PDF Oxu

Araşdırma

  • 873

ATƏT-in Minsk Qrupu həmsədrlərinin ermənipərəst mövqeyi...

ATƏT-in Minsk Qrupu həmsədrlərinin ermənipərəst mövqeyi...

Azərbaycanın 20 faiz torpağı Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində hələ də işğalı altındadır. Təəssüf ki, bu münaqişənin həlli ilə bağlı yaradılan ATƏT-in Minsk Qrupunun fəaliyyəti də heç bir nəticə verməyib. Politoloq Qabil Hüseynli bizimlə söhbətində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin qənaətbəxş olmadığını bildirdi.

Q.Hüseynlinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun fransalı həmsədrinin yenisi ilə əvəz olunması Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir yeniliklər gətirəcəyinə ümid etmir. Çünki həmsədrlər elə böyük bir səlahiyyətə malik olan şəxslər deyillər. Burada əsas məsələ həmsədrlərin təmsil etdiyi ölkələrin münaqişəyə və onun həlli yollarına münasibətindən asılıdır. Fransanın yeni həmsədri də, keçmiş həmsədrin yürütdüyü siyasəti davam etdirəcəkdir. Yəni fransalı həmsədr ölkəsindən hansı təlimatları olacaqsa, onu da həyata keçirəcək. ATƏT-in Minsk Qrupu tükənmiş bir qurumdur. Demək olar ki, ATƏT-in Minsk Qrupu 18 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu illər ərzində sözügedən qurum Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbətə doğru heç bir addım ata bilməyib. Bunun da əsas səbəbi olunla bağlıdır ki, bu qurum açıq-aşkar ermənipərəst mövqeyindən çıxış edir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına əsas ciddi əngəl yaradan işğalçı Ermənistanın qeyri-konstruktiv və təcavüzkar siyasətidir. Demək olar ki, həmsədrlər Ermənistanın təcavüzkar olduğunu və Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi faktına əhəmiyyət vermək istəmirlər. Burada sözügedən münaqişəni həll etmək üçün, ilk öncə, onu doğuran səbəbləri aşkara çıxarmaq lazımdır. Yəni kimin günahkar və kimin günahsız olduğunu aşkara çıxarmaq lazımdır ki, beynəlxalq hüquq normalarına uyğun yaranmış bu münaqişəni tənzimləmək mümkün olsun. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bilərəkdən sırf xristian təəssübkeşliyi nöqteyi-nəzərindən münaqişəyə birtərəfli yanaşırlar. Yəni Ermənistanın təcavüzkar olması haqqında BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin olmasına baxmayaraq, onlar Ermənistana təcavüzkar demək istəmirlər. Eyni zamanda, bu təcavüzkar dövləti danışıqlar prosesində qəbul edilmiş prinsipləri yerinə yetirməyə məcbur edə bilmirlər. Bildiyiniz kimi, yeniləşmiş Madrid prinsipləri deyilən bir prinsip var. İşğalçı ölkə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlara gedənə qədər bir bəyanat verir, amma gedib danışıqlar stolu arxasında oturarkən, başqa davranış sərgiləyir. Nəticə etibarilə, sözügedən danışıqlar nəticəsiz qalır. Burada Azərbaycan tərəfinin kompromis limiti bitib. Yəni ölkəmiz bir qarış da olsun öz torpağından bir kimsəyə pay verməyəcək, ərazi bütövlüyünün pozulmasına yol verməyəcəkdir. Əgər burada sülh variantlarının, nəticəsiz görüşlərin davam etdiyini gördükdə isə, bu görüşləri dayandırıb, işğal altında olan torpaqların hansı yollarla azad edilməsi üzərində düşünməlidir.

GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər