Bu gün Fransa siyasətinin gerçək mahiyyətinə bələd olmaqdan ötrü sadəcə tarixə nəzər salmaq kifayət edir. Məhz bu səbəbdən də özünü "demokratiyanın beşiyi" adlandıran bu Avropa parçasının- Fransanın son yüz il ərzində atdığı addımların bariz nümunəsi olan "inkar qanunu" türk dünyasında təəccüblə qarşılanmamalıdır. Fransa ötən yüz illik tarixində hansı "şərəfə" nail olub sualına cavab verməmişdən öncə, həmin tarixi faktlara diqqət yetirməyimiz kifayət edər.
FRANSANIN TARİXİ "NAİLİYYƏTLƏRİ"
Fransa 1915-ci ildə Türkiyənin Anadolu regionunda Antep-Maraş bölgəsini işğal edərək, yüzlərlə kənd və qəsəbələri yandırdı, minlərlə adamı amansızcasına qətlə yetirdi. Həmin qətliamlarda Fransaya dəstək göstərənlər arasında ermənilərin çoxluq təşkil etməsi də heç kimə sirr deyil.
25 iyul 1920-ci ildə böyük qismi Seneqal və Məğribdən ibarət olan Fransa ordusu 90 min əsgərlə Şamı işğal etdi. Yaxın Şərqdə Fransanın rəhbərliyi altında olan bölgələr 1925-ci ilə qədər hərbi vəziyyət altında qalmışdı. Bölgəyə yatırılan hərbi investisiyalar vətəndaşlar üçün göndərilən sosial yardımlardan 10 dəfə çox olub ki, bu da Fransanın işğalçı, qaniçən siyasətə daha çox üstünlük verməsini sərgiləyir. 1946-cı ildə öz ordusunu geri çəkməmişdən əvvəl Şamı bombalayan Fransa ordusu 500 insanı qətlə yetirib.
Eyni zamanda, Fransa dövləti Livanda da uzunmüddətli müstəmləkəçi güc olaraq müstəmləkəçilik siyasətini yürüdüb. Həmin zamanlarda reallaşdırılan qırğınlarda Fransanın payı heç də az olmayıb.
Fransa 1947-ci ildə Madaqaskarda azadlıq və müstəqillik tələbi ilə qiyam qaldıran xalqa qarşı misli görünməmiş qırğın törədərək 40 min madaqaskarlını qətlə yetirdi.
Eləcə də, Əlcəzair faciələrinin baş verməsində, insanların qəddarlıqla öldürülməsində Fransanın "xüsusi əməyi" mövcuddur.
Fransa 1952-ci ildə başlayan Əlcəzair Milli Qurtuluş Hərəkatının üzərinə bütün hərbi gücü, potensialı ilə getdi və 10 illik döyüş nəticəsində 1,5 milyon Əlcəzair xalqı qətlə yetirildi, yüzlərlə kənd və qəsəbələr, şəhərlər yer üzündən silindi.
Fransa Konqonun vətənpərvər lideri Patris Lumumbanı prezident sarayında məşhur cinayətkar təşkilat olan "Paraşütçü Birliklərin" əliylə qaçırmış, təyyarədə işgəncə ilə öldürmüş və cəsədini havadan Əlcəzairə atmışdır. Eləcə də, Fransa 1956-cı ildə Süveyş kanalının işğalında xüsusi canfəşanlıqlar etmişdir.
Fransa o dövrlər Ruandanı işğal etmiş, nəticədə, bu ölkədə bir neçə böyük qəbilə arasında döyüşlər başlanmışdır. Xatırladaq ki, həmin işğal zamanı təkcə bir ay ərzində 500 min ruandalı qətlə yetirilmiş, yüzlərlə insan itkin düşmüşdür. Həmçinin, Yeni Kaledonyada Maçoronun qətlə yetirilməsi, "Green Peace" gəmisinin batırılması və bir jurnalistin öldürülməsində də Fransa böyük canfəşanlıqlar göstərib.
Bu gün bütün dünya ictimaiyyətinə insan haqları və demokratiyadan öz təbirincə dərs keçməyə cəhd göstərən Fransa dövləti hətta öz daxilində də qəddar rejim formalaşdıraraq, vətəndaşlarına qarşı avtoritar siyasət yürütməkdən çəkinməyib. Belə ki, 1967-1968-cı illərdə ölkəsindəki işçilər və tələbələrin sosial tələblərinə qarşı kütləvi surətdə təzyiq tətbiq edən Fransa dövləti həmin günlərdə yüzlərlə insan yaralanmış və həbs olunmuşdur.
FRANSA TÜRKİYƏ VƏ AZƏRBAYCANIN SÜRƏTLİ İNKİŞAFINDAN ARAHATDIRMI?
Beləliklə, Fransa parlamenti özünü ifşa etdi və qondarma "erməni soyqırımı"nı inkar etməyə görə cəza verilməsini nəzərdə tutan qanunu qəbul etməklə öz tarixinə qara, silinməz ləkə vurdu. Digər tərəfdən isə qanun yalnız Türkiyəyə qarşı deyil, digər facəilər yaşamış dövlətlərə qarşı da atılmış yanlış siyasətdir. Çünki bəşəriyyəti, insan övladını nəyəsə inandığına və ya inanmadığına görə ittiham etməyin özü də çərçivəyə sığmayan amillərdəndir. Belə tərzin Fransa kimi dövlət tərəfindən sərgilənməsi isə, ümumiyyətlə, həmin dövlətin hansı amallara xidmət etməsinin göstəricisidir. Bu səbəbdən də Fransada yaşayan on minlərlə türk, azərbaycanlı bu qeyri-demokratik "qanunu" pozaraq, demokratiyanın bərqərar olması üçün ciddi addımlar atmaq əzmindədirlər. Artıq bu gün Fransanın ATƏT-in Minsk Qrupunda qalıb-qalmaması (böyük ehtimalla qalmaması) məsələsi Azərbaycanda siyasi fikrin, siyasi düşüncənin mərkəzindədir. Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkar edilməsini kriminallaşdırmaq cəhdləri birbaşa şəkildə erməni sevgisindən əmələ gəlir. Və bu gün Türkiyə geopolitikasında Fransanı böyük şəkildə üstələyir. Türkiyə sürətlə inkişaf edir və artıq ciddi regional qüvvəyə malikdir. Belə ki, Orta Şərqdə və Afrikanın Şimalında, eləcə də, digər bölgələrində Türkiyənin nüfuzu, rolu və gücü davamlı olaraq artmaqdadır. Çünki adıçəkilən regionların bir çox ölkələri üçün Türkiyə demokratiya və iqtisadi model baxımından nümunə rolunu oynayır. Fransa isə bütün cəhdlərinə rəğmən bu rolunu itirmişdir. Digər tərəfdən Azərbaycan da sürətlə inkişaf edir, regionda rolu durmadan artır. Bu mənada, hədəfə alınan təkcə Türkiyə deyil, həm də Azərbaycanın maraqlarıdır.
VASİTƏÇİLİK MİSSİYASI- DAVAM YOX, TAMAM
Eyni zamanda, Fransa tərəfindən siyasi tarixinə ləkə olaraq qəbul edilmiş bu qərar həm də fransız xalqı tərəfindən etirazla qaşılanmalıdır. Çünki hələ qarşıda Konstitusiya Məhkəməsinin vacib qərarı olacaq və hər bir demokratik düşüncəyə malik olan insan millətindən asılı olmayaraq, bu qərara "YOX" deyəcək və artıq bitərəf olmayan Fransa bilavasitə ermənipərəst mövqeyinə görə, Azərbaycan və Ermənistanın münasibətlərində öz vasitəçilik missiyasını yerinə yetirməməlidir. Çünki bu amil artıq öz absurdluğu, qəbulolunmazlığı ilə dünyanın diqqət mərkəzindədir.
RÖVŞƏN RƏSULOV