" qələmə almaqla yanaşı, redaksiya ilə auditoriya, universitetlə mətbuat arasında bir məktəbə çevrilmişdi. Onun tələbələri bu böyük qələm sahibindən təkcə jurnalistikanın nəzəriyyəsini və əsaslarını öyrənmirdilər, onun rəhbərlik etdiyi qəzetlərin əməkdaşlarına çevrilməklə, öz imzalarını tələbəlikdən təsdiq etmiş olurdular: "Gəlişi ilə jurnalistika sahəsində öz məktəbini yaradan Nəsir müəllimin ən böyük əsərləri onun yetirmələri, baş yazarı olduğu "Bakı" və "Baku" qəzetləri olsa da, onun şah əsəri ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, Azərbaycanı və türk dünyasını ideya və məfkurə birliyinə çağıran, Şərqi və Qərbi birlik, qardaşlıq fəlsəfəsinə səsləyən Bakı Dövlət Universitetinin professoru, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, ərəb filologiyası üzrə məşhur tədqiqatçı alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva idi".

Tədbirdə çıxış edənlər böyük ziyalı ilə bağlı xatirələrini qeyd edib, fəaliyyətini diqqətə çatdırdılar.

NƏZAKƏT

Digər xəbərlər