PDF Oxu

Araşdırma

  • 436

Mübariz Əhmədoğlu: “Siyasi arenada nüfuzu zəifləyən ermənilər İranı son ümid yeri kimi qəbul edir”

Mübariz Əhmədoğlu: “Siyasi arenada nüfuzu zəifləyən ermənilər İranı son ümid yeri kimi qəbul edir”

Dünən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu ötən ilin dekabr ayı üzrə dünyada və regionda baş verən ictimai-siyasi və geosiyasi proseslərin, eləcə də, 2011-ci ilin ümumi yekunları ilə bağlı mətbuat konfransı keçirib. M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirdi ki, bu prosesin tənzimlənməsində siyasi resurs tükənib, artıq ATƏT Minsk Qrupu vasitəçiliyinin iflası başlayıb.

Onun sözlərinə görə, "Status-kvo dərhal dəyişilməlidir", "status-kvonun dəyişilməməsi region üçün təhlükəlidir" tezisləri sloqana çevrilib: "Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünə, onların arasında dialoqun reallaşmasına edilən cəhdlər nəticəsiz qalıb. Belə ki, ermənilər bu dialoqa razılıq vermir, ümumiyyətlə, icma bölgüsünü qəbul etmir".

Mübariz Əhmədoğlu onu da söylədi ki, erməni şüuru Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dedikdə, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını başa düşür: "Ermənistan tərəfi fikirləşir ki, Dağlıq Qarabağın qaz kəmərinə və ya Qəbələ RLS-ə dəyişdirilməsi məsələsi daim gündəlikdədir. Münaqişənin tənzimlənməsi istiqamətində Dağlıq Qarabağ "rəhbərliyinə" qarşı etirazlar artır. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ probleminin əsasını qoyduqlarını və ermənilərin SSRİ-ni dağıtdığını etiraf edib. Mixail Qorbaçovun dövründə SSRİ-ni dağıtmış ermənilər Kremldə yenidən "məskunlaşıb" və Rusiya dövlətçiliyinə qarşı həmin mövqedədir".

Mübariz Əhmədoğlunun sözlərinə görə, siyasi arenada nüfuzu zəifləyən ermənilər cənub qonşumuz olan İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeni son ümid yeri kimi qəbul edir.

Mübariz Əhmədoğlu 2011-ci ilin əsas hadisələrində olan İranla bağlı məsələyə də toxunaraq vurğuladı ki, İran öz daxili gücü ilə bağlı yalançı hədələrlə məşğuldur. Onun sözlərinə görə rəsmi Tehran yaxşı başa düşür ki, əgər İranın nüvə müharibəsi başlatmaq şansı olsa belə ilk növbədə, bu, onun özünə ziyan edəcək. Mübariz Əhmədoğlu bildirib ki, yola saldığımız ildə müsəlman dünyasında baş verənlər İrana təzyiqi daha da gücləndirib. O, qeyd edib ki, Qərb İranla bağlı özünün arzuladığı nəticəyə gəlmək istiqamətində kifayət qədər qətiyyətlidir. Bu yönümdə atılan addımlar kimi ölkədaxili mühüm starteji obyektlərdə partlayışların törədilməsini, İranın milli valyutası olan tümənin sürətlə devalyasiyaya uğramasını, hakimiyyətdaxili ziddiyyətin kəskinləşməsini də göstərmək olar. Mübariz Əhmədoğlu bildirib ki, İran prezidenti ali dini lider də daxil olmaqla bütün dindarlara qarşı mübarizədə hətta xarici qüvvələrdən də istifadə etməyə hazırdır. Hazırda İran, demək olar ki, bütün qonşuları ilə münasibətlərini kəskinləşdirib.


Aytən Səmədova

Digər xəbərlər