PDF Oxu

Araşdırma

  • 1 442

“Human Rights Watch” - beynəlxalq münasibətlər sistemində təzyiq və maraq qrupu qismində çıxış edən sifariş xarakterli, lobbist təsisat

“Human Rights Watch” - beynəlxalq münasibətlər sistemində təzyiq və maraq qrupu qismində çıxış edən sifariş xarakterli, lobbist təsisat

Artıq bildiyimiz kimi, ABŞ-da fəaliyyət göstərən və dünya ölkələrində guya, insan hüquqları, sosial-siyasi təsisatların demokratik indekslər baxımından durumu və fəaliyyət mexanizmi kimi fundamental məsələləri öz təbirincə "araşdıraraq" hesabatlar hazırlayan "Human Rights Watch" təşkilatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı növbəti qərəzli hesabatını hazırlayıb. Belə ki, Berlində açıqlanan qərəzli hesabatda tamamilə yalan və böhtanlar əvvəlkilərdən heç də fərqlənməyib. Bu isə, onu deməyə əsas verir ki, son zamanlar mütəmadi xarakter almağa başlayan bu və bu kimi təşkilatların ölkəmizə qarşı hazırladıqları hesabatları bilavasitə sifarişlidir və həmin sifarişlərin arxasında bir sıra qaranlıq məqamların dayandığı da sirr deyil.

Onu da qeyd edək ki, "Human Rights Watch"ın bütün hesabatları heç də öncə verdiyi hesabatlardan fərqlənmir. Və guya, bu təşkilat hansısa mənbələrə istinad edir. Bəs maraqlıdır, görəsən, bəhs olunan təşkilat illik hesabatını tərtib edərkən Azərbaycanla bağlı apardığı araşdırmalarda ilkin mənbə kimi hansı informasiya resurslarına istinad edir?


Yenə siyasiləşmiş QHT-lər, yenə radikal müxalifət


Adıçəkilən təşkilatın qərəzində öz əksini tapan məqamlara və detallara baxdığımız zaman bir daha əyan olur ki, məhz bu dəfə də Azərbaycanla bağlı "əsas informasiya mənbəyi" qismində ölkədə fəaliyyət göstərən bir sıra qeyri-ciddi radikal müxalifət qəzetləri və siyasiləşmiş QHT-lər, "hüquq müdafiəçiləri" çıxış edib. Hansı ki, sözügedən media qurumları və dairələr öz fəaliyyətləri ilə ideoloji müstəvidə ictimai rəyi çaşdırmağa və yanlış istiqamətə yönləndirməyə cəhd edirlər. Belə olan halda, özünü "ciddi araşdırmalar aparan transmilli təsisat" qismində təqdim edən bir təşkilatın bu kimi hesabatlarını hansı dərəcədə ciddi və obyektiv araşdırma kimi qəbul etmək olar? Və bir hesabat təsisatı özünün "obyektiv" araşdırmalarında ilkin informasiya mənbəyi kimi siyasi manipulyasiya funksiyasını sifarişlərlə yerinə yetirən media qurumlarının dezinformasiyalarını götürür, belə olan vəziyyətdə həmin hesabatlar hansı önəmi daşıyır?


Ölkəmizdə media və söz azadlığı ən yüksək səviyyədə inkişaf edib


Birmənalı olaraq, qeyd etmək lazımdır ki, son illər Azərbaycan mətbuatının inkişafında çox böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilib və keçirilməkdədir. Xüsusilə də, son illər Azərbaycan mətbuatının inkişafında mühüm qərarların qəbulu və mətbuatın problemlərinin həllinə yönəlmiş əhəmiyyətli addımların atılması, dövlət tədbirlərinin keçirilməsi ilə yadda qaldı. Ümumiyyətlə, Azərbaycanda KİV-in inkişafı ilə bağlı aparılan siyasətin məntiqi nəticəsidir ki, bu gün ölkəmizdə yüzə yaxın həftəlik, 30-dan çox gündəlik qəzet nəşr edilir, 8 ümumrespublika telekanalı fəaliyyət göstərir.

Ötən illər ərzində Azərbaycanda davamlı şəkildə KİV-lə bağlı keçirilən tədbirlər, həmçinin, dövlət başçısı tərəfindən imzalanan Fərman və sərəncamlar isə mətbuatın inkişafında əsaslı irəliləyişlərin əldə olunmasını şərtləndirməkdədir. Görülən bütün tədbirlər Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin milli mətbuatımızın inkişafına, jurnalistikanın problemlərinin həllinə həssas münasibətini, yüksək diqqətini ifadə edir. Təbii ki, mətbuat nümayəndələri də bu diqqət və qayğını görür, onu yüksək qiymətləndirir. Məhz bu qiymətləndirmənin məntiqi nəticəsi olaraq, "RUH" Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsinin 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun qalibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olub.


Azərbaycanda vicdan azadlığı təmin olunub


Azərbaycanda ictimai həyatın bütün sahələrində gedən inkişafı, cərəyan edən mütərəqqi prosesləri bilərəkdən, məqsədli şəkildə diqqətdən yayındırmağa cəhd göstərən "Human Rights Watch" təşkilatı Azərbaycanda dini etiqad və vicdan azadlığı məsələsinə münasibətdə də qərəzli mövqeyinə sadiq qalır. Hesabatda ötən il ölkədəki bütün dini icmaların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təkrar qeydiyyatdan keçməsinə, bir neçə icmanın isə qeydiyyata alınmamasına, eləcə də, qondarma hicab məsələsinə mənfi don geyindirilməyə səy göstərilib. Ancaq burada qanundankənar, yaxud tolerantlığa zidd heç nə yoxdur. Azərbaycanda topluma yararlı məqsədlərlə, ölkə qanunları çərçivəsində fəaliyyət göstərən istənilən dini icma üçün qeydiyyatdan keçmək məsələsi heç bir problem yaratmır. Yalnız gördüyü işlərin arxasında çoxsaylı qaranlıq məqamları olan, şəffaflıqdan yayınan bəzi radikal dini qurumlar qeydiyyatdan keçmək üçün lazım olan sənədləri təqdim edə bilmədiklərindən qanuna müvafiq olaraq qeydiyyatdan kənarda qalırlar. Qeyd edək ki, ölkəmizdə qeydiyyatdan keçə bilməyən dini icmaların fəaliyyəti ictimai sabitliyə təhlükə törətdiyindən və aqressiv xarakter daşıdığından bir çox ölkələrdə, o cümlədən, Avropada da qadağan olunub. Buradan isə, təbii olaraq, belə bir sual meydana çıxır: Bəzi dini icmaların fəaliyyətinin əksər Qərb dövlətləri ərazisində qadağan edildiyi halda hansı əsasla həmin icmaların başqa ölkələrdə fəaliyyət göstərməsinin dövlət tərəfindən dəstəklənməsi tələb oluna bilər? Sözsüz ki, bu, yenə də təşkilatın qərəzli mövqeyindən xəbər verir.

Son məlumatlara görə, Azərbaycanda 500-dən artıq dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. Onların arasında müxtəlif konfessiyalara mənsub dini qurumlar da mövcuddur. Bəlli olduğu kimi, respublikamızda vətəndaşların vicdan azadlığı və hüquq bərabərliyi əsasında dini etiqad məsələlərində tam sərbəstliyi təmin olunub. Təsadüfi deyil ki, bu gün Azərbaycanda mövcud olan dini tolerantlıq mühiti beynəlxalq miqyasda nümunəvi model kimi dəyərləndirilir. Belə olan halda, "Human Rights Watch" təşkilatının məsuliyyətli yanaşma və tutarlı faktlara söykənən ciddi təhlillərdən uzaq qərəz dolu hesabatı ölkəmizdəki dini azadlıqlarla bağlı vəziyyəti gerçəkliyə uyğun işıqlandırmır. Eyni zamanda, sözügedən təşkilat Azərbaycanda əldə olunmuş sabitliyə, tolerantlığa şər toxumları səpməyə cəhdlər göstərir.


Subyektivlik arxasında dayanan "obyektivlik"


Sözügedən hesabatda Azərbaycanla bağlı əks olunmuş digər iddialar da olduqca ziddiyyətli və qərəzlidir. Belə ki, burada irəli sürülmüş fikirlərin reallığa müvafiq olmayaraq təhrif olunduğunu nəzərə çatdırmaq üçün onlara sadəcə nəzər yetirmək kifayət edir. Belə ki, qərəzli hesabatda qeyd edilir ki, beynəlxalq və dini təsisatlar, o cümlədən, tərəfdaşlar Azərbaycanda insan hüquqlarının vəziyyəti, xüsusilə də, media azadlıqları ilə bağlı narahatlıqlarını və tənqidlərini ifadə edir. Bu münasibətin və ya iddianın yanlış, qərəzli və ziddiyyətli olduğunu müəyyən etmək üçün sadəcə bir neçə fakta toxunmaq kifayətdir.

1. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının mütləq surətdə təmin olunması və inkişafı üçün dövlət öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməkdədir.

2. Konstitusion əsaslı hüquq və azadlıqların-sərbəst toplaşmaq, dini etiqad, sərbəst özünüifadə kimi azadlıqların yüksək səviyyədə təmin olunması reallığı əks etdirən başlıca nüanslardır.

3. Media azadlığının mütləq surətdə bərqərar olunması yönündə dövlətin öz funksiyaları çərçivəsində öhdəliklərini yerinə yetirməsi də fundamental arqumentdir.

4. Bunlar onun göstəricisidir ki, ölkəmizdə media azadlığı sahəsində iddia edildiyi kimi, hər hansı bir ciddi xarakter daşıyan qanunazidd problem mövcud deyil...

Sadalanan bu kimi faktlar ölkəmizdəki real vəziyyətin təhlili bir daha göstərir ki, ölkəmizdə bütün sahələrdə böyük inkişaf var və müəyyən güclərin təxribat xarakterli davranışları bu inkişafa mane ola bilməz. Bəs belə olan halda, "Human Rights Watch" təşkilatının Azərbaycandakı real vəziyyəti, əsil faktları bir kənara qoyub, qərəzli, həqiqətdən uzaq hesabat hazırlaması və onun cəmiyyətə təqdim olunması hansı məqsədə xidmət edir? Təbii ki, bu sualın da cavabı kifayət qədər aydın və başadüşüləndir.

Demokratik norma və dəyərlərdən təzyiq vasitəsi kimi istifadə edən "Human Rights Watch" beynəlxalq miqyasda mövcud olan təzyiq qruplarını xatırladır. Məhz buna görə də "Human Rights Watch" öz qərəzli hesabatlarında konkret, real faktlardan yan keçərək, subyektiv maraqlara söykənən çalarlara geniş şəkildə yer ayırır. Başqa sözlə, ambisioz qrupların strateji səciyyəli transmilli maraqlarının reallaşması missiyasına xidmət edən bu kimi qərəzli təşkilat müxtəlif ölkələrdə ictimai-siyasi və ideoloji müstəvidə paradoksal situasiya yaratmağa hesablanmış qeyri-ciddi hesabatlarla çıxış edir. Bu amil təşkilatın beynəlxalq münasibətlər sistemində təzyiq və maraq qrupu qismində çıxış edən sifariş xarakterli, lobbist təsisat olduğunu ehtiva edir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər