PDF Oxu

Araşdırma

  • 920

İşğalçı Ermənistan Rusiyadan asılıdır

İşğalçı Ermənistan Rusiyadan asılıdır

Son vaxtlar Rusiyada parlament seçkilərinin nəticələri ilə razılaşmayan müxalifət ölkənin müxtəlif şəhərlərində kütləvi aksiyalar keçirməkdədir. Böyük maraqla izlənilən proseslərə politoloqlar və siyasətçilər fərqli formada münasibət bildirməkdədirlər. Bizim üçün maraq doğuran məqam isə ondan ibarətdir ki, Rusiyada baş verən ictimai-siyasi gərginlik nəticə etibarı ilə Cənubi Qafqazda ictimai-siyasi bir narahatlıq yarada bilərmi? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.

Fəzail İbrahimli,

millət vəkili:

- Rusiya istər ərazisinin, istərsə də əhalisinin sayına görə kifayət qədər dünyada tanınan və qəbul edilən ölkələrdəndir. O cümlədən, dünya siyasi proseslərinə təsir etmək qüdrətində olan ölkədir. Rusiya Cənubi Qafqaz respublikalarının qonşuluğunda yerləşir. Bildiyiniz kimi, Azərbaycan stabil və müstəqil ölkədir. Yəni, ölkəmiz sərhədlərini özü qoruyur. Rusiyada baş verən dəyişikliklər bu ölkənin daxili işi olsa da, hər hansı ciddi siyasi proses Rusiya Federasiyasına qonşu ölkələr üçün müəyyən qədər narahatçılıq yarada bilər. Amma o demək deyil ki, Rusiyada baş verən hadisələr bu respublikaların taleyinə təsir edər. Demək olar ki, qonşu ölkədə gedən proseslər daha çox Ermənistana aiddir. Çünki işğalçı Ermənistan Rusiyadan asılı vəziyyətdədir. Bu baxımdan, son vaxtlar Rusiyada gedən proseslər Ermənistana ciddi təsir edə bilər.


Qabil Hüseynli,

politoloq:


- Rusiyada baş verən hadisələr Cənubi Qafqazda elə bir ciddi narahatçılıq yarada bilməz. Yalnız Rusiyanın vassalı olan Ermənistanı çökdürə bilər. Çünki işğalçı ölkə olan Ermənistan Rusiyanın əlaltısıdır. Bu baxımdan, ola bilsin ki, RF-də gedən hadisələrin Ermənistana mənfi təsiri olsun. Demək olar ki, Rusiyada müxalifət tərəfindən törədilən iğtişaşlar elə də sürətli və güclü şəkildə getmir. Rusiya müxalifəti ölkədə bir çox xoşagəlməz hadisələr törətsə belə, nəticə etibarı ilə sözügedən dövlətdə hər hansı ciddi bir problemin yaranmasına səbəb olmayacaq. RF-də baş verən son olaylar həmin ölkədə prezident seçkiləri keçirilənə qədər davam edəcək. Amma prezident seçkilərindən sonra, Rusiyada proseslər sabitləşə bilər.

Əgər Rusiyada baş verən hadisələr yüksələn xətt ilə inkişaf edərək, Vladimir Putinin hakimiyyətə gəlişinin qarşısını ala bilərsə, V.Putinin simasında Ermənistan özünün ən yaxın müttəfiqini itirə bilər. Bir sözlə, Ermənistan regionda yetim qala bilər. Çünki işğalçı ölkə olan Ermənistana hər cəhətdən dəstək verən Rusiyadır.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər