Zaman-zaman bəzi dövlətlər təcavüzkar və işğalçılıq siyasəti yürüdən Ermənistanın regional və beynəlxalq iqtisadi layihələrə cəlb edilməsi istiqamətində səylər göstəriblər. Amma bu səylər nəticəsiz qalıb. Çünki Azərbaycan bu gün nəinki regionda, eləcə də, beynəlxalq iqtisadi zonada mühüm üstünlüklərə malikdir və həmin üstünlüklərin əsas bazası Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafıdır. Ermənistanı qlobal layihələrdən kənarlaşdırılmasını təbii hal kimi dəyərləndirmək olar.
Arzuolunmaz halların baş verməsi, təbii ki, Azərbaycan tərəfinin rəsmi notaları ilə nəticələnir
Zamanında reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində bəzi ölkələr tərəfindən irəli sürülən tələblər, yəni Ermənistanın da bu layihəyə cəlb edilməsi və s. Bununla bir daha Azərbaycanın regionda və dünyada sözünü deyən ölkə olduğunu və heç bir dövlət Azərbaycana qarşı hər hansı tələblə, təzyiqlə çıxış etmək imkanına malik olmadığını təsdiqləyir.
Buna baxmayaraq, hələ də bəzi dövlətlər dolayısı ilə təcavüzkar Ermənistanla əməkdaşlıqlarını davam etdirirlər. Buna misal kimi Rusiyanı, ABŞ-ı, Fransanı, İranı göstərmək mümkündür. Məsələ ondadır ki, bu və ya digər dövlətlər həm də Ermənistan ərazisindən keçərək, separatçı rejim olan "Dağlıq Qarabağ" adlı qondarma respublikada biznes fəaliyyətlərini davam etdirməyə cəhdlər göstərirlər. Təbii ki, belə arzuolunmaz halların baş verməsi Azərbaycan tərəfinin rəsmi notaları ilə nəticələnir. Belə ki, bu kimi hallarda Azərbaycan tərəfi təqdim olunan layihələrdən imtina edir və bu imtinasını müvafiq səbəblərə əsaslandırır.
Bu gün belə arzuolunmaz faktların baş verməsinə rəğmən, bir çox supergüc dövlətlərin Azərbaycana olan maraqları daha da artır ki, bu da ölkəmizin istər iqtisadi baxımdan, istərsə də digər sahələrdə qazandığı uğurların, nailiyyətlərin nəticəsidir. Ermənistan isə, təbii ki, bu inkişafdan kənarda qalıb və ümidini xarici qrantlara və yardımlara bağlayır. Ancaq ortada daha bir faktor da mövcuddur ki, bu da qonşu İran İslam Respublikasının Ermənistana açdığı "həyat qapısıdır".
İranın "həyat qapısı" Ermənistana nəfəs çatdırmır
Bu gün İranda əmindilər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını əlində saxlaya bilməyəcəkdir. İran isə Ermənistana ona görə yardım edir ki, Ermənistan Azərbaycanın rayonlarını müəyyən zaman işğal altında saxlasın. Həmçinin, Ermənistanı regional-iqtisadi əməkdaşlığa cəlb etməklə, onun Dağlıq Qarabağ münaqişəsini tənzimlənməsindəki mövqeyinin dəyişəcəyini düşünmək sadəlövhlük olardı. İranda da bunu çox gözəl bilirlər. İranın dediyi regional əməkdaşlıq modeli isə, ilk növbədə, sərhədyanı ticarəti nəzərdə tutur.
Bu vaxtadək həm Rusiya, həm də Qərb dövlətləri tərəfindən Ermənistanın qarşısına böyük iqtisadi layihələr qoyulub, amma bu iqtisadi layihələrə girişməyin ilkin şərti Dağlıq Qarabağ münaqişəsini həll etmək olub. Belə ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsini həll edərsə, 100 milyon dollarla ölçülən regional layihələrə qoşulmaq imkanı əldə edə bilər.
Ona görə də, bir daha nəticə çıxarmaq mümkündür ki, bəzi ölkələrin addımları Ermənistana qınaqsız yardım etməkdən başqa bir şey olmasa da, işğalçı ölkənin iqtisadiyyatı ən ağır tənəzzül dövrünü yaşamaqda davam edir və Azərbaycanın işğal altındakı ərazilərini azad etməyincə, bu dövlətin varlığı belə böyük sual altında qala bilər.
RÖVŞƏN