Ermənistandakı siyasi proseslər artıq öz məcrasından çıxmaqla yanaşı, orada baş verən hər bir hadisənin arxasında Serj Sarkisyan barmağının olması da reallaşır. Prezident S.Sarkisyan baharda keçiriləcək parlament seçkiləri ərəfəsində şəxsi mövqelərini möhkəmləndirmək, hansısa kaziusların və ya kiçik səhvlərin onun kreslosuna ciddi təhlükə yaratmasının qarşısını zamanında almaq üçün iyrənc intriqalara baş vurur.
Bu ərəfədə Ermənistan iqtidarında olan Respublika Partiyasının post-seçki dövrü müəyyənləşdirilmiş siyahısına kimin başçılıq edəcəyi ilə bağlı müzakirələrə, hələlik, fasilə verilib. Ancaq digər tərəfdən məlumdur ki, bu cür ziddiyyətlərə parlamentin spikeri Ovik Abramyanın vəzifəsindən kənarlaşdırılmasından sonra, faktiki olaraq, son qoyulmuşdu. Həmin zamana qədər isə S.Sarkisyanın rəhbərlik etdiyi iqtidar komandasının daxilində siyahının başçısı qismində O.Abramyan, yaxud da baş nazir Tiqran Sarkisyanı görürdülər. Hazırda o da məlumdur ki, sözügedən siyahıya ya S.Sarkisyan, ya da T.Sarkisyan başçılıq edəcəklər. Lakin "respublikaçılar"ın özləri belə analayırlar ki, S.Sarkisyan partiya sədri kimi, siyahıya başçılıq edəcək. Çox yəqin ki, hakimiyyətin elitasında olan məmurlarla yanaşı, partiya rəhbərliyindəki bütün şəxslər seçkiöncəsi siyahı ilə bağlı sualları bu müstəvidə cavablandırırlar.
Nəzəri baxımdan bu cavablar S.Sarkisyanın liderliyinin, daha doğrusu, iqtidardakı cinayətkarlar bandasının dəstəbaşı olmasının tanınması kimi səslənir və bu da Yerevandakı hakimiyyətin monolitliyinə aid olmalıdır. Çünki necə də olsa, hakimiyyətin nüfuzlu elitası prezidentin namizədliyini dəstəkləyir, onun partiyanın seçkiqabağı siyahısına rəhbərlik etməsini istəyirlər. Belə ki, bu, baş verməsə, onları da xalq kütləsinin daş-qalağı gözləyə bilər.
Situasiya, hələ ki, Serj Sarkisyanı qane edir amma...
Amma hər şey başqa cür də ola bilər. Məsələ ondadır ki, Ermənistanın oliqarx məmurları və iqtidar partiyasının səlahiyyətliləri tərəfindən verilən son açıqlamalar, əslində, prezidentə tərəf yönəldilmiş son xəbərdarlıqdır. Başqa tərəfdən isə, S.Sarkisyanı partiya siyahısının lideri kimi görmək istəyənlər bu davranışları ilə aşkar olaraq bəyan edirlər ki, baş nazir T. Sarkisyanın mümkün liderliyini birmənalı olaraq, rədd edirlər. Konkret olaraq, Ermənistanın oliqarxiyası və nomenklaturası parlamentin eks-spikeri Ovik Abramyanın itirilməsi ilə qismən razılaşdıqlarını, fəqət, T.Sarkisyanın seçkiöncəsi platformaya liderliyi ilə qətiyyən razılaşmayacaqlarını sərgiləyirlər. Və əslində, Ermənistandakı hakimiyyət düşərgəsində bu cür parçalanma uzun illərdən bəri mövcuddur və prezident Sarkisyanın ötən ilin sonlarında tətbiq etdiyi istefalar nəticəsində daha da sərtləşib. Nəticədə, Ermənistan iqtidarı hazırda üç hissəyə - prezident S.Sarkisyan, baş nazir T. Sarkisyan və eks- prezident Robert Köçəryanın tərəfdarlarına bölünərək parçalanmış şəkildə fəaliyyət göstərir.
Bu siyuasiyanı nəzərə alan S. Sarkisyan da potensial rəqiblərinə dəstək verənləri zəiflətmək üçün iqtidar partiyasının rəhbərliyinin mövqeləri ilə, ümumiyyətlə, hesablaşmayaraq seçkiqabağı siyahının başçısı yerinə baş naziri təyin edə bilər.
Səbəb isə Ermənistan Respublika Partiyasının seçki siyahısını Sarkisyanın dəyişmək və yeni fiqurantları əlavə etmək istəyidir. Hər halda, partiya seçkiöncəsi savaşa hətta yeni simalarla qatılsa belə, iqtidara nifrət edən erməni xalqının dəstəyini gerçək vəziyyətdə əldə edə bilməyəcək. Erməni xalqı həmin adamları illərdən bəri sakit halda çox konkret yerə "göndərsələr" də, o adamlar yerlərindədir.
Eyni zamanda, ermənilər S.Sarkisyanın özünü söyüş müstəvisində "piyada səyahət"ə göndərə bilərlər və Ermənistan prezidenti də vətəndaşların ona olan "sevgi ilə sayğı"sını dərk etdiyindən, belə qərara gələ bilər.
Qanda boğulmuş "ədalət"
Rəhbərlik etdiyi partiyanın seçkiöncəsi siyahısının liderliyindən "imtina" vasitəsilə S. Sarkisyan həm də guya "ədalətli", "obyektiv" və "sülh tərəfdarı" olduğunu, eləcə də, parlament seçkilərini "demokratik" şəraitdə keçirməyə çalışdığını nümayiş etdirməyə səy göstərəcək. Ermənistanı feodal, hətta quldar vasitələrlə idarə edən, ölkəni saysız-hesabsız və ağır problemlərə sürükləyən, təməlli olaraq korrupsiyalaşmış iqtidarın başında dayanan və yalnız repressiyalarla, qanla ələ almağa arxalanan qorxaq, eyni zamanda, qəddar insanın "demokratik" səyləri nifrət doğursa da, o, qərarında qətidir.
Sarkisyan "seçkilərin ədalətli və şəffaf keçiriləcəyi, "parlament seçkilərinin onu hakimiyyətdə qalmaq istəyi kimi qəbul edilməməsi" və "demokratiyanın inkişafı üçün bütün səylərin cəmləşdiriləcəyi" ilə bağlı danışmaqla vətəndaşları, bu tipli yalanlarına inandırmağa deyil, partiyasının seçkiöncəsi siyahısına rəhbərlik etmək firkində olmadığını dolayısıyla bəyan etməyə cəhd göstərib.
O, həm də baş naziri siyahının lideri təyin etməklə guya hakimiyyətdə qalmaq niyyətində olmadığını reklam edir. S.Sarkisyan həm də prezident statusunu partiya-parlament məsələlərinə qatmaq istəmədiyini də vurğulamaqdadır.
Sarkisyan-Köçəryan didişməsindən yararlanan Ter-Petrosyan
Ermənistanın eks-prezidenti R. Köçəryan yaşanan hadisələrə, hələlik, fəal müdaxilə etmir və baş verənləri laqeydliklə izləyir. Ancaq Köçəryanın əleyhdarları ilə yanaşı, onun sadiq kadrları da etiraf edirlər ki, belə laqeydlik müvəqqətidir. Belə ki, Sarkisyan hakimiyyət daxilində sabiq dövlət başçısının adamı hesab etdiyi şəxsləri bütünlüklə hakimiyyətdən kənarlaşdırmağa çalışdığından, qarşıda ciddi, hətta qanlı toqquşma öz labüdlüyünü saxlayır. Məsələ ondadır ki, müxalifət və xüsusilə də, Erməni Milli Konqresinin sədri, keçmiş prezident Levon Ter-Petrosyan hazırda Köçəryan-Sarkiyan didişməsinin başlanmasını səbirsizliklə gözləməyə üstünlük verir və iki "mehriban" düşməninin bir-birlərini tam zəiflədəcəyi məqamdan yerində və zamanında bəhrələnmək üçün səbr kasasının aşmamasına çalışır. Bu səbəbdən də, hələlik, tam rəsmi və aşkar bəyanatlar verilməsə də, Ermənistan Respublika Partiyasının seçki siyahısına S.Sarkisyanın rəhbərlik edəcəyi heç də şübhə yaratmır. Bu amil isə Ermənistanda siyasi sirk mövsümünün başa çatmamasına olan işarədir. Növbəti şounu hazırlayanlar isə, görünür, sonuncu nömrələrini yerinə yetirə bilməmək baxımından yaman ehtiyat edirlər.
R.RƏSULOV