PDF Oxu

Araşdırma

  • 875

Yaxınlaşan bir mart və Sarkisyanın vəlvələsi

Yaxınlaşan bir mart və Sarkisyanın vəlvələsi

Ermənistan iqtidarının rejim siyasətinə dörd il öncə, martın 1-də baş vermiş qanlı gülləbaran, tükənməz seçki saxtakarlıqları və cinayətlər sayəsində Serj Sarkisyanın "zəfər"ini legitimləşdirməsinə etiraz edən ermənilərin qətlə yetirilməsi bu xalqı yenidən ayağa qaldırmaqdadır.

Təcavüzkar Ermənistan iqtidarının siyasətində cərəyan edən bütün hadisələr məhz seçkisonrası dövrün inkişafı xəttinə əsaslanır, həmin hadisələrin yaratdığı məntiqə dayanır.

Lakin yazda keçiriləcək parlament seçkilərinə qalan vaxt qısaldıqca keçənlərlə indi arasındakı sərhədlər silinir, erməni xalqı yeni seçkiöncəsi rejimə keçirilir ki, bu da yaşanacaq yeni fəsadlardan xəbər verir. Belə ki, erməni ictimaiyyətinin qarşıdan gələn seçkilərlə bağlı gözləntilərində fərqlər, azacıq da olsa, nəzərə çarpır. Fəqət, bu sözləri ermənilərin müxalifət partiyaları, eləcə də, hazırkı iqtidara qarşı düşərgədə dayanmış siyasi qüvvələr barədə demək çətindir. Digər tərəfdən, parlament seçkiləri öncəsi Ermənistanın siyasət arenasında yeni oyunçunun zühur etməsini fikirləşmək "sadəcə" sadəlövhlük kimi dəyərləndirilə bilinər. Çünki ölkənin siyasi həyat müstəvisinin əsas seqmentləri praktiki olaraq qapanıb. Sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi fəaliyyətinin çox böyük suallar doğurmasına və S.Sarkisyan iqtidarı ilə savaşda zəifliyinə, məğlubiyyətinə baxmayaraq, radikal müxalifət sahəsinin tək sahibidir. Bu gün Ermənistandakı iqtidara yönəlik konkret fəaliyyət proqramı ilə çıxış edə biləcək liberal müxalifət yoxluğundan, Ter-Petrosyan amili bu sahənin də vahid gücü hesab edilir.

Bu gün Erməni İnqilabi Federasiyası-Daşnaksütyun ümumi siyasi yaşam problemləri ilə qarşı-qarşıya qalmasına rəğmən, ermənilərin millətçi, şovinist radikalizmə meyilli qüvvələr düşərgəsinə başçılıq etdiyi iddiasındadır.

Sosialistlərə, kommunistlərə, sosial-demokratlara və s. bu kimi qüvvələrə gəlincə isə, bu barədə hər hansı fikir söyləmək mümkün deyil. Ona görə ki, onların mövqeləri onsuz da zəif, tərəfdarlarının sayı çox azdır, hətta yox dərəcəsindədir. Bu baxımdan da, dağınıq müxalifətlə cinayətkar iqtidar rejimindən ibarət iki qüvvə Ermənistanın siyasi mənzərəsini yetərincə sərgiləmiş olur. Yəni yaz aylarında baş tutması gözlənilən seçkilərdə qələbə və hakimiyyətdə qalaraq mövqeləri möhkəmlətmək Sarkisyan iqtidarı üçün ciddi problemlər yaratmır.


Hər şey göründüyü kimi asan görünmür


S.Sarkisyan və onun iqtidarının ideoloqları ilə yanaşı, özlərini "müstəqil" adlandıran, lakin hakimiyyətin qoyduğu qabdan əppək yeyən analitiklərlə politoloqlar da seçkilərdə müxalifətin problemlər yarada bilməyəcəyini iddia edirlər. Ancaq hər şey göründüyü qədər asanlığı ehtiva etmir. Yəni parlament seçkilərində saxtakarlıq, inzibati resurslardan istifadə gərəkli olan rəqəmlərə nail olmaq, Sarkisyan iqtidarı üçün həlli çox çətin məsələlər sırasında deyil.


İran və Rusiyadan verilən süni nəfəs


Eyni zamanda, hazırkı iqtidarın başağrısı, parlamentdə istənilən sayda yerin təminatının asan olmaması, ölkədə tüğyan edən maliyyə və iqtisadi böhranlar, kütləvi işsizlik, miqyası fasiləsiz artan əmək miqrasiyası və bütün bunların doğurduğu sosial təhlükələr kimi dəyərləndirilmir. Çünki ortada daha qlobal problemlər dayanıb. Bəlaların kökləri Ermənistandakı hakimiyyət sisteminin məntiqindədir. Qonşu ölkə dövlət müstəqilliyi qazandığı ilk gündən bəri oradakı hakimiyyətlər konstitusiya və qanunlara deyil, oğru qanunları, iri qruplaşmalar və tayfalar arasındakı anlaşmalarla razılaşmalara istinad etdiyindən, hazırkı iqtidar üçün vəziyyət nə qədər sakit və mülayimdirsə, onun bəlaları və çətinlikləri bir o qədər də artmaq üzrədir. Quldarlıq anlayışı, quldur davranışı və idarə olunan insanların haqlarının heçə sayılması prinsipləri üzərində bərqərar olmuş hakimiyyətin cinayətləri artdıqca, onun çevikliyi ilə stabilliyi bir o qədər azalır. Belə hakimiyyət müxtəlif illərdə çeşidli qruplaşmalar, tayfalar, birləşmələr və düşərgələr qarşısında boynuna götürdüyü öhdəlikləri qismən də olsa, yerinə yetirmək məcburiyyətində qalır, ağırlaşır, axıtdığı qanlar və mənimsədiyi pulların ahı içində boğulmağa başlayır. Onu da unutmayaq ki, dayanıqsızlığını, qanunlara söykənmədiyini, ən başlıcası isə vətəndaşların seçimi nəticəsində hakimiyyətə gəlmədiyini özəl anlayan və unutmayan Sarkisyan, devrilməməsi üçün daxildəki dəstəyin zəif olduğunu bildiyindən, xaricdə, xüsusilə də, İran və Rusiyada yardım axtarır. Ermənistan illərdən bəri Rusiyanın forpostu, ucqar əyaləti funksiyasını könüllü yerinə yetirməyə razılıq verdiyindən, Yerevan iqtidarı da ölkədə keçiriləcək parlament seçkilərinin Moskva üçün, faktiki olaraq, idarə olunan vilayətdəki bələdiyyə seçkiləri anlamında olduğunu vurğulamasa da, hadisələrin belə interpretasiyasından yararlanmağa can atır. Parlament seçkilərində hakimiyyətini qorumaq üçün lazımi mandat sayının təminatına can atan Serj Sarkisyan, Moskvadan xeyir-dua aldığını yaxın ətrafı ilə yanaşı, rəqiblərinin də nəzərinə çatdırmaqla bir qədər sakitləşməyə can atır.


Dağlıq Qarabağ münaqişəsinə yönəlik danışıqlar prosesində məğlub olmuş Ermənistan


Belə şəraitdə vətəndaşlar və ümumilikdə cəmiyyətdə də Ermənistan iqtidarı üçün, əslində, xarici subyektdir, çünki Sarkisyanın hakimiyyəti ilə ermənilər tam fərqli problemlərlə, müxtəlif reallıqlarda yaşayırlar.

Məsələn, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində biabırçı məğlubiyyətə uğradığını hələ də etiraf etməyən Ermənistan rəhbərliyi, vətəndaşlarını hansı bəlalara urcah etdiyini əsla etiraf etmir. Əksinə, Serj Sarkisyan ruhi xəstəxananın pasiyentlərinə xas qətiyyət və inadla meydan oxuyur, hədələyir, ordusunun hansısa olmayan gücündən və qüdrətindən danışır.

Bu gün oğlunu ordu sıralarına sağlam göndərib şikəst alan, silahlı qüvvələrdəki rüşvətxorluq və başıpozuqluq, özbaşınalıq və yiyəsizlikdən zinhara gəlmiş erməni valideynlər iqtidara nifrət edirlər. Bunu Yerevanda prezident iqamətgahı, Müdafiə Nazirliyi, ölkə parlamentinin binasının qarşısında əsgər analarının keçirdikləri etiraz aksiyaları da göstərir.


QİSMƏT ZƏNGİBASARLI

Digər xəbərlər