PDF Oxu

Araşdırma

  • 756

İstefalar, qarşıdurmalar və seçkilər

İstefalar, qarşıdurmalar və seçkilər

Ermənistanın siyasi hakimiyyət strukturlarını bürüyən istefalar dalğası Serj Sarkisyanın qarşıdan gələn parlament və prezident seçkilərinə ciddi hazırlaşdığını göstərir. Ölkəni bürüyən iqtisadi böhran, ağır sosial vəziyyət və siyasi səhnədəki uğursuzluq Ermənistan hakimiyyətini qarşıdan gələn seçkilərə ölüm-qalım savaşı kimi yanaşmağa məcbur edir.


İstefalar


Bir tərəfdən istefalar ölkə rəhbərliyinin korrupsiya ilə mübarizəsi kimi təqdim olunursa, digər tərəfdən, bu addımla Sarkisyan komandasında qalan "köçəryançılar"ı təmizləyir. Ermənistan hakimiyyəti ölkə əhalisinin etimadını çoxdan itirib, buna baxmayaraq, istefalar sadə əhali arasında ölkə rəhbərliyinin az da olsa reytinqinə müsbət təsir göstərir. Lakin yeni təyinatların elə "Qarabağ klanı"ndan edilməsi nə Sarkisyanın, nə də ki, onun yaxın ətrafının avtoritarizmdən əl çəkərək, demokratik idarəetməyə keçmək niyyətində olmadığını göstərir.


Qarşıdurmalar


Serj Sarkisyan narahatdır. Bunun da səbəbi çoxdur, ölkə defolt səviyyəsindədir, əhalinin vəziyyəti Somalidən çox da irəliyə getməyib, Sarkisyan rejimi Rusiyanın dəstəyini itirmək üzrədir və ən əsası, hakimiyyəti Sarkisyana təhvil vermiş Köçəryan və onun ətrafı aktivləşir. Serj Sarkisyan prezident kürsüsünə dırmaşandan bəri Köçəryanın adamlarını vurur və ətrafını təmizləyir. Bu isə Ermənistanda böyük biznes maraqlarına sahib olan Köçəryana həm iqtisadi, həm də siyasi zərbələrin endirilməsi deməkdir. Sarkisyanın yan-yörəsi ölkədəki biznes maraqlarını genişləndirdikcə, bu maraqlar Köçəryanın maraqları ilə toqquşmağa başlayıb. Nəticədə hazırda hakimiyyətdə olan qüvvələr qarşıdurmada qalib gəlir. Bu isə, əlbəttə ki, Köçəryanı Ermənistandakı maraqlarını qorumaq üçün yenidən böyük siyasətə qayıdıb, Sarkisyanın yerini tutmağa təhrik edir. Köçəryanın vaxtında xarici işlər naziri olmuş Vardan Oskanyanın erməni mətbuatındakı aktivliyi, diplomatın dövlət büdcəsini tənqid etməsi və sair kimi faktlar onu göstərir ki, Köçəryan qayıtmaq istəyir. Bu gün Moskvada yaşayan və burada böyük biznesə sahib olan Köçəryan Kremlə Sarkisyandan daha yaxındır. Düzdür, Köçəryanın əli 1 mart hadisələrində dirsəyə kimi qana batıb. Lakin onun da reytinqini qaldıra biləcək faktorlar var. Köçəryanın vaxtında Ermənistan iqtisadiyyatı bu gündə deyildi. Və üstəlik, rəsmi Yerevanın siyasi arenada uğursuzluqlarının böyük əksəriyyəti son 2-3 ilin payına düşür. Odur ki, Köçəryana Kremldən "OK" gələn kimi, o, hərəkətə keçəcək, çünki əks halda Sarkisyanın yerini Qərbyönümlü Levon Ter-Petrosyan tuta bilər.


Seçkilər


Qarşıdan gələn parlament və prezident seçkiləri Sarkisyan rejimi üçün çox çətin keçəcək. Sarkisyan və komandası hakimiyyətə gələndən sonra bütün sahələrdəki uğursuzluğu onun ikinci müddətə prezident seçilməsinə böyük əngəllər yaradacaq. Sarkisyan başa çatmaqda olan prezidentlik müddətində heç olmasa bir uğurunu göstərib seçicilərin etimadını qazana bilməyəcək. Üstəlik, Sarkisyanın birinci prezidentlik müddəti qanlı 1 mart hadisələrindən başlayıb. Hakimiyyətə bu cür gəlib, heç nə edə bilməyən, əksinə, ölkəni uçuruma aparan bir şəxsin uğurlu siyasi karyerasından danışmaq ağlagəlməzdir. Düzdür, Sarkisyan və ətrafındakıları qarşıdan gələn parlament və prezident seçkilərini qan töküb "qazana" bilər. Amma bu, inandırıcı deyil. Bu dəfə Qərb daha sərt mövqedən çıxış edə bilər. Çünki böyük oyunçuların Cənubi Qafqazdakı maraqları heç vaxt olmadığı qədər toqquşur. Üstəlik, qarşıda durmadan gərginləşən İran məsələsi var. Və Ermənistan İranın qonşuluğunda olan və Rusiya hərbi bazalarının yerləşdiyi yeganə ölkədir. Bu və digər faktorlar Ermənistanda keçiriləcək seçkilərin çox çətin və müəmmalı olacağını vəd edir.


R.NURƏDDİNOĞLU

Digər xəbərlər