Son zamanlar işğalçı Ermənistanda insanların yaşayış tərzi, hakimiyyət və cəmiyyət münasibətləri kifayət qədər çətin, problemli və böhranlı bir durumdadır. Günahsız insanların qanına susamaqla, qoca, cavan demədən bəşər övladını gülləbaran etməklə, hakimiyyətə gələn Serj Sarkisyan rejimi, əslində, hərbi xunta fəaliyyəti daşıyır. Bütün bunlara görə də, Ermənistanın düşmüş olduğu ağır sosial-iqtisadi vəziyyət, işğalçılıq siyasəti onun qonşu ölkələrdən tamamilə təcrid olunmasına səbəb olur. Hansısa başqa bir dövlətlə münaqişə yaratmaqla öz problemlərini həll etməyə çalışan Sarkisyan buna nail ola bilmir. Nə qədər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb, o zamana qədər də Ermənistan çökməyə və bununla da iflasa məhkum olacaqdır.
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu "Səs" qəzetinə verdiyi açıqlamasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı son proseslərə də toxunaraq qeyd edib ki, Ermənistanın davranışları bu ölkənin təhlükədə olduğunu göstərir: "Ermənistan proqnozlaşdırılan heç bir addımı atmır. Çünki bu ölkə davadan və konfliktdən pul qazanır. Yerevan Dağlıq Qarabağ məsələsində nə Rusiyadan, nə də ABŞ-dan dəstək alır. Düşmən ölkənin davranışları Rusiyanın sarsılmazlığını şübhə altına alır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin davam etməsi, həmçinin, işğalçı ölkənin iqtisadiyyatının tamamilə tənəzzülə uğraması və bir dövlət olaraq, varlığına son qoyulması deməkdir".
Politoloq Ermənistan hərbisində də vəziyyətin qətiyyən qənaətbəxş olmadığını vurğulayıb: "Hərbidəki durum çox acınacaqlıdır. Sıravi əsgərlərlə zabitlər arasındakı gərginlik, qarşıdurma, söyüş, təhqir artıq son həddə çatıbdır. Bu gün işğalçı Ermənistan ordusunda aclıq, səfalət və bütün bunlara bərabər özbaşınalıq hökm sürür. Hətta Ermənistanın səhra komandirləri də bunu çəkinmədən etiraz etməkdədir".
Ermənistan-İran münasibətlərinin tam yeni səviyyədə olduğunu vurğulayan SİTM rəhbəri bu əməkdaşlığın kökündə anti-Azərbaycan siyasəti dayandığını dilə gətirib. Vurğulayıb ki, Azərbaycan torpaqlarının 20 ildir ki, Ermənistan tərəfindən işğal altında qalmasının yalnız bir günahkarı var. "Bu məsələdə hələ də, normal münasibiətlərə uyğun qərar qəbul etməyən İran qarşılıqlı əməkdaşlıq müstəvisindəki prinsiplərə də hörmətsizlik edir" deyən M.Əhmədoğlu qonşu ölkənin düşmən dövlətlə əlaqələrinə olduqca mənfi münasibətin olduğunu da dilə gətirib: "Həm ABŞ-ın, həm də Rusiyanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi 20 il ərzində kifayət qədər dəyişib. Amma bütün bunların müqabilində isə Ermənistanda belə bir fikir formalaşıb ki, İran Dağlıq Qarabağın müstəqilliyini istəyən yeganə dövlətdir. Bundan əlavə, siyasi səhnədə olduqca geriləyən Ermənistanın iqtisadi cəhətdən tam iflasa uğradığı hər kəsə məlumdur. Məhz bu səbəbdən də, bu gün Ermənistanın kifayət qədər əlavə resurslara ehtiyacı yaranıb. Hazırda isə müəyyən dövr özünə himayədar bildiyi nə ABŞ, nə də Rusiya Ermənistana heç bir yardım etmir. Bunun əksinə olaraq, islam ölkəsi olan İran Ermənistanın mövcudluğunu itirməməsi üçün əlindən gələni edir. Amma atılan addımlar, görülən zəruri tədbirlər də, Ermənistanın ağır bəladan qurtulmasını köməklik etmir. Cari il düşmən ölkə üçün əvvəlki illərdən də daha ağır bir dövr olacaq".
Politoloq onu da qeyd etdi ki, Ermənistanın aparıcı müxalifətinin rəhbəri Ter-Petrosyan ərəb ölkələrində baş verən aksiyanın, hakimiyyət dəyişikliyinin nə vaxtsa Ermənistanda da baş verəcəyini bəyan edib. Bu gün hər kəs cinayətkar Sarkisyan rejiminə qarşıdır, həm də həmin siyasi rejimin bir-birinin ardınca çox mənfi biznes fəaliyyətləri, kriminal aləmlə mütəmadi əlaqələri, qeyri-insani "alver" xobbisi üzə çıxır.
Politoloq bildirdi ki, bu yaxınlarda ABŞ-ın Kaliforniya ştatında indiyə qədər çoxlu sayda erməni həbs edilib. Həbs olunan ermənilər müxtəlif qətllərdə, bankomatların saxtalaşdırılmasında, qocaların pensiyalarının oğurlanmasında və sadalamaqla bitməyən bir sıra cinayət əməllərində ittiham edilirdilər. Bundan əvvəl isə təxminən ötən ilin oktyabrında Amerikada çox böyük məbləğdə pul yığaraq, Ermənistana göndərirdilər. Və sonradan məlum olub ki, bu adamların Sarkisyanla əlaqəsi vardı. Onlar yığdıqları pulu Sarkisyanın Belçika banklarındakı hesabına köçürüblər. Artıq Sarkisyan siyasi dayaqlarını tamamilə itirməkdədir. Bu nöqteyi-nəzərdən Sarkisyan rejiminin çökməsinə çox az zaman qalıb. Sərsəm Sarkisyan bu gün qorxu içindədir, öz ölkəsindəki xalqından, rəqiblərindən, törətdiyi əməllərə, tökdüyü nahaq qanlara görə, cəza çəkəcəyindən qorxur. Bu cəza həm tarixin, həm də Tanrının verəcəyi cəza olacadır. Hər dəfə danışıqlar masasına oturan zaman Sarkisyan özünü "patriot" kimi göstərməyə çalışır. Ona görə də, kompromislərə getmir və belə olan təqdirdə, danışıqlar da nəticəsiz qalır. Qarşıda Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü var. Həmin görüşün də yanvar ayının sonlarında Soçidə keçiriləcəyi nəzərdə tutulur. Bu görüşdən gözləntilərimiz çoxdur. İndiyə qədər ATƏT-in Minsk Qrupunun həmsədrləri Madrid prinsiplərinin təzələyərək, "Yeniləşmiş Madrid prinsipləri" hazırlayır. Azərbaycan bunu əsasən qəbul edibdir. Amma Ermənistan hələ ki, o prinsipləri qəbul etməyib.
Politoloq Sarkisyanın qeyri-konstruktiv mövqeyini əsas gətirərək, danışıqlara o qədər də nikbin yanaşmadığını söylədi: "Amma danışıqlar bir tərəfdən müəyyən ümidlər yaratsa da, o biri tərəfdən Sarkisyanın ziddiyyətli xarakteri və çıxılmaz vəziyyətə düşməsi danışıqların yenə də nəticə verməyəcəyi qənaəti doğurmur".
Aytən Səmədova