Dünən "Trend" İnformasiya Agentliyinidə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ probleminin həll edilməməsinin və ya həllinin yubadılmasının Qərb üçün yeni bir əhəmiyyəti üzə çıxdığını söylədi: "Dağlıq Qarabağ münaqişəsinin İran kimi ambisiyalı bəyanatlar verən dövlətin qonşuluğunda 20 il mövcud olması İranı tanımaq istiqamətində mühüm sınaq və ya test oldu".
O bildirdi ki, Qərb qətiyyətlə əmin oldu ki, İranın qonşuluğunda at oynada bilər: "İraq və Əfqanıstan da İranın qonşularıdır, amma Qərb bu yerlərdə at oynatdı. Kimsə İraqda və Əfqanıstanda ABŞ-ın etdiklərinin İrana faydalı olduğunu iddia edə bilər, etiraz etməyə əsasımız yoxdur. Bu kontekstdən Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu daha maraqlı görünür:
1) İran DQ münaqişəsinin həll edilməməsinə və ya uzanmasına şərait yaratmaqla Qərbin İraqda və Əfqanıstanda ona verdiyinin əvəzini qaytarır; 2) İraqda və Əfqanıstanda gördükləri işin İranın xeyirinə olduğunu başa düşən Qərb indi İranın qonşuluğundakı digər münaqişədən - Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək, əvəzini çıxmaq istəyir.
M.Əhmədoğlu onu da vurğuladı ki, "islam dövləti" adından istifadə edən İranın 20 il ərzində qonşuluğunda müsəlman torpaqlarının işğalına dözəcəyinə heç kim inana bilmirdisə, artıq hamı inanır: "Ermənistandakı İran diplomatlarının Qərb-İran müharibəsinin Qafqaz regionuna təsiri barədə Ermənistan mətbuatındakı yazıları öz ölkəsinin dini və siyasi rəhbərliyinə göndərməsi ilə hər şey bəlli olacaq. Ermənistan rəsmiləri, siyasətçiləri, xaricdəki ermənipərəst ekspertlər, Qafqaz regionuna bələd olan bütün dünya ekspertlərinin İrandakı müharibə ilə bağlı kənarda qoymadıqları və ya toxunmaya bilmədikləri bir məqam var - bu da Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəlidir. Sadalananların hamısının fikrincə, Qərb İrana qarşı müharibə edəcəksə, Dağlıq Qarabağ Azərbaycana qayıdacaq. Başqa sözlə, İrana qarşı müharibənin bir nəticəsini, yəni Dağlıq Qarabağın Azərbaycana qayıdacağını bütün dünya siyasiləri təsdiq edirlər. Bütün siyasi dünyanın fikrincə, indi Dağlıq Qarabağ münaqişəsi prizmasında Ermənistanın arxası Rusiya, ABŞ, Fransa, Avropa xristian dünyası və s. deyil, İrandır. İndiki dövrdə Azərbaycan torpaqlarının işğalı məsələsində Ermənistanın yeganə dayağının İran olması iki üstəgəl ikinin dördə bərabər olması kimi sübut olunmuş məsələdir".
Politoloq onu da söylədi ki, məqsədimiz İranın diqqətini Qarabağ məsələsinə yönəltmək deyil: "İran öz-özündən Qarabağ torpaqlarının işğalına yardım etmir. Allah-Taala onun başında duranların bəsirət gözünü bağlayıb. Allah-Taala İranın haqq tərəfdən Qarabağ məsələsi ilə məşğul olmasına imkan verməz, inşallah. Çünki İran həmişə bunu Azərbaycanın başına qaxınc edəcəkdir. Azərbaycan xalqı, onun inkişafı, siyasi rəhbərliyi Allahın nəzərindədir və uğurlarımız bunu göstərir. Yuxarıdakı fikirləri söyləməkdə əsas məqsədimiz başa düşdüyümüz həqiqəti deməkdir. İranın başına gələn və gətiriləcək faciədə Qərb strateqlərinin ən mühüm vasitəsi və ya ən mühüm aləti İran-Azərbaycan düşmənçiliyidir. İrandakı azərbaycanlılar ölkə əhalisinin təxminən yarısıdır. Bu, o deməkdir ki, sayına görə İrandakı azərbaycanlılar farsları üstələyərək, birinci yerdədirlər. İranın tarixi İran ərazisində yaşayan etnik qruplarla və ya millətlərlə müqayisədə hamısından daha çox azərbaycanlılarla qaynayıb qarışıb. İranın tarixinin hansı hissəsinin farslara və ya hansı tarixi hissəsinin azərbaycanlılara aid olduğunu müəyyən etmək indi də müəyyən deyil. Kürd, ərəb, bəluc və ya samanilər heç bir şərt daxilində bu məsələdə azərbaycanlılarla müqayisə oluna bilməzlər. Ona görə Qərb uzunmüddətli mübarizəyə hazırlaşmaq üçün İran-Azərbaycan düşmənçiliyinə start verdi. Uzun müddət Azərbaycan Respublikası rəhbərliyi ekspert mühitində bu mövzuda işlər aparmışdır. Azərbaycanın siyasi rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin kursuna söykənməklə belə variantları qətiyyətlə ləğv etdi. Azərbaycan Respublikasını İrana qarşı düşmən edə bilməyəcəklərini görən Qərb strateqləri üzünü İrana tərəf çevirdi. Yəni İranı Azərbaycan Respublikasına düşmən etməyə başladılar. Bax, bu arada ermənilər kara gəldi".
M.Əhmədoğlu bildirdi ki, bütün 2011-ci il boyu ABŞ-la Azərbaycan arasında maraqlı polemika gedib. ABŞ Azərbaycana İranla əlaqəli məsələlərin (Xəzər dənizinə aid məsələlər) Qarabağ probleminə nisbətən daha prioritet oldğunu sübut etməyə çalışdı. Azərbaycan rəhbərliyi isə Dağlıq Qarabağ probleminin prioritet olması mövqeyindən geri çəkilmədi. İndi ABŞ-ın inadlı mövqeyinin səbəbini başa düşmək olur. Dini və rəsmi Tehranın Azərbaycana münasibətinə dair ilk mənbədən aldıqları məlumatlar əsasında dərindən bələd olan ermənilər ABŞ-ı inandıra bilmişdilər ki, İran problemi Azərbaycan Respublikası üçün Dağlıq Qarabağ probleminə nisbətən daha təhlükəlidir. Bu da dini və rəsmi Tehranın özlərinə göstərdiyi "ayı xidmətləri"ndən biridir. Hər halda, İranın bir islam respublikası və yaxud başqa bir dövlət quruluşu formasında mövcud olmaması bizim qayğımız deyil, özlərinin qayğılarıdır. Bəlkə, özlərini ermənilərə təslim edəcəklər; bu da onların öz işidir. Biz İrana qarşı düşmənçilik etməyəcək, İrana qarşı olan proseslərdə qoşulmayacağıq, amma İranı müdafiə etmək fikrimiz də yoxdur".
Aytən Səmədova