Ermənistanda 2013-cü ilin yazında keçiriləcək parlament seçkilərində ən gərgin mübarizə hakimiyyətlə müxalifət arasında deyil, məhz hakimiyyət daxilindəki qruplaşmalar və dəstələr arasında yaşanacaq desək, yanılmarıq. Həmçinin, bu kəskin mübarizə prezident Serj Sarkisyanın nəzarətində olan və bu nəzarət çərçivəsindən kənara çıxmağa can atan dəstələrin fəaliyyət məkanı ilə də kifayətlənməyəcək. Eyni zamanda, seçkilər həm də Ermənistanda Rusiya və Qərb arasında "mövqe döyüşləri"nin yaşandığı dövr kimi yadda qala bilər. Reallıq hissini itirmiş iqtidarla həmin hissin qırıntıları ilə vurnuxan müxalifətin qarşıdurması maraqlı mənzərə təsiri bağışlasa da, hər şeyin olduğu kimi qalmasını şərtləndirə bilər.
Onu da qeyd etmək yerinə düşərdi ki, qarşı tərəflər kəskin, bəlkə də qanlı mübarizəyə çox ciddi hazırlaşıblar və əsla geri çəkilmək, hər hansısa kompromislərə, bağışlamalara getmək niyyətində deyillər. Habelə, ABŞ və Avropa Birliyinin indiyədək geosiyasi qarşıdurmanı aşkar şəkildə uduzduqları, Rusiyanın təsir rıçaqlarını əsla zəiflədə bilmədikləri Ermənistanla bağlı planlarında ciddi korrektələr olunmasına dəlalət edən fakt qismində Sarkisyanın guya onlara parlament seçkilərinin "demokratik və ədalətli" keçiriləcəyini vəd etməsi təki faktı göstərmək mümkün olardı. Lakin bu amil aşkar idiotizm sayılardı, çünki Ermənistanın dövlət müstəqilliyinin 20-ci ilində Sarkisyanın qəflətən demokratiyaya tapınaraq ədalətli, şəffaf və ən başlıcası, səs verən insanlarının mövqelərinin olduğu kimi əks olunacağı seçkilərin keçirilməsinə çalışması onun könüllü siyasi, hətta fiziki ölümü olardı.
Qərbli diplomatların yenə də hər şeyi olduğu kimi deyil, görmək istədikləri kimi qələmə vermək cəhdlərini və ya Sarkisyanın intihara meyil səviyyəsinin ölçülməsini kənara qoyaq. Hətta Ermənistanla bağlı müşahidələrin dəqiqliyi, gözləntilərin məntiqiliyi və parlament seçkilərinədək mövqelərin seçilməsi məsələlərində Qərbin davranışlarını da, hələlik, nəzərə almayaq. Axı istənilən halda ABŞ ilə Avropa Birliyinin yekun mövqeyini həqiqət, ədalət və ya demokratiya prinsipləri yox, Ermənistanda yaranmış konkret situasiya ilə bağlı dəqiq mənafelər müəyyənləşdirəcək.
Moskva daxili problemlərinin həllinə üstünlük verərək Ermənistanla bağlı məsələlərdə zahiri passivlik nümayiş etdirir
Qərbin belə zahiri fəallığı ilə müqayisədə Rusiya sakit təsir bağışlayır. Təbii, bu sakitlik aldadıcı, nisbidir - Moskvanın Ermənistandakı daxili siyasi hadisələrə qarışmaq və bu prosesləri idarə etmək ənənəsindən qəflətən əl çəkdiyini, Yerevanı, artıq sadəcə, müttəfiq dövlət statusunda görməyə başladığını düşünmək belə, sadəlövhlük olardı. Görünən budur ki, Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərdən sonrakı vəziyyət Moskvanın başını hələlik, müvəqqəti də olsa, qatdığından Moskva daxili problemlərinin həllinə üstünlük verərək Ermənistanla bağlı məsələlərdə zahiri passivlik nümayiş etdirir.Bu vəziyyət ermənilər üçün əsil baş ağrısına çevrilə bilər. Məsələ ondadır ki, Rusiya guya passiv olduğunu göstərir və Ermənistanda təşəbbüsü Qərbə verdiyini nümayiş etdirir, yenidən kuluar fəaliyyətinə keçir. Bu baxımdan Moskvadakı "Miabanutyun" erməni klubunun rəhbəri Sumbat Karaxanyanın müsahibəsi yetərincə maraqlıdır. Bu klub adi qurum deyil, Rusiyanın Ermənistandakı daxili siyasi proseslərə təsir kanallarından biridir. S.Karaxanyan müsahibəsində Ermənistan prezidenti S.Sarkisyan və onun komandası ilə yanaşı, erməni oliqarxlarını da Qərbə meyilli olmaqda günahlandırır. O, daha sonra bildirir ki, Sarkisyanın komandası Ermənistanı Rusiyadan qoparmaq üçün əlindən gələni edir.
Əgər belədirsə, Karaxanyanın müsahibəsi təsadüf sayıla bilərmi? Çətin ki...
Cinayətkarlar və oliqarxlar bütün əməllərini Qərbin boynuna yıxmaq istəyirlər
Rusiya Ermənistandakı əsas dayağı olan Sarkisyan rejimi və kriminal-oliqarxik dəstəni Qərbə meyilli olmaqda suçlamaqla ölkədə keçiriləcək parlament seçkiləri öncəsi bu oliqarxik, cinayətkar sistemin bütün əməllərinə görə məsuliyyəti Qərbin boynuna atmağa cəhd göstərir. Yəni Sarkisyanın kriminal-oliqarxik hakimiyyətini Qərb qarşısında diz çökməkdə, ABŞ ilə Avropa Birliyinə lakeylik etməkdə ittiham etməklə, Rusiya parlament seçkilərindən sonrakı dövrdəki hərəkətləri üçün indidən zəmin hazırlayır. Ermənistan prezidenti Serj Sarkisyanın başında durduğu kriminal-oliqarxik sistemin parlament seçkiləri zamanı nə edəcəyi isə ölkədə çoxlarına indidən bəllidir...
R.RƏSULOV