PDF Oxu

Araşdırma

  • 911

Sarkisyan məğlub olduğunu anlayır

Sarkisyan məğlub olduğunu anlayır

20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan dünya birliyinin, beynəlxalq təşkilatların qəsbkar siyasətə son qoyulması tələbinə əhəmiyyət vermir. Ermənistanın işğalçılıq siyasəti zamanı yüzlərlə azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürüldü, işgəncələrə məruz qaldı, insanlar diri-diri tonqalda yandırıldı. Baş vermiş bütün bu hadisələr erməni vandalizminin, vəhşiliyinin, qəddarlığının əyani sübutudur. Beynəlxalq qurumlar ATƏT, AŞPA, BMT, İKT Ermənistanı işğalçı dövlət kimi tanıyıb. BMT- nin çıxardığı dörd qətnaməyə əsasən erməni separatçıları işğal etdikləri Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmalıdır. Lakin indiyə qədər Ermənistan hakimiyyəti açıq şəkildə dünya birliyinə qarşı çıxaraq çıxarılmış məlum qətnamələrin icrasını həyata keçirməyib.

"Bu gün düşmənimiz olan ermənilər işğalçı, zorakı təfəkkürə malik bir millətdir. Zamanında Dağlıq Qarabağda yaşayan ermənilər sonra orada ikinci erməni dövlətinin yaranmasına iddialı olublar. Lakin onların bu "qara niyyətləri" reallıqda heç zaman öz həllini tapa bilməyəcək" fikrini "Səs" qəzetinə açıqlayan politoloq Elman Nəsirli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bir çox sahələrlə yanaşı, Dağlıq Qarabağ probleminin indiki vəziyyəti ilə də bağlı aydınlıq gətirib. E.Nəsirli onu da vurğulayıb ki, müşavirədə ölkə Prezidenti qeyd etdi ki, Azərbaycan dövləti sülhpərvər dövlət olduğundan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların keçirilməsində maraqlıdır. Münaqişənin sülh yolu ilə həllini istəyir. Eyni zamanda, dövlət başçısı qeyd etdi ki, hər kəsə bəllidir ki, bu münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərb yolu. Üçüncü yol yoxdur. Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır. Biz birinciyə üstünlük veririk.

E.Nəsirli yanvarın 23-24-də Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşü ilə də bağlı fikirlərini bildirərkən vurğuladı ki, 2011-ci ildə xarici siyasətdə çox yaddaqalan və tarixi hadisələr baş vermişdir: "Məlum olduğu yanvar ayından Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzv kimi fəaliyyətə başlayıbdır. Bu, bizim böyük siyasi qələbəmizdir. Bu qələbə müstəqilliyimizin 20 illik yubileyinə təsadüf etmişdir. Qeyd edim ki, Soçi danışıqlarında Azərbaycan, həmçinin, BMT TŞ-nin qeyri-daimi üzvü kimi qatılacaq və bu Ermənistanın təlaş keçirməsinə səbəb olacaq.

Politoloq E.Nəsirli əlavə etdi ki, işğal altında olan Dağlıq Qarabağda olan özbaşınalığı, narkotik maddələrin istifadəsini, abidələrimizin dağılıb, yerlə yeksan olmasını ATƏT-in Minsk Qrupunun həmsədrləri bütün dünyaya olduğu kimi çatdırmaqda tərəddüd edirlər. Politoloqun sözlərinə görə, bütün bunların arxasında hansısa bir siyasi oyun durur və onların bu oyunu nə vaxt bitirəcəkləri məlum deyil. ATƏT-in Minsk Qrupu formal olaraq, yalnız beynəlxalq güclərə lazımdır. Hal-hazırkı şərtlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupundan müsbət heç nə gözləmək olmur. Onlar öz fəaliyyətlərini daha da gücləndirməli, münaqişənin həllində konkret mövqe nümayiş etdirməlidirlər.

Ermənistanın hərbi potensialının, demək olar ki, yox dərəcəsində olduğunu deyən E.Nəsirli bildirdi ki, Ermənistan Rusiyanın, İranın və Amerikanın hesabına silah-sursat, əsgər əldə edə bilib. Və bununla da, Serj Sarkisyan rejimi çox böyük fəxr hissi keçirir. Reallıqda isə, bu həmin ölkəyə başucalığı gətirmir, əksinə, kölə vəziyyətində olmasını bir daha əyani şəkildə təsdiq edir. Rusiyanın forpostu rolunda çıxış edən Ermənistana əgər kənar ölkələrdən dəstək gəlməsə, o, heç zaman Dağlıq Qarabağ münaqişəsində və status-kvonun saxlanılmasında bu qədər "israrlı" olmazdı. Ermənilər də çox yaxşı bilir və dərk edirlər ki, onların Azərbaycan kimi böyük bir hərbi potensiala sahib olan dövlətlə mübarizə aparmaları qeyri-mümkündür. Bütün hallarda Azərbaycan Silahlı Qüvvələri Ermənistanı darmadağın etməyə və erməni separatçılarını işğal edilən Dağlıq Qarabağdan çıxarmağa qadirdir.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər