Bu gün Azərbaycan müstəqilliyinin, demokratiyasının və inkişaf gerçəkliyinin dünya dövlətləri tərəfindən qəbul edilməsi özünü ölkəmizə "dost" kimi elan edən, lakin əməlində aşkar şəkildə zidd mövqe nümayiş etdirən qonşu İranın siyasi dairələrində qısqanclıqla qarşılanmaqdadır. Tarixə qısa ekskurs edərək, haşiyədə onu da xatırlatmaq mümkündür ki, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra İran ölkəmizin müstəqilliyini uzun tərəddüddən sonra tanımışdır. Azərbaycanın 18 oktyabr 1991-ci ildə öz müstəqilliyinin bərpa olunduğunu elan etməsinə baxmayaraq, rəsmi Tehran bu dövləti yalnız 1992-ci ilin yanvarın 4-də tanımağa məcbur olmuşdu. Bu tərəddüd Azərbaycan adının beynəlxalq siyasətin subyekti kimi yenidən meydanda olmasını İranın özünə qarşı milli təhdid saymasından irəli gəlirdi.
Daha bir faktı da diqqətə çatdıra bildirmək mümkündür ki, hələ 1991-ci ildə İranın işgəncə, təxribat-pozuculuq aparatlarının - "Sepah"ın, "Ettelaat"ın formalaşmasında yaxından iştirak etmiş panfarsist siyasi dairələr "əgər dünyada bir qarış torpaq Azərbaycan adı ilə dövlət sayılırsa, o, bizim milli təhlükəsizliyimizə təhdiddir. Biz də buna qarşı işləməliyik" kimi bəyanatlar səsləndirirdilər.
Rəsmi Tehranın Azərbaycan üzərində basqılarının arxasında dayanan məntiq onun Azərbaycan adlı dövlətin inkişafı üçün əngəllərin uzunmüddətliliyini təmin etmək üçün Ermənistanla yaxınlaşma, iqtisadi, hərbi, mədəni və təhlükəsizlik sahələrində münasibətlərin strateji həddə çatdırılmasının əsasında dayanır. İran Azərbaycanın inkişaf perspektivləri üçün əhəmiyyət daşıyan layihələrdə maneələr yaratmağa cəhdlər göstərməklə yanaşı, Azərbaycana qarşı zorakı vasitələrə əl atmaqla da rəsmi Bakını strateji kursundan çəkindirməyə cəhdlər göstərir. Hələ 2001-ci ilin iyulunda İran hərbi təyyarələrinin Azərbaycanın hava sərhədlərini pozması və Xəzərdə kəşfiyyat aparan gəmilərə hücumlar bu siyasətin göstəricisi olmuşdur. Xəzərin hüquqi statusunda hər cür barışıqdan uzaq mövqedə duran İranın işğal olunmuş ərazilərdə ermənilərlə əməkdaşlığı da Tehranın Azərbaycanı zəiflədə biləcək addımlara əsaslanan siyasi xəttinin təzahürüdür. İşğal olunmuş Cəbrayıl rayonu ərazisində Xudafərin su səddinin tikintisinin ermənilərlə davam etdirilməsinin Xəzərin hüquqi statusunda tutulan mövqe ilə məntiqi baxımdan nə dərəcədə bağlı olduğu yalnız qeyd etdiyimiz tezis çərçivəsində mümkün görünür. Bu baxımdan İranın Ermənistanla münasibətləri, o cümlədən, hərbi sahədə əməkdaşlığı kimi problemlər Tehranın Azərbaycanla bağlı maraqları kontekstində qiymətləndirilməlidir.
QABAQDANGƏLMİŞLİK
Və bütün bu aspektlərin müqabilində İranın panfarsist rejiminin Azərbaycandan nə isə tələb etməsi heç bir çərçivəyə sığmayan amillərdəndir. Belə ki, ayətullah dairələrinin bu günlərdə ölkəmizin İrandakı səfiri C.Axundovun bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılması və ona İran tərəfinin etiraz notası təqdim etməsi həmin çərçivəni aşan addım kimi qiymətləndirilə bilər. Lakin İran tərəfi nədənsə öz dırnaqarası etirazlarını səsləndirərkən, bir çox məqamları unudur, ya da özünü unutmuş kimi qələmə verməyə cəhd göstərir. Yəni İranın Azərbaycanla bağlı qərəzli siyasəti, xüsusilə, son hadisələr-İran mollalarının xütbələr zamanı səsləndirdikləri anti-Azərbaycan meyilli bəyanatları, qondarma "hicab" problemini özləri tərəfindən yaratmaq cəhdləri, Azərbaycanın rəsmi dövlət informasiya resurslarına edilən haker kiberhücumları, eləcə də, yəhudi millətindən olan vətəndaşlarımıza qarşı yönəlmiş məlum terror cəhdi qonşu dövlətin ölkəmizə qarşı heç də səmimi olmadığının bariz nümunəsidir.
İXRAC OLUNAN
ŞABLON-QƏLİBLƏR
Azərbaycanda "İmdad-Xomeyni" kimi qurumlar vasitəsilə xeyriyyəçiliyi "siyasi sədəqə" formasına salan İranın müvafiq qurumlarının bu fəaliyyəti özünün siyasi məqsədləri üçün sosial dayaqlar hazırlamağa yönəlib. Dini çalarlı siyasi fəaliyyət təkcə bununla məhdudlaşmır. Azərbaycanda ənənəvi dini qurumlar çərçivəsində deyil, İrandan ixrac olunan şablon-qəliblər əsasında formalaşdırılan, İranın dini dairələri və ya çeşidli ali məktəblərində yetişdirilmiş şəxslər vasitəsilə idarə edilən dini-siyasi qurumların fəaliyyəti də Azərbaycanda rəsmi Tehranın siyasi nüfuzunu genişlətmək üçün sosial bazanın formalaşdırılması kimi məqsədlərə xidmət edir. Bu tərz həm də İranın Azərbaycanla bağlı siyasətinin ana xətti milli varlığın birbaşa və açıq şəkildə inkarına söykənən panfarsizm siyasətinin davam etdirilməsinə əsaslanır. Daha dəqiq desək, İran siyasətinin Azərbaycanla bağlı yuxarıda göstərilən mahiyyəti rəsmi Tehranın bu dövlətdəki maraqlarının əsas determinantıdır (aşkaredici amilidir - R.N.) Bu determinant rəsmi Tehranın buradakı xarici siyasəti və milli panfarsist maraqlarının istiqamətləri və məzmununu müəyyənləşdirir.
Həmçinin, vurğulamaq mümkündür ki, bu gün Azərbaycana qarşı yönəlmiş təxribat cəhdləri sırasında ölkəmizdə guya İsrail kəşfiyyatının İrana qarşı fəaliyyətinə şərait yaradılması, xüsusilə də, İran "üləmalarının" qətlində Azərbaycan izinin axtarılması və başqa bu kimi qondarma ittihamlar bir müddət öncə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin zamanında və çevikliklə ifşa etdiyi terror cəhdinə cavab cəhdi kimi qiymətləndirilə bilər. Rəsmi Tehran bu gün Azərbaycanın "qəbuledilməzliyini" məhz bu kimi vasitələrlə gizlədə bilmir və bunu həzm edə bilmədikcə daha da azğınlaşır. Nəticədə, qabaqdangəlmişlik edib, özünü təmizə çıxarmağa səy göstərir.
Eyni zamanda, bu gün özlərindən qərəz və süni ikrah hisləri doğurmağa çalışan İranın panfarsist rejimi, bu ölkənin radikal dini dairələri onu da anlamalıdırlar ki, istər Azərbaycanın apardığı uğurlu daxili və xarici siyasəti, istərsə də Qərb dövlətlərinin Azərbaycana olan marağı, əməkdaşlıq səviyyəsinin dinamik inkişafı bu ölkənin şəxsi işidir və heç kimdən nə isə öyrənmək müstəqil Azərbaycanın borcu deyil. Həmçinin, İran ayətullahlarının ABŞ, Avropa Birliyi və digər siyasi güc mərkəzləri ilə kəskin qarşıdurma şəraitində region ölkələrinə qarşı aqressiv siyasət, eləcə də, İranda yaşayan bir çox xalqların da maraqlarına cavab vermir. Çünki sözügedən aqressiya bilavasitə daha ciddi kataklizmlərə yol açır və onları reallaşdırır və zəruri edir. Və yaxşı olardı ki, İran bu barədə düşünsün. Düşünsün ki, vətəndaşlarına qarşı belə qaniçən siyasət yürüdən İran mollaları xalq üsyanı ilə qarşı-qarşıya qalaraq, özünü pis vəziyyətdə qoyacaq. Belə ki, sadə İran xalqı da bu rejimin siyasətindən bezib və həmin faktlar zaman-zaman İranda baş verən məlum hadisələrdə də əks olunur. Bütün bunlardan nəticə çıxaracaq tərəf Azərbaycan deyil, İran və onu idarə edən panfarsist molla rejimidir.
RÖVŞƏN NURƏDDİNOĞLU