İşğalçı Ermənistan ölkəsi öz müstəqilliyini 20 il bundan öncə - 23 sentyabr 1991-ci ildə elan edib. Tarix boyu ermənilərin türk dünyasına, azərbaycanlılara qarşı törətdikləri saysız-hesabsız cinayətlərlə bağlı geniş bir təhlil aparmaq olar. Lakin bu yazıda isə Ermənistanın son 20 ildə "qazandıqlarına" və itirdiklərinə diqqət yetirək.
Ermənistan müstəqillik qazandığı ilk illərdə Azərbaycan torpaqlarına təcavüz edərək, özünü işğalçı ölkə kimi dünya miqyasında tanıtdı. Ən azı rəsmi sənədlərə görə işğalçı ölkə elan olundu. Çünki BMT-nin qəbul etdiyi 4 qətnamə Ermənistanı istənilən halda səhv çıxartdı, amma doğrudur ki, hələ də, o qətnamələrin icrasından bir xəbər yoxdur.
Elə bu təcavüzkarlığının nəticəsidir ki, ötən 20 ildə Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdən çıxa bilməyib. Xüsusilə, son illərin statistik rəqəmlərini nəzərdən keçirmək kifayət edir. Belə ki, 2010-cu ilin büdcəsində gəlirlər cəmi 2 mlrd. dollar, xərclər isə 2,5 mlrd. dollar, adambaşına düşən ümumdaxili məhsul 2800 dollar təşkil edib ki, bununla da, Ermənistan dünyada 125-ci pillədədir. Mali, Mozambik, Kamboca, Zambiya, Botsvana kimi geridə qalmış ölkələr belə, ÜDM göstəricilərinə görə erməniləri qabaqlayırlar. Ermənistan iqtisadiyyatı daha çox xaricdəki ermənilərin ölkəyə göndərdiyi yardımlardan və investisiyalardan asılıdır.
Ermənistan iqtisadiyyatı tənəzzül girdabında...
Ermənistanda davam etməkdə olan böhranlı durum ölkəni iqtisadi cəhətdən iflic vəziyyətə salıb. Demək olar ki, Ermənistan müstəqillik qazandığı 20 il ərzində hər gün böhranın göstərdiyi acı nəticələrlə rastlaşmaqdadır. MDB Dövlətlərarası Statistika Komitəsinin açıqlaması da deyilənlərin məntiqi nəticəsidir. Belə ki, 2011-ci ildə inflyasiyanın miqdarı 2010-cu ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz olubdur ki, bu da MDB məkanında inflyasiyanın qeydə alındığı ölkələr içərisində ön yerlərdən birini, daha doğrusu, üçüncü yeri tutur. Ölkədə inflyasiyanın bu həddə qalxması Ermənistanda olan acınacaqlı vəziyyətdən xəbər verir.
Ölkənin məhdud iqtisadi imkanlara malik olması, son illər ərzində, demək olar ki, iqtisadi sahədə heç bir inkişafın qeydə alınmaması digər sahələrə də öz təsirini göstərmişdir. Lakin bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyəti bu ağır sosial-iqtisadi vəziyyətin aradan qaldırılmasında aciz qalıb. Hakimiyyətin varlı oliqarxları dəstəkləməsi və onların bütün sahələrdə monopoliya ilə məşğul olmasına göz yumması ölkənin iqtisadi cəhətdən daha da geriləməsinə səbəb olur. Yəni burada artıq dövlət istəsə də öz imkanlarından istifadə edib, böhranın qarşısını ala bilmir. Günü-gündən dramın qiymətinin aşağı düşməsi onun artıq bir valyuta kimi öz əhəmiyyətini itirdiyini və ölkədəki inflyasiyanın hansı səviyyədə olduğunu göstərmiş olur. MDB Dövlətlərarası Statistika Komitəsinin açıqlamasına görə, artıq 1 dollar 368 erməni dramına bərabərdir. Bu göstərici Ermənistan iqtisadiyyatının bugünkü durumunu səciyyələndirir. Hətta ekspertlər Ermənistan valyutasının bu səviyyədə aşağı düşməsini onun "qurşaqdan aşağı zərbə" vəziyyətə düşməsi kimi qiymətləndirirlər.
Bir müddət bundan öncə, Ermənistan bankları arasında aparılan sorğunun nəticələri isə, onu deməyə əsas verir ki, Ermənistanda bu durum hələ önümüzdəki bir neçə ayda, hətta bir ildə də davam edəcək. Onlar bildirirlər ki, cari ildə inflyasiyanın miqdarı 4,8-4,9 faiz olacaqdır.
Ermənistan dövlət qurumlarının hesabatlarında o da yer almaqdadır ki, Ermənistana qoyulan daxili investisiyaların da miqdarı son dövrlərdə azalmaqdadır. Belə ki, ötən illə müqayisədə bu ildə ölkəyə qoyulan daxili investisiyaların miqdarının 12,7 faiz azalacağı bildirilir. Xarici investisiyaların, demək olar ki, yox səviyyədə olmasından narahat olan Ermənistanda daxili investisiyaların da azalması ölkəni daha çıxılmaz vəziyyətə salıb. Eyni zamanda, ölkədə investisiya yatırımlarının qoyulduğu sahələrin də az olması iqtisadi yüksəlişin qeydə alınmasının qarşısını alır.
İqtisadi tənəzzülün daha bir göstəricisi işsizliyin artımı ilə bağlıdır. Son statistik məlumatlara görə, ölkədə 90 minə yaxın işsizin olduğu bildirilir. Əlbəttə, bu, əhalisinin sayı çox olan ölkələr üçün böyük bir göstərici deyil, lakin Ermənistanın əhalisinin də sayının az olması bu rəqəmin nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirmiş olur. Ermənistanda işsizlik probleminin öz həddini aşdığı məlum idi. Ölkəni işsizlik ucbatından tərk edən miqrantların sayı bunu deməyə əsas verir.
Bir sözlə, Ermənistan ağır iqtisadi və sosial böhran içərisindədir. Bunun isə əsas səbəbkarı kimi Ermənistan hakimiyyəti çıxış edir. Onun istər xarici, istərsə də, daxili siyasətdə qeyri-konstruktiv, səmərəsiz, heç bir normalara uymayan mövqe nümayiş etdirməsi Ermənistanın hazırkı acınacaqlı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ölkə daxilində böhranı və çatışmazlıqları aradan qaldırmaq üçün heç bir islahat keçirməyə qadir olmayan Ermənistan rəhbərliyi xarici siyasətdə də qonşuları ilə olan münasibətləri tənzimləmək baxımından irəliyə doğru heç bir addım atmaq niyyətində deyil.
Sonda bir daha qeyd etmək olar ki, Ermənistanda baş verən son proseslər, daha dəqiq desək, 2011-ci ilin yekunları bütövlükdə geniş miqyasda ölkənin 2012-ci ildə də məhvə sürüklənməsinə şərait yaradacaq. Bu isə, onu deməyə əsas verir ki, işğalçılıq və avtoritar hakimiyyət sindromuna yoluxmuş təcavüzkar dövlət heç bir əsasda özünü sığortalaya bilməyib. Həmin şərait isə, tezliklə rəsmi Yerevanın tənəzzülünü, süqutunu reallaşdıracaq.
Aytən Səmədova