PDF Oxu

Araşdırma

  • 2 161

Ermənistan xarici borclarının girovuna çevrilib

Ermənistan xarici borclarının girovuna çevrilib

2012-ci ilin yenicə başlanmasına baxmayaraq, artıq ekspertlər bu ilin də təcavüzkar Ermənistan üçün uğurlu bir il olmayacağını bildiriblər. Politoloqların sözlərinə görə, Ermənistanda baş verən iqtisadi tənəzzül artıq böhran həddinə çatıb ki, bu da ölkədə iqtidarda olan hakimiyyət klanı daxilində baş verən parçalanmaya, çoxsaylı istefalara və əvəzetmələrə, ümumilikdə, dərin sosial-siyasi xaos əlamətlərinin meydana çıxmasına gətirib çıxarıb.

Ən əsas səbəb isə, Serj Sarkisyan iqtidarının, əslində, Ermənistanı idarə etməklə deyil, soymaqla, talamaqla məşğul olmasıdır. Politoloq Rüstəm Məmmədovun qəzetimizə verdiyi açıqlamasında da bu və digər məsələlər aydın şəkildə vurğulanıb: "Mahiyyət etibarı ilə, burada qeyri-adi və təəccüblü heç nə yoxdur. Çünki Azərbaycan torpaqlarının bir hissəsinin - Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalında fəal iştirak edən, bu ərazilərdə minlərlə azərbaycanlını qətlə yetirən, milyondan çox soydaşımızı öz doğma yurdundan qaçqın salaraq, əmlaklarını vəhşicəsinə talan edən belə şəxslər buna, sadəcə, adət ediblər. Başqa sözlə, torpaqlarımızın 20 faizinin işğal edilməsində canfəşanlıq göstərən bu şəxslər xeyli müddətdir ki, Ermənistanda hakimiyyəti qəsb ediblər. Heç kəsə sirr deyil ki, Ermənisitanın sabiq prezidenti Robert Köçəryan və xələfi Serj Sarkisyan Dağlıq Qarabağ separatçılarının rəhbərləri olublar. Bu baxımdan, Azərbaycan vətəndaşı sayılan, azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərə görə, qatı cinayətkar olan bu iki şəxsin, ardıcıl olaraq, Ermənistanda prezident "seçilməsi", bilavasitə, işğalçı ölkənin konstitusiyasına ziddir. Hakimiyyətə 12 il əvvəl sabiq prezident Levon Ter-Petrosyanı devirməklə yiyələnən Qarabağ klanı terrorçu rejimini qorumaqdan ötrü rəqiblərini parlament binasında gülləbaran etməkdən, etiraz mitinqinə çıxan sadə erməniləri atəşə tutmaqdan belə çəkinmir. Bütün bunlar onu göstərir ki, bu gün işğalçı ölkədə qeyri-legitim, mafiyalaşmış, korrupsiyalaşmış, terrorçu rejim hökm sürür".

Politoloq onu da bildirdi ki, Ermənistan iqtidarının total korrupsiyaya uğraması indi onsuz da iflas həddində olan ölkə iqtisadiyyatının sürətlə çökməsinə səbəb olub: "Belə ki, bu ölkənin xarici borcları artıq ümumdaxili məhsulun 50 faizini keçib. İşğalçı ölkənin başçısı S.Sarkisyan isə xarici borcların ÜDM-in 47 faizi həddində olub. İş o yerə çatıb ki, S.Sarkisyanın Ermənistan parlamentindəki ən yaxın tərəfdarları belə, yaranmış vəziyyətdən narazı olduqlarını dilə gətirərək, Yerevan rəsmilərini korrupsiyaya qurşanmaqda ittiham edirlər".

"Bu, siyasi partiyalar, iqtidarla müxalifət arasında münasibətlərin kəskinləşməsi, əhalinin açıq etirazlar dalğası ilə müşayiət olunur" fikrini vurğulayan R.Məmmədov artıq paytaxt Yerevanda və ətraf rayonlarda mitinq dalğasının genişləndiyini də söylədi. Politoloqun sözlərinə görə, Serj Sarkisyan iqtidarı ilə yerli ictimaiyyət arasında böyük ziddiyyət, uçurum mövcuddur: "İqtisadiyyatda baş verən davamlı tənəzzül, korrupsiya, etiraz edənlərin S.Sarkisyan rejimi tərəfindən müxtəlif vasitələrlə cəzalandırılması, gülləbaran edilməsi, həbsxanaya salınması, ölkəni tərk etməyə vadar edilməsi Ermənistan cəmiyyətində baş verən dərin qütbləşmənin əlamətidir. Etirazların davamlı xarakteri isə ölkənin sosial partlayışlar və siyasi kataklizmlər məngənəsində boğulduğunu göstərir. Eyni zamanda, əgər sabiq dövlət başçısı Robert Köçəryan öz rəqiblərini terror yolu ilə sıradan çıxarırdısa, onun xələfi S.Sarkisyan bunu repressiv üsullarla gerçəkləşdirməyə üstünlük verir. Bu səbəbdən, indi Ermənistanda insan hüquqlarına riayət olunması sahəsində vəziyyət həddən artıq acınacaqlıdır. Əhalinin ağır sosial vəziyyəti, ermənilərin yarıdan çoxunun az qala dilənçi vəziyyətində yaşaması isə onları qətiyyən maraqlandırmır. Əksinə, onlar böhran vəziyyətinin uzanmasını öz siyasi hakimiyyətlərinin davam etməsini şərtləndirən amillərdən biri kimi dəyərləndirirlər. Bu səbəbdən, işğalçı dövlətdə əhalinin yaşayış vəziyyəti dözülməz həddə çatıb, burada həyat səviyyəsi böyük sürətlə pisləşməkdədir".

Politoloq onu da söylədi ki, nüfuzlu "Forbes" jurnalı 2011-ci il üçün iqtisadi vəziyyəti ən acınacaqlı durumda olan ölkələrin siyahısını verdiyini və Ermənistanın ən pis iqtisadiyyatı olan ölkələr sırasında yer tutduğunu vurğuladı: "Armenia Today"a istinadən verdiyi məlumata görə, ən pis iqtisadiyyata malik ölkə Madaqaskardır. Jurnal siyahını son illərin makroiqtisadi göstəriciləri və 2012-ci il üçün proqnozlara əsaslanaraq tərtib edib. Qeyd edim ki, siyahıda Madaqaskardan sonra Ermənistan gəlir. Ən pis iqtisadiyyata malik üçüncü ölkə Qvineya, dördüncü Ukrayna, beşinci isə Yamaykadır. Jurnal Ermənistanın heç cür iqtisadi böhrandan çıxa bilmədiyini də yazır: "2009-cu ildə Ermənistanda ümumi daxili məhsul birdən-birə 15 faiz düşüb. Üstəlik, ölkədə yüksək inflyasiya 7 faizdək qalmaqdadır. Adambaşına düşən ÜDM-in həcmi 3 min dollardan azdır".

Politoloqun fikrinə görə, artıq Sarkisyan hakimiyyəti öz davranış və diplomatik çərçivədən kənar hərəkətləri ilə özünü həm Rusiyanın, həm də Qərbin qarşısında "yandırıb". Digər tərəfdən, yoxsul həyat tərzi erməni cəmiyyətində başqa bir təhlükəli demoqrafik problem olan ana və uşaq ölümünün sayını artırır: "World Vision Armenia" beynəlxalq humanitar təşkilatının bu günlərdə yaydığı məlumata görə, Ermənistanda yoxsul ailələrdə uşaq ölümünün sayı hər 1000 nəfərə 41 nəfərdir ki, bu da dünya miqyasında olduqca yüksək göstərici hesab olunur. Ermənistanda iqtisadi durumun getdikcə ağırlaşdığını nəzərə alsaq, bu ölkədə demoqrafik problemlərin də paralel surətdə artmaqda davam edəcəyini söyləmək olar. Hesab edirəm ki, yeni qəbul olunan 2012-ci ilin dövlət büdcəsinin heç bir köməyi olmayacaq. Çünki 2011-ci il üçün qəbul edilən dövlət büdcəsi 2008-ci ildə başlanan və bu gün də davam edən ölkə iqtisadiyyatının çökməsinin göstəricisidir və bu göstərici 2012-ci ildə də davam edəcəyinə tam əminəm. Gülüşdoğurucu da olsa qeyd edim ki, yeni büdcəni "səssizlik büdcəsi" də adlandırardım. Rəsmi məlumatlara görə, bu ölkədə 1 vakant yerə 80 işsiz düşür. Göründüyü kimi, Ermənistanda işsizliklə bağlı vəziyyət kritik həddə çatıb. Ölkədə normal yaşayışı təmin etmək gücündə olmayan Sarkisyan hakimiyyəti isə kütləvi miqrasiyanın qarşısını almaqda acizdir. Ölkə iqtisadiyyatının daha da pisləşməsi, onu deməyə əsas verir ki, vəziyyət belə davam edərsə, Ermənistan iqtisadiyyatını 2012-ci ildə defolt gözləyir. Sonda deyilənləri ümumiləşdirərək demək istəyirəm ki, Sarkisyan rejimi yeritdiyi indiki daxili və xarici siyasətdə köklü dəyişikliklər etmədən Ermənistanı düşdüyü bəlalardan xilas edə bilməz".


Aytən Səmədova

Digər xəbərlər