Məlum olduğu kimi, bir müddət əvvəl Fransa parlamenti qondarma "erməni soyqırımı"nı tanıyıb. Bir neçə gün öncə isə, adıçəkilən ölkənin Milli Assambleyası qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cinayət məsuliyyətini nəzərdə tutan qərar qəbul edib. Təbii ki, bu məsələ daima erməni terrorundan əziyyət çəkən Azərbaycan xalqını, ölkə ictimaiyyətini razı sala bilməz. Artıq Azərbaycan dövləti rəsmi şəkildə bu məsələyə öz münasibətini bildirib. Məsələ ilə bağlı "Səs"in suallarını cavablandıran politoloq Elçin Mirzəbəyli qeyd etdi ki, bu qərar insan hüquq və azadlıqlarına qarşı ziddir.
- Elçin müəllim, Fransa Milli Assambleyasının məlum qərarı, sizcə, insan hüquq və azdlıqlarına zidd deyilmi?
- Bildiyiniz kimi, Avropanın aparıcı dövlətlərindən olan Fransada Milli Assambleya qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qərar qəbul edib və Senat bu qərara baxmalıdır. Bu baxımdan qərarı tam qəbul olunmuş kimi qiymətləndirmək doğru olmazdı. Amma bütövlükdə, bu qərarın verilməsi insan hüquq və azadlıqlarına qarşı yönəlmiş bir addımdır. Bu, beynəlxalq hüquq normalarına, Fransa konstitusiyasına, insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq konsepsiyalara tamamilə ziddir. Qeyd edim ki, vətəndaş və insan hüquqları ilə bağlı ilk bəyannamə XVIII əsrdə məhz Fransada qəbul olunub. İnsan haqları ilə bağlı ilk bəyannamənin qəbul olunduğu bir ölkədə demokratiyaya, insan azadlıqlarına zidd qərarın verilməsi qəbul olunmazdır və bütövlükdə, Avropa demokratiyasına ziddir. Bu, həm də təhlükəli presedentin əsasını qoyur. Fransa Milli Assambleyası bu qərarı qəbul etməklə imkan yaradır ki, digər dövlətlər də qanunvericilik yolu ilə insanların söz və fikir azadlıqlarını məhdudlaşdırsınlar.
"AB-DƏ TƏMSİL OLUNAN ÖLKƏLƏRİN BİR ÇOXU İŞĞALÇI ERMƏNİSTANI DƏSTƏKLƏYİR"
- Bütün bunlar onu deməyə əsas vermir ki, Avropa işğalçı ölkəyə dəstək nümayiş etdirir?
- Bu, Fransa parlamentinin mövqeyidir. Bütövlükdə, bu məsələni bütün Avropanın adına çıxılması düzgün olmazdı. AB-də təmsil olunan ölkələrin bir çoxu onsuz da işğalçı Ermənistanı dəstəkləyir. Fransa əvvəldən işğalçı ölkəni dəstəkləyir. Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupu formalaşan zaman Azərbaycan adıçəkilən dövlətin həmsədrliyinin əleyhinə oldu. Yəni Fransa Minsk Qrupunda az qala zorla həmsədr olub. Əvvəlcədən bilinirdi ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı obyektivlik nümayiş etdirməyəcək. Çünki, adıçəkilən dövlətdə erməni lobbisinin təsiri güclüdür. Son qərardan sonra Fransanın vasitəçilik missiyasının yerinə yetirilməsi heç bir hüquqi prinsipə uyğun gəlmir. Onu da nəzərə almaq lazımdır ki, Avropa parlamentində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi barədə qətnamələri var. Avropa dövlətlərinin içərisində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən kifayət qədər dövlətlər var.
"XRİSTİAN DÖVLƏTLƏRİ İLƏ YANAŞI, İRAN DA ERMƏNİSTANIN İŞĞALÇILIQ SİYASƏTİNƏ DƏSTƏK NÜMAYİŞ ETDİRİR"
- Son zamanlar Ermənistan-İran əlaqələri daha da genişlənməkdədir. Sizcə, bu, İrana düşmən olan Qərbdə qısqanclıq yaratmırmı?
- Təəssüflər olsun ki, Avropa Birliyi bu gün xristian klubuna çevrilib. Onlar hər zaman Azərbaycanın 20 faiz torpaqlarını işğal edən Ermənistanı dəstəkləyir və himayə edirlər. Qərbin İran-Ermənistan münasibətlərinə göz yummasının əsas səbəblərindən biri İranın Ermənistanın işğalçılıq siyasətinə dəstək verməsidir. Yəni rəsmi Tehran işğalçı ölkəyə açıq şəkildə dəstək nümayiş etdirir. Həmçinin, ağır iqtisadi durumda olan Ermənistana molla dövlətinin regionda dəstək verməsi Qərbin İran-Ermənistan münasibətlərinə göz yummasına gətirib çıxarır. Bu da, onu göstərir ki, dünya bu gün ikili standartlardan çıxış edir. Əfsuslar olsun ki, bu ikili standartlar regionda sülhün və əmin-amanlığın bərpa olunmasına ciddi maneə yaradır.
"FRANSA TÜRKİYƏNİN REGİONDAKI NÜFUZUNA ZƏRBƏ VURMAĞI QARŞISINA MƏQSƏD QOYUB"
- Son zamanlar qardaş Türkiyənin regionda olan nüfuzu artmaqdadır. Fransa parlamentinin məlum qərarı Türkiyənin regiondakı nüfuzuna zərbə vurmaqdan irəli gəlmirmi?
- Fransanın atdığı addım Türkiyənin regiondakı nüfuzuna zərbə endirməkdən irəli gəlir və rəsmi Paris bunu qarşısına məqsəd qoyub. Adıçəkilən ölkənin əsas məqsədlərindən biri Türkiyənin AB-yə qəbul olunmasının qarşısının alınmasıdır. Yəni Fransa Türkiyə-AB əlaqələrinin korlanmasında maraqlıdır.
"HƏR ZAMAN AZƏRBAYCAN TÜRKİYƏYƏ DƏSTƏK NÜMAYİŞ ETDİRƏCƏK"
- Siz bu məsələlərdə Azərbaycanın tutduğu mövqeyi necə qiymətləndirirsiniz?
- Azərbaycan ictimaiyyəti və dövlətimiz öz mövqeyini açıqlayıb, sərt reaksiya verib. Əminəm ki, bundan sonra baş verən proseslərdə də Azərbaycan Türkiyəyə dəstək nümayiş etdirəcək. Biz qardaş dövlətlərik və hər zaman da bir mövqedən çıxış edəcəyik.
ANAR MƏCİDZADƏ