PDF Oxu

Araşdırma

  • 825

Mollalar nədən nigaran qalıb?

Mollalar nədən nigaran qalıb?

Daim sülh siyasətini yeridən Azərbaycan dövləti digər qonşular və dünya dövlətlərinə bəslədiyi münasibəti İranla da aparmağa çalışır. Bunun qarşılığında isə İranın molla rejiminin Azərbaycana qarşı təxribatı səngimək bilmir. Bu günə qədər İranın ali hakimiyyət orqanları və bəzi parlament nümayəndələri Azərbaycanın ərazi bütövlüyünü təhdid edən kifayət qədər əsassız ifadələr işlədiblər. O cümlədən, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxaraq İran təyyarələrinin dəfələrlə sərhədlərimizi pozması, xəbərdarlıq etmədən sərhədi keçməsi və digər gərginliklər yaratması da buna misaldır.

"Hicab", yoxsa bəhanə?


Özünün "hicab" siyasəti ilə zaman-zaman Azərbaycana "necə fəaliyyət göstərməsi"ni öyrətməklə suveren dövlətin daxili işlərinə qarışması da molla rejiminin hörmətsizliyi və korrektə edilməmiş siyasətidir. Bu siyasəti din pərdəsi altında yeritməsi isə insanların dini inanclarına qarşı zorakılıq etməklə islami dəyərlərə zidd hərəkət etdiyini göstərir.

Buna rəğmən, islamdan uzaq və minlərlə müsəlmanın qanına əli batmış Ermənistan rəhbəri Serj Sarkisyanla yaxın münasibət rejimin ikiüzlülüyünü ortaya çıxarır. Lakin molla rejimi insan haqlarından ağızdolusu danışaraq, Azərbaycanda hicaba qadağanı insanların hüquqlarının tapdanması olduğunu deyir və Azərbaycanın daxili işlərinə qarışmaqla özünə haqq verir. Əvəzində, nədənsə Cənubi Azərbaycandakı 35 milyon azərbaycanlı isə unudulur. Milyonlarla soydaşımız ana dilində təhsil ala bilmədiyi halda, bir ovuc erməni məktəbləri dövlət tərəfindən himayə edilir və onlara istənilən şərait yaradılır.


"Səmimiyyət" arxasında dayanmış düşmənçilik


Xatırlatmaq yerinə düşərdi ki, yanvarın 16-da gözlənilməz halda Azərbaycanın dövlət strukturlarına edilən kiberhücumlar nəticəsində 25 internet resursu sıradan çıxdı. Hücumların isə İran tərəfindən edilməsi heç kəsdə şübhə doğurmadı. Daha doğrusu, bu təxribatın İranın həyatı keçirdiyi təsdiq olundu. Ardınca isə davamlı anti-Azərbaycan meyilli açlqlamalar bu gün də özünü göstərməkdədir. Təbii ki, bütün bunlar Azərbaycanın şəffaf siyasətinə qarşı İranın qeyri-səmimi siyasətinin nəticəsidir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, molla rejiminin daha bir təxribatı ifşa olundu. Belə ki, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd təşkil etməyi planlaşdıran bir qrup şəxs ifşa olunaraq yaxalandı. MTN-in həyata keçirdiyi əməliyyat-axtarış nəticəsində sui-qəsdin qarşısı alındı.

Bu, bir daha İranın Azərbaycanda təxribatlar törədərək, ictimai asayişi pozmağa və Azərbaycanın beynəlxalq nüfuzuna zərər vurmağa çalışdığını göstərir. Artıq molla rejimi burada təxribat xarakterli siyasətini dana bilməz. Çünki xüsusi xidmət orqanları heç vaxt özbaşına hərəkət etmir, yalnız yuxarının əmrini yerinə yetirir.

İran apardığı qeyri-səmimi siyasət nəticəsində beynəlxalq təzyiqlərin qarşısında tab gətirmək üçün qonşu ölkələrdə təxribatlar hazırlayır. Onun İranın hədəfi Azərbaycanda müxtəlif təxribatlar törətməklə cəmiyyətdə çaşqınlıq salmaq və ölkəni zəiflətməkdir. Yəni bir daha məlum olur ki, İranda bəzi dairələr Azərbaycanla münasibətlərin pozulmasına çalışır. Azərbaycanı ittiham edən yersiz çıxışlar edirlər, təxribat xarakterli hərəkətlər törətməyə çalışırlar. Bu, onu göstərir ki, kimlərsə müstəqil Azərbaycanın inkişafından, mövqelərinin möhkəmlənməsindən ciddi narahatlıq hissi keçirir.


R.NURƏDDİNOĞLU

Digər xəbərlər