PDF Oxu

Araşdırma

  • 802

Ermənistanda xalq üsyanı gözlənilir

Ermənistanda xalq üsyanı gözlənilir

"2012-ci ilin ilk ayından sosial-iqtisadi problemlər məngənəsində boğulmaqda davam edən Ermənistanın həm də xarici borc içində boğulduğu aydın müşahidə edilir. Bu isə qarşıdakı dövr ərzində Ermənistanda iqtisadi fəlakətin daha təhlükəli mərhələyə qədəm qoyacağından, bu ölkənin iqtisadiyyatının tam çökəcəyindən xəbər verir". Bu fikirləri söyləyən millət vəkili, politoloq Rasim Musabəyov yaxın zamanlarda Ermənistanda hakimiyyət dəyişikliyinin baş verəcəyini və bunun işğalçı dövlətin süqutuna gətirib çıxaracağının söyləyib.

Ermənistanda uşaqların 41,4 faizinin aclıq, səfalət içində yaşadığını bildirən R.Musabəyov Ermənistan hökumətinin ölkənin gələcəyini məhv etdiyini və buna görə də gənclərin işğalçı ölkəni tərk etdiyini vurğulayıb: "Bu gün Ermənistanda artıq söhbət siyasi yox, ümumbəşəri problemdən gedir. Əhalinin ümumi yoxsulluq göstəricisi 38,8 faiz təşkil edir. Bahaçılıq və səfillik nəticəsində işğalçı dövləti uçuruma aparmaqdadır".

R.Musabəyov Ermənistanda 1,5 milyon insanın yoxsul olduğunu və intihar edənlərin 40 faizi məhz işsizlər və yoxsullar təşkil etdiyini söyləyib: "3 milyondan da az əhalisi olan ölkənin 1,5 milyonu yoxsuldursa, artıq tam əminliklə demək olar ki, bu vəziyyət yaxın zamanlarda işğalçı dövlətin süqutuna gətirib çıxaracaq. Ermənistan yeni sosial partlayışa hamilədir. Ac-yalavac xalqın üsyana qalxaraq qudurmuş hakim rejimi tarix səhnəsindən silib atacağı günə az qalıb".

Politoloq Ermənistanın rəsmi siyasi dairələrini bürüyən davamlı istefalar dalğası prezident Serj Sarkisyanın qarşıdan kələn prezident seçkilərində ciddiproblemlərlə üzləşəcəyindən xəbər verir: "Ermənistan hakimiyyəti 2012- ci il may ayında keçiriləcək parlament və daha sonra prezident seçkilərinə ölüm-qalım savaşı kimi yanaşır. Bir tərəfdən baş verən davamlı istefalar guya ölkə rəhbərliyinin korrupsiya ilə mübarizəsi kimi ictimaiyyətə sırınırsa, başqa tərəfdən, bu addımla Sarkisyan komandasında qalan "köçəryançılar"a qarşı təmizləmə əməliyyatı aparılır. Bütün bunlarla yanaşı, Ermənistan hakimiyyəti ölkə əhalisinin etimadını çoxdan və birdəfəlik olaraq itirib".

R.Musabəyovun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi ərəb ölkələrində olduğu kimi, inqilabi şəkildə yox, xalq üsyanı yolu ilə olacaq: "Son hadisələr bir daha sübut edir ki, prezident Serj Sarkisyanın nə ölkənin inkişafına dair konsepsiyası, nə idarəetmə təcrübəsi, nə komanda ilə işləmək bacarığı mövcuddur, nə də dövrün tələblərinə cavab verə bilir. Müstəqil dövlət yaradan ermənilərin siyasi elitası inkişafı qonşu dövlətlərə qarşı torpaq iddiasında görür. Bu isə heç zaman heç bir dövlətə uğur gətirməyib, Ermənistana da gətirmədi".


Aytən Səmədova

Digər xəbərlər