PDF Oxu

Araşdırma

  • 1 035

“ZİYALI” DEYİL, ZİYANLI

“ZİYALI” DEYİL, ZİYANLI

SİYAVUŞ NOVRUZOV: "BU ADAMLARIN FƏALİYYƏTLƏRİ CƏMİYYƏTİN MARAQLARI İLƏ ZİDDİYYƏT TƏŞKİL EDİR"


Ziyalı sözü hər zaman Azərbaycan cəmiyyətində, ictimaiyyət arasında hörmətlə, rəğbətlə qarşılanıb və bu amilin arxasında bir çox əhəmiyyətli məqamların dayanması da mövcuddur. Çünki ziyalı həm də xalqına, millətinə xidmət edən ləyaqət və mənəviyyat məfhumudur. Məhz həmin məfhumun nəticəsində millət, onun təfəkkürü, eləcə də, digər meyarları inkişaf edir, formalaşır.

Lakin elə təbəqələr də mövcuddur ki, onların ziyalı adından istifadə etmələri şəxsi ambisiyalarının reallaşdırılmasına xidmət edir ki, bu da bilavasitə qərəzlərdən, yersiz iddialardan və başqa bu kimi arzuolunmaz faktorlardan doğur. Belə dırnaqarası ziyalılar xalq tərəfindən qəbul olunmayan siyasətin, yəni radikalizmin və dağıdıcılığın ətrafında özlərinin "mübarizlərini" sırımağa cəhdlər göstərir, bununla da sanki hər hansı "təfəkkürə" xidmət etdiklərini zənn edirlər. Amma bu vasitənin nə qədər səmərəli olub-olmamasını da yalnız xalq dəyərləndirir. Dəyərləndirilmələrdən isə məlum olur ki, bu, əslində, xalq, dövlətçiliyə qarşı aparılan qərəzli siyasətbazlıqdır.


ELDAR NAMAZOVUN NƏ MƏNTİQİ, NƏ DƏ MƏNTİQLƏ BAĞLI HƏR HANSI BİR PRİNSİPİAL MÖVQEYİ VAR


Bu barədə fikirlərini şərh edən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd edib ki, bu adamların fəaliyyətləri cəmiyyətin maraqları ilə ziddiyyət təşkil edir. Yəni Azərbaycan cəmiyyəti bilir ki, Eldar Namazovun nə məntiqi, nə də məntiqlə bağlı hər hansı bir prinsipial mövqeyi var: "Təəssüf ki, bəzi insanlar var ki, ziyalı adını alver predmetinə çevirməyə çalışırlar. Hesab edirəm ki, bu gün ziyalı adını, ziyalı sözünü istismar etmək olmaz. Ziyalılıq anlayışı kiminsə elmi dərəcə alması ilə, hansısa sahənin mütəxəssisi olması ilə ölçülmür. Vaxtilə dövrünün ziyalı insanları olub ki, onlar heç ali savada malik olmayıblar. Amma həmin insanlar öz tövsiyələri və nəsihətləri ilə xalqa düz yol göstəriblər. Məsələn, Dədə Qorqud hansısa akademiyanı bitirmişdimi, yoxsa Nobel mükafatı laureatı idimi? Və ya Aşıq Ələsgər, Aşıq Şəmşir kimi insanlar vardı ki, böyük bir ərazinin idarə olunmasında, insanların bir-biriləri ilə münasibətlərinin, problemlərinin həllində öz tövsiyələrini verirdilər".


RAFİQ ƏLİYEV – ƏBDÜRRƏHMANIN İDEOLOJİ KATİBİ


Onu da qeyd etmək yerinə düşərdi ki, "Ziyalılar Forumu" qismində "fəaliyyət" göstərən qurum və qurumlar bütövlükdə ölkədə ictimai çaşqınlıq yaratmaq istəyən qüvvələr olmaqla yanaşı, xarici anti-Azərbaycan meyilli təşkilatlarla da sıx əlaqələr saxlayırlar. Əbəs yerə deyil ki, onların hər biri zamanında ölkəni ağır vəziyyətdə qoyub qaçan şəxslər qrupuna aiddirlər. Onlar həm də bir vaxtlar Azərbaycana rəhbərlik etmiş xəyanətkar adamlarla yaxın əlaqələrdə olmuş şəxslərdirlər ki, bu gün həmin şəxslərin "dövlətçilikdən", "millətçilikdən" danışmağa qətiyyən haqları yoxdur. YAP İcra katibinin müavini Siyavuş Novruzovun bu barədə fikirlərini şərh edərkən belə bir qənaətə gəlmək mümkündür ki, bu gün özünü xalqın "fədaisi" kimi qələmə verən Rafiq Əliyev də Azərbaycan xalqının haqq-ədalət çağırışlarını boğmağa çalışan rəhbərlər sırasında yer alanlardandır: " Rafiq Əliyev Əbdürrəhman Vəzirovla işlədiyi üçün ziyalı hesab oluna bilməz. Ziyalı olan şəxs Əbdürrəhman Vəzirovla bir yerdə çalışmaz və onun ideoloji katibi olmaz. Əgər Rafiq Əliyev, həqiqətən də, ziyalı idisə, nə üçün Əbdürrəhman Vəzirovun Azərbaycanın milli-azadlıq hərəkatının dağıdılması, fövqəladə vəziyyətin, komendant saatının tətbiqi istiqamətindəki fəaliyyətinə mane olmurdu, niyə öz təklifləri ilə bunun qarşısını almağa çalışmırdı? Axı bu milli azadlıq hərəkatı Azərbaycanın müstəqilliyi və Dağlıq Qarabağda baş verən hadisələrin qarşısının alınmasına yönəlmişdi."


RÜŞVƏT ÜSTÜNDƏ, OĞURLUQ ÜSTÜNDƏ QOVULUB SONRADAN VƏKİLLİK PEŞƏSİNİ SEÇMƏK DƏLLALIQDIR


Onu da bildirmək mümkündür ki, "Ziyalılar Forumu"nda oturub-duranlar arasında özlərini az qala bütün elmləri bilən "üləmalar" da mövcuddur ki, onlardan biri də ən çox radikal müxalifətin "vəkili" olan Aslan İsmayılovdur. Amma bu adamın "vəkil" deyil, dəllal olması da siyasətlə maraqlananlara sirr deyil. Belə ki, Siyavuş Novruzovun bu barədə faktlara əsaslanan açıqlaması da deyilənləri təsdiq edir: "Bəziləri var ki, adını vəkil qoyub, amma vəkillik tamam başqa bir institutdur. Məsələn, mən 12 ildir ki, millətimin vəkiliyəm və bununla da fəxr edirəm. Vəkillik peşəsi çox gözəl bir peşədir. Amma ayrı-ayrı idarə və müəssisələrdə işləyib, rüşvət üstündə, oğurluq üstündə qovulub sonradan vəkillik peşəsini seçmək, dəllalıqdır. Aslan İsmayılov bu gün vəkilliklə yox, dəllallıqla məşğuldur. Aslan İsmayılovun isə sürtülmüş sifəti hər 6 aydan bir fərqli istiqamətlərə baxır. Aslan İsmayılov bir dəfə göstərsin ki, məhkəmədə kasıb bir adamın hüququnu müdafiə edib. Harada imkanlı adam varsa, Aslan İsmayılov onun vəkili olur".


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər