Son günlər Ermənistanda yeni siyasi həbslər dalğasına start verilib. Belə ki, işğalçı ölkənin prezidenti Serj Sarkisyanın başçılıq etdiyi siyasi dairələr ondan təlimatlar alıb. Verilən informasiyalara görə Ermənistan prezidentinin rəhbərlik etdiyi cəza dəstələri hüquq-mühafizə orqanlarının adı altında "Çiçəklənən Ermənistan" partiyasının üzvlərinin həbslərini həyata keçirirlər. Eks prezident Robert Köçəryanın nəzarətində olan "Çiçəklənən Ermənistan" partiyası isə siyasi repressiyaların artması, eləcə də, iqtidarın müxtəlif instansiyalarında onun adamlarının "təmizlənməsi" prosesinin sürətlənməsi nəticəsində digər müxalifət partiyaları ilə əlaqələrini genişləndirib. Hətta iş o yerə çatıb ki, iqtidaryönlü "Çiçəklənən Ermənistan" partiyası müxalifətin bir çox təşəbbüslərini dəstəklədiyini elan edib. Daha dəqiq desək, artıq elə bir zaman yetişib ki, tərəflər, yəni prezident S.Sarkisyan və sabiq prezident R.Köçəryanın düşərgəsi parlament seçkiləri ərəfəsində oyun qaydaları ilə bağlı razılığa gəlməli, ya da hakimiyyət koalisiyasının dağılması və iqtidar düşərgəsinin parçalanmasını bəyan edərək, mübarizə apardıqlarını boyunlarına almalı, seçkiöncəsi savaşa başlamalıdırlar.
"Çiçəklənən Ermənistan"nın hazırkı davranışları göstərir ki, sözdə Qaqik Sarukyanın, həqiqətdə isə, R.Köçəryanın başçılıq etdiyi bu siyasi təşkilat post-seçki dövründə rəqabət meydanını ilk tərk etmək niyyətində deyil. Yəni, partiya öz yerini qorumaq, iqtidardan uzaqlaşdırmamaq əzmindədir. Köçəryan qruplaşması, hər zaman olduğu kimi, işini yürüdərək, hakimiyyətlə yanaşı, müxalifətdən də müəyyən presedentlər qoparmağı iddia edir. Məhz bu səbəbdən də, prezident S.Sarkisyan Köçəryanın bu gedişindən xəbərdar olduğundan "Çiçəklənən Ermənistan"ı hakimiyyətdən kənarlaşdırmaq, Köçəryanın partiyasının pərdələnmiş fəaliyyətinə son qoymaq və ümumiyyətlə, artıq rəqibə çevrilməkdə olan strukturu belə imkanlardan məhrum etməkdə qərarlıdır.
S.Sarkisyan sabiq prezident R.Köçəryanı yaxşı tanıyır və bilir ki, xarici ölkələrdəki erməni diasporunun nüfuzlu təşkilatları, ən başlıcası isə, Rusiyanın ona verdiyi dəstək heç də az deyil. Belə vəziyyətdə R.Köçəryanın partiyasını birmənalı olaraq repressiyalara uğratmaq, onu iqtidar masasının arxasından kənara itələmək və bununla da sabiq prezident Levon Ter-Petrosyanın faktiki lideri olduğu müxalifət düşərgəsini daha da gücləndirmək S.Sarkisyanın planlarına cavab vermir. Hələliksə S.Sarkisyan "Çiçəklənən Ermənistan"a təzyiqləri daha da artırır.
K.Köçəryanın daha bir sadik köpəyi funksiyasını yerinə yetirən fiqurun - Erməni İnqilabi Federasiyası-Daşnaksütyunun Ermənistan bürosunun sədri Qrant Markaryanın açıqlaması yetərincə maraqlıdır. Q.Markaryan "hələlik, R.Köçəryan barədə düşünmürük" deyir. Lakin daşnakların seçki siyahısına R.Köçəryanın başçılıq etməsi variantını birmənalı şəkildə istisna etməyə dəyməz. Doğrudur, daşnaklar R.Köçəryanın parlament seçkilərinə qatılmaq fikrində qəti olmadığını deyirlər, lakin Q.Markaryanın Daşnaksütyunun seçki siyahısına R.Köçəryanın başçılıq etməsi variantının əleyhinə olmamasını dolayı yolla olsa da, açıqlaması simptomatik məqam sayıla bilər. Və beləliklə, aşkar olur ki, R.Köçəryan var qüvvəsi ilə siyasi fəallığını legitimləşdirməyə, aşkarlamağı, üzə çıxarmağa çalışsa da, nə onun cib partiyası olan "Çiçəklənən Ermənistan"a, nə də maliyyələşdirdiyi Daşnaksütyun sabiq prezidentə siyasi sığınacaq verməyə tələsmirlər.Belə adamın aşkar dəstəklənməsi partiyaların reytinqini aşağı salmaqla yanaşı, S.Sarkisyanın daha ağır zərbələrinə tuş gələ bilərlər. O, bir tərəfdən həmin təşkilatlara və onların liderlərinə güvənmirsə, digər tərəfdən Sarukyanla Marqaryanın strukturlarının siyasi fəaliyyət proqramlarını perspektivli hesab etmir. Bu səbəbdən də R.Köçəryan hazırda siyahı lideri olmağa can atmır, "Çiçəklənən Ermənistan" ilə Daşnaksütyundan yararlanmaq planlarını o qədər də önəmli saymadığı parlament seçkilərindən fərqli olaraq, prezident seçkilərinə saxlayır. Bu amil isə S.Sarkisyanın indidən rıçaqlarını möhkəmləndirməyə məcbur edir. İlk addımlar isə repressiyalar şəklində atılmaqdadır.
R.RÖVŞƏN