Ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan xalqımızın haqq səsini daha da ucaltmaq, tarixi gerçəklikləri bütün dünyaya bəyan etmək, danılmaz tarixi həqiqətləri məqsədyönlü şəkildə təhrif edərək, öz xalqına başdan-ayağa saxta tarix yazan erməni "alimləri"nin saxtakarlıqları daim ifşa olunur. Tanınmış alimlərimiz bu sahədə tədqiqatlar aparır, monoqrafiyalar və kitablar yazaraq, onların tarixi saxtalaşdırmaq cəhdlərini ortaya çıxarırlar. Bu qəbildən əsərlər nəşr edilib və edilməkdədir. Məlum olduğu kimi, Şərqşünaslıq İnstitutu tərəfindən "Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən orta əsrlər və yeni dövr xəritələrinin axtarışı və surətlərinin ölkəmizə gətirilməsi" adlı layihə üzərində işə başlanılmışdır. Layihə çərçivəsində İspaniya və Fransa kimi ölkələrdə bu ölkələrin bir sıra kitabxana və arxivlərində axtarışlar aparıb, yüzlərlə qədim xəritə və atlaslar nəzərdən keçirilib. Artıq 80-dən çox xəritənin surətini çıxarılıb, elektron variantı hazırlanıb. Xalqımızın tarixi coğrafiyasının öyrənilməsi üçün faydalı olan və Ermənistanın Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edən bu xəritələr müstəsna əhəmiyyətə malikdir.
Əldə olunan rəsmi sənədlərdə ermənilərin Cənubi Qafqaza gəlmə etnos olduğu, Fərat çayının yuxarılarında qədim Assuriya və Mesopotamiya ilə sərhəddə məskunlaşdığı və zaman-zaman indiki Türkiyə və İranın ərazisinə köç etdiklərini əyani şəkildə nümayiş etdirilir. Bütün bunlarla yanaşı, bu gün Azərbaycanda indiki Ermənistan ərazisinin Azərbaycanın tarixi əraziləri olduğunu sübut edən 20-dək elmi mənbə var. Bu mənbələrdən ən qiymətlisi XIII əsrin sonlarında Stepan Orbeliyanın 600 səhifə həcmində qələmə aldığı, Göyçə, Dərələyəz və Zəngəzurun tarixindən bəhs edən "Sünik tarixi" əsəridir. Azərbaycan Folklor İnstitutunun məlumatına istinadən, qeyd edək ki, Orbeliyan özü alban olub. Bəzi mənbələrdə onun "Kitabi-Dədə Qorqud" dastanının I boyundakı Dirsə xanın kiçik oğlu olduğu qeyd edilir. Azərbaycanda bu əsərin 1859-cu ildə Parisdə nəşr olunan fransız dilində nüsxəsi var. Həmin əsər Qərbi Azərbaycan torpaqlarının tarixən ermənilərə deyil, azərbaycanlılara aid olduğunu tam şəkildə sübuta yetirir. Təsadüfi deyil ki, ermənilər bu əsərin heç bir dilə tərcümə edilməsində maraqlı deyillər. Amma həmin əsər təəssüf ki, Azərbaycan tərəfindən də başqa dillərə tərcümə edilməyib. Tədqiqatçıların fikrinə görə, Azərbaycanda indiki Ermənistan əraziləri ilə bağlı sistemli araşdırma aparmaq üçün elmi mərkəzin yaradılmasına böyük ehtiyac var.
Daim ərazi iddiası ilə çıxış edən ermənilər əraziləri zəbt etdikcə toponimləri və soyadları da məhz "ideologiyalarına" sadiq qalaraq dəyişmişlər. Belə qənaətə gəlinib ki, erməni soyadlarının 80 faizi türk mənşəlidir. Folklor İnstitutunun aparıcı elmi işçisi və şöbə müdiri Əziz Ələkbərlinin türk mənşəli erməni soyadları ilə bağlı apardığı tədqiqat bunu sübut edir. Tədqiqatlar zamanı hazırda Ermənistanda mövcud olan 500-ə yaxın soyadın türk mənşəli olduğu aşkar edilib. Onun sözlərinə görə, Köçəryan, Dəmirçiyan, Tumanyan, Nalbəndyan, Çörəkçiyan və digər soyadları türk mənşəlidir. Erməni soyadlarının 20 faizini isə xristian dini ilə bağlı soyadlar təşkil edir. Bu faktlar və statistik rəqəmlər erməniləri yığma halda "dövlət" kimi formalaşdırıb. Sovet imperiyasının dağılması ərəfəsində iri dövlətlər tərəfindən dəstəklənən Ermənistanın Azərbaycana olan ərazi iddiaları, azərbaycanlılara qarşı törədilən deportasiyalar və digər hadisələri onların bu və ya digər niyyətlərini, saxta tarix yaratmaq iddialarına bir qədər də təkan oldu.
NƏZAKƏT ƏLƏDDİNQIZI