PDF Oxu

Araşdırma

  • 619

İran Ermənistanın siğəsini kəsir

İran Ermənistanın siğəsini kəsir

İran İslam Respublikasının parlamentində Azərbaycan əleyhinə fikirlərin səsləndirilməsi bir çoxları kimi məni də əndişələndirdi. Yadıma məşhur bir məsəlimiz düşdü - eşşəyə gücü çatmır, palanı tapdalayır. Əstəğfürulla, bu məsəli xatırlamaqda heç də özümüzü palan yerində görmək istədiyimi demirəm və bunu oxuyub dodaq büzmək istəyənlərə də demək istəyirəm ki, narahat olmasınlar, bu palanın onlara heç bir aidiyyəti yoxdur.

Sadəcə, qonşumuz İranın, bizimlə düz yola getmək istəməməsi bir qədər məni həyəcanlandırdı. Əcəba, necə olur ki, bu ölkəyə basqılar, qadağalar, məhrumiyyətlər yaşatmaq istəyən ölkələrin arasında adı olmayan, daima səmimi qonşuluq prinsipləri əsasında bu ölkəyə qarşı siyasət yürüdən ölkəmiz haqda nota versinlər, parlamanları ağızları köpüklənə-köpüklənə seliklərini üstümüzə dağıtsınlar? Görünür, İİR Qərbin və Avropanın bu ölkəyə qarşı olan sanksiyalarından qafasını itirmək üzrədir. İqtisadi cəhətdən tənəzzülə uğramaqda olan bir ölkənin təyinatı üzrə olmayan sərsəmləməsini başa düşmək belə olmur. Nə isə, bizimki də belə gətirib, qonşu sarıdan baxtımız, ölkəmizin siyasi həyatında şansı gətirməyən müxalifətimiz kimidir.

Yadıma ötən günlər düşür. Cənub bölgəsində doğulduğum üçün ötənlərdən yadıma salacaqlarımı heç də bəziləri kimi kimdənsə eşitməmişəm, əksinə, şahidi olmuşam. Şahidi olmuşam ki, 90-cı ildə İranla aramızda olan sərhədlər açılandan sonra insanlarımız arasında hansı doğmalıqlar üzə çıxdı və nələr yaşandı. Düzdü, İrandan Azərbaycana gətirilən saqqızlar, qucaq-qucaq təsbehlər və digər "dinqili-bico" məişət əşyalarının əvəzinə, Şimali Azərbaycandan sürülərlə mal-heyvan, tikinti və kənd təsərrüfatı materialları aparılırdı ki, bu gün heç də bunun fərqində deyiləm. Fərqində olduğum odur ki, bu gün İran, torpaqlarımızın 20 faizini işğal edən bir ölkə ilə, elə iranlıların təbirincə desək, hamaş olub, onlara qucaq açır, maliyyə yardımı edir. Qərbin, eləcə də, Avropanın bir çox aparıcı dövlətlərinin qucağında oturmağı özünə şərəf bilən Ermənistanın siğəsini kəsir, kəbin-talağ edilməsinə şərait yaradır ki, ermənilər oturduqları qucaqları maneəsiz dəyişə bilsinlər.

Maraqlıdır, adına islam yarlığı yapışdıran bir dövlət necə olur ki, din qardaşlarına qarşı belə sərt mövqe sərgiləyə bilir?! Axı ölkə başçımız dəfələrlə bəyan edib ki, əgər İran Qərb tərəfindən vurulsa, ərazimizdən transfer kimi istifadə olunmayacaq. Həm də ümumiyyətlə, Azərbaycan olaraq, qonşuluqda olan dövlətin zəifləməsinin marağında deyilik. Biz qonşunu iki inəkli istəyənlərdənik. Baxmayaraq ki, Türkiyə istisna olmaqla, bütün qonşularımız ölkəmizin iqtisadi və siyasi cəhətdən güclənməsinə, regionda nüfuz və söz sahibi olmasına qısqanclıqla yanaşır.

Hər gün "Səhər" adlandırdıqları telekanalları ilə ölkəmizə qarşı zəhər ifraz etmələri də qonşu İranın qonşuluq apara bilməməsindən xəbər verir. İran dövləti tərəfindən maliyyələşən və mahafizə olunan bir telekanalın yayımladıqları, əslində, İran İslam Respublikasının dövlətimizə qarşı yürütdüyü çirkin siyasətin bir hissəsidir. Yaxşı olardı ki, İran rəsmiləri özlərini bu çirkabdan təmizləmək üçün dəstəmaz alsınlar, qüsullansınlar. Onda bir olan Allahada xoş olar, axı Rəbbimiz bütün insanların bərabər yaratdığını, peyğəmbərimiz isə bütün müsəlmanların qardaş olmasını deyib. Belə qardaşlıqmı olar?

Sərhəddinə nəzarət edə bilməyən bir dövlət kimi xarakterizə olunur az qala, İran. Belə ki, qaçaqmalçılıq yolu ilə narkotik maddələrin ölkəmizə keçirilməsinin qarşısı tərəfimizdən alınmasa, adına "ağ ölüm" deyilən, bu maddələrin sakinlərimizin, eləcə də, digər ölkə vətəndaşarının qara günə düşməsinə səbəb olmazmı?

Hər halda, İran İslam Respublikası bizə qarşı düzgün olmayan bir mövqe sərgiləməkdədir. Görünür, bu ölkəyə qarşı münasibətlərdə hansısa dəyişikliklər etməyə ehtiyac var.

Faiq Balabəyli

Digər xəbərlər