Bu il ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrdə prezident seçkiləri keçiriləcək. Bu isə müəyyən mənada Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək. Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu vurğuladı ki, ABŞ, RF və Fransada keçiriləcək prezident seçkiləri Dağlıq Qarabağ probleminin həllində ləngiməyə səbəb olacaq.
- 2012-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrində prezident seçkiləri keçiriləcək. Bu baxımdan, hesab edirəm ki, prinsipial məsələlərin həllində ciddi addımların atılmasının baş verməsi gözlənilən deyil. ABŞ-da səsvermə hüququna malik çox sayda ermənilər yaşayır. Bu baxımdan adıçəkilən ölkə erməniləri narazı salmayacaq. Çünki münaqişənin həlli dedikdə, biz təbii olaraq, Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasını və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını nəzərdə tuturuq. Təbii ki, bunu da ermənilər istəmir. Bizim maraqlarımıza, ədalətli və obyektiv mövqelərmizə uyğun addım atmaq ermənilərin maraqlarına cavab vermir. Fransada da prezident seçkiləri keçiriləcək. Fransanın atdığı addımlar göz önündədir. Bu yaxınlarda adıçəkilən ölkənin parlamentinin aşağı palatasında uydurma "erməni soyqırımı" məsələsi qəbul olundu. Təbii ki, bütün bunlar da Fransada seçki öncəsi atılan strateji addımlardır. Demək olar ki, Fransada çoxsaylı ermənilər yaşayır. Orada yaşayan erməni əsilli vətəndaşların müsbət münasibətini qazanmaq üçün bu gün N.Sarkozi hakimiyyəti nəinki ermənilərin zərərlərinə, əksinə, onların maraqlarına cavab verən addımların atılmasına çalışacaq. Eyni zamanda, bu il Rusiyada da prezident seçkiləri keçiriləcək. Təbii ki, Rusiyada prezident seçkilərinin keçirilməsində ermənilərin səs verməsi həlledici rol oynamır. Adı çəkilən ölkədə kifayət qədər azərbaycanlılar yaşayır. Amma burada RF-nin digər maraqları da var. Bir sözlə, Rusiyanın regionda geosiyasi maraqları var. Hiss olunur ki, münaqişə vəziyyətinin saxlanılması hələ ki, RF-nin maraqlarına cavab verir. Bu baxımdan, hesab edirəm ki, 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı ciddi bir addımın atılması inandırıcı görünmür. Bildiyiniz kimi, yanvar ayının 23-24-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə üçtərəfli görüşü gözlənilir. Bu görüş 2012-ci ildə prezidentlərin üçtərəfli formatda ilk görüşüdür. Rusiyada regionda mövqelərinin güclənməsi sözügedən münaqişəsin tənzimlənməsi ilə bağlı müəyyən ümidlər yarada bilər. Amma bu ümidlərin reallığa çevrilməsi növbəti illərdə baş verəcək. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə tənzimlənməsini hər zaman gündəmdə saxlayır. Prezident İlham Əliyev bir müddət öncə müsahibəsində qeyd etdi ki, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin dondurulmasına heç vaxt yol verilən deyil". Bu gün dünyanın digər gücləri var. Təəssüflər olsun ki, həmin güclər bu gün ikili mövqelərdən çıxış etməkdədirlər.
Təbii ki, Ermənistanın obyektiv və əsaslı narahatçılığı mövcuddur. Çünki Azərbaycanın hərbi gücü və potensialı Ermənistanla müqayisə olunacaq səviyyədə deyil. Bu gün Azərbaycan dövlətinin iqtisadi və hərbi qüdrəti Ermənistandan qat-qat yüksəkdir. Demək olar ki, işğalçı Ermənistan istər iqtisadi, istər hərbi, istərsə də bütün sahələr üzrə çox geridə olan ölkədir. Bu gün Ermənistanın mövcudluğu xarici donorlardan alınan yardımlardan asılıdır. İşğalçı ölkə xarici donorların hesabına yaşayır. Əgər həmin xarici donorlar işğalçı ölkəyə himayəçiliyi olmasa, Ermənistan bir dövlət kimi sıradan çıxa bilər.
GÜLYANƏ