Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qərarda bildirilir ki, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələrindən olan qoşunlar Azərbaycanın Dağlıq Qarabağ regionunda Xocalının mülki əhalisinə qarşı hücuma keçib və beynəlxalq insan hüquqları üzrə təşkilatların tərəddüd etmədən soyqırımı kimi adlandırdığı hadisə zamanı əsasən etnik mənsubiyyətinə görə yüzlərlə insanın ölümünə səbəb olub. Qərarda, eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesindən bəhs olunaraq, Madrid prinsiplərinin mahiyyəti açıqlanaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi və məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmalarının vacibliyi qeyd edilib.
Qərarda Deputatlar Palatası Azərbaycan və Ermənistan xalqlarının suverenliyinə tam hörmətlə yanaşaraq, mümkün hesab edilən formatda ən qısa və sürətləndirilmiş tərzdə Dağlıq Qarabağ regionunda münaqişəyə davamlı şəkildə son qoyacaq razılığın əldə edilməsi üçün Azərbaycan və Ermənistan hökumətlərini səy göstərməyə və ATƏT-in Minsk Qrupunun həmsədrlərini münaqişənin sülh yolu ilə davamlı həllinin təmin edilməsi məqsədilə hər iki hökumətə bütün tələb olunan dəstəyin göstərilməsinə davam etməyə çağırır. Bundan başqa, hesab edilir ki, Xocalı qətliamından 19 il ötməsinə baxmayaraq, qətliamın qurbanlarının hələ də ədalətə nail olmadıqları göstərir ki, hər hansı sülh razılaşması üçün mərkəzi element qısa zaman ərzində öz yerini tapmalıdır, o cümlədən, insanlar arasında əlaqələr bərpa edilməli və mümkün qədər tez bir zamanda hər iki cəmiyyət arasında yenidən harmoniya yaranmalıdır.
Xüsusilə, qeyd edilməlidir ki, beynəlxalq təşkilatların mövqeyinə və dolayısı ilə danışıqlar prosesinə təsir edən amillərdən biri də, münaqişənin tarixi və əsil həqiqətlər haqda informasiya və təbliğat işinin aparılmasıdır ki, bu sahədə də Azərbaycan son vaxtlar erməniləri üstələyib. Yəni, erməni təbliğat maşınının bütün yalanları faktlarla ifşa olunub və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Fakt odur ki, bu gün dünyanın bütün əsas beynəlxalq təşkilatları Azərbaycanın haqq işini qəbul edilmiş qərarları ilə dəstəkləyirlər. BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, digər təşkilatlar müxtəlif dövrlərdə münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirən qətnamələr, qərarlar qəbul etmişlər ki, bu qərarlar münaqişənin həlli üçün əsasdır.
Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən müxtəlif sənədlər və faktlar mövcuddur. Lakin buna baxmayaraq, biz yenə də bəzi hallarda Azərbaycana qarşı ədalətsizliklər görürük. Bəzi hallarda həqiqətlərə göz yumulur.
Bu reallıqlar nəzərə alınmır və bəzi xarici dairələr öz siyasətini uydurulmuş faktlar, təhrif edilmiş tarix əsasında aparmaqda davam edirlər. Bu, ikili standartlar siyasəti dünyada mövcud olan bir yanaşmadır. Lakin son vaxtlar Azərbaycan diplomatiyası dünya birliyini fakt qarşısında qoyub və bu yanaşmanın beynəlxalq sülhə maneçilik törətdiyini nəzərə çatdırıb.
İşğal altında olan ərazilərdə vəziyyət beynəlxalq hüquqda 3 sənədlə tənzimlənir: 1907-ci ildə qəbul olunan "Haaqa Əsasnaməsi", 1949-cu ilin "Müharibə vaxtı mülkü vətəndaşların qorunması haqqında Cenevrə Konvensiyası" və həmin konvensiyaya 1977-ci ildə edilən 1-ci Əlavə Protokol vasitəsi ilə təmin olunur. Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin BMT-yə təqdim etdiyi hesabatda vurğulanıb ki, Ermənistan bu 3 sənədi ratifikasiya edib, ona görə də beynəlxalq hüquq sisteminin üzvüdür.
Hesabatda Ermənistanın beynəlxalq hüquq normasına görə işğalçı olmasını sübut edən faktlar sırasında rəsmi Yerevanın çox istinad etdiyi 1975-ci il Helsinki Yekun Aktından da istinadlar gətirilib. Sənəddə qeyd olunur: "İştirakçı dövlətlər bir-birinin ərazisini işğal etməkdən çəkinməlidir və ya beynəlxalq hüquq normalarına zidd olaraq zor tətbiq etməklə, təhdid etməklə əraziləri işğal etməməlidir. Heç bir işğal və bu tipli torpaq əldə etmək cəhdi qanuni sayılmayacaq".
Ermənistanın Azərbaycan ərazisinin işğal edən dövlət olduğunu sübut edən faktlar sırasında "Human Rights Watch" təşkilatının 1994-cü ildə hazırladığı hesabata, BMT-nin İnsan Haqları və İqtisadi, Sosial Mədəni Hüquqlar Komitələrinin rəsmi sənədlərinə, ABŞ Dövlət Departamentinin illik hesabatlarına, "Freedom House"-nin 2006-ci il hesabatına, Beynəlxalq Böhran Qrupunun 2005-ci il hesabatına, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il qətnaməsinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və Baş Assambleyanın 14 mart 2008 ildə Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı 62/243 saylı qətnaməsinə istinad edilir.
Elçin