Dağlıq Qarabağ münaqişəsi neçə illərdir ki, öz həllini tapa bilmir. Bəzi ekspertlər bunu Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə yanaşı, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi ilə də əlaqləndirirlər. Məsələyə münasibət bildirən politoloq Elman Nəsirli bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı ən böyük məsuliyyət ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzərinə düşür.
- 1992-ci ilin mart ayının 24-də özündə 11 dövləti birləşdirən ATƏT-in Minsk Qrupu yaradıldı. Artıq bu qurumun yaradılmasından 20 il müddət keçib. Bir sözlə, ATƏT-in Minsk Qrupunun iş fəaliyyətinə fəaliyyətsizlik kimi qiymət vermək olar. Çünki adıçəkilən təşkilatın fəaliyyəti daha çox regiona çoxsaylı səfərlər və səfərlərin intensivliyi ilə, o cümlədən, tərəflərə sülhə çağrışla bağlı bəyanatlar verməklə yadda qaldı. Bu günə qədər də ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü təklifləri və eyni zamanda, son təklifləri olan 2007-ci ilin noyabr ayında Madrid prinsiplərini və 2009-cu ilin sonlarında isə yeniləşmiş Madrid prinsiplərini Ermənistan tərəfi qəbul etmədi. Bununla belə, sözügedən təşkilat 2010-cu ilin yanvar ayında, yəni Soçi görüşündə iki həftəlik öhdəlik götürdü ki, işğalçı Ermənistan tərəfi bu prinsipləri qəbul edəcək. Artıq demək olar ki, 2012-ci il başlayıb, yəni gerçəklikdə müsbətə doğru heç bir nəticə yoxdur. Belə olan təqdirdə, heç şübhəsiz ki, həmsədrlər özləri-özlərinin simasını və imicini qoruyub saxlamaq üçün işğalçı ölkəyə münasibətdə təsir və təzyiqə malik olmalıdırlar ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi dəyişsin. Amma gerçəklikdə isə bu dəyişmir. Burada işğalçı ölkə, sadəcə olaraq, status-kvo vəziyyətini qoruyub saxlamaqla məşğuldur. Bunu qoruyub-saxlamaq üçün onun bir taktiki gedişi var. Bu gediş ondan ibarətdir ki, işğalçı Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara getməkdən imtina etmir. Yəni, işğalçı dövlət bu danışıqların görüntüsünü yaratmaqla məşğul olur. Bir sözlə, işğalçı ölkə beynəlxalq ictimai fikri bununla aldadır ki, guya Ermənistan sülhpərvər dövlətdir və bu münaqişə ilə bağlı aparılan danışıqlar gedir. Əslində isə, Ermənistan bəri başdan çox gözəl bilir ki, onsuz da bu danışıqlar zaman heç bir razılığa gələn deyil. Bununla da, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən məsələlərin uzanmasına səbəb olur. ATƏT-in Minsk Qrupu həmsədrləri işğalçı Ermənistanın mövqeyini dəyişə biləcək, konkret olaraq, heç bir addımlar atmırlar. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bütün fəaliyyətinin mahiyyəti müharibənin baş verməsinin qarşısını almaqdır. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı ən böyük məsuliyyət ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzərinə düşür. Burada həmsədrlər özləri-özlərinə hörmət edərək, sözügedən münaqişə ilə bağlı verdikləri bəyanatların arxasında durmalıdılar. Bir sözlə, 2012-ci ildə həmsədrlər bu müddət ərzində keçdikləri yola nəzər yetirərək, başa düşməlidilər ki, onlar tərəfindən yeridilən bu səmərəsiz siyasət bu il də davam edəcəksə, Azərbaycan ictimaiyyətində və xalqımızda bu institutun fəaliyyətinə çox ciddi inamsızlıq yaranacaq.
GÜLYANƏ