Serj Sarkisyan Ermənistanın prezidentidir. İtdi-qurddu, nədirsə bədnam bir dövlətin, türkün məsəli, başında durub. Bu başda durmaq Serjin təbirincə, baş aparmaqdı, deyəsən. Əgər bu, belə olmasaydı, çox güman ki, o, başından böyük qələtlər etməz, gic-gic bəyanatlar verməzdi. Hələ ki, burnunun girə bilmədiyi dəliyə başını pərçimləmək istəyən S.Sarkisyanın alnının ortasına tutarlı zərbə endirən olmayıb. Yoxsa fınxırtısı aləmi bürüyərdi. Hələ ki, meydandadır, hələ ki, erməni dığalarını və axçilərini, türkün məsəli, başına toplayıb, onlara moizələr oxuyur. Bəs necə, "moizə" termini müsəlmanlara məxsus olsa da təəccüblənməyə dəyməz. Axı, onun Əhmədinejad kimi qəlb bir-can bir, məslək və əqidə eyni, din ayrı dostu var. Bunun başqa bir söhbətin mövzusunu nəzərə alıb da, keçirəm Sarkisyanın bir neçə ay bundan qabaqkı sərsəmləməsinə.
Nə deyirdi ermənilərin prezidenti erməni gənclərinə, nəyi tövsiyə edirdi bu tumgöz ölkə başçısı? Yaddaşımı vərəqləyirəm: "Qarabağı biz aldıq, Ağrı dağını isə siz almalısınız"- deyən Ermənistan prezidentinin sərsəmləmələri bunula bitmirdi. Azərbaycan Prezidentinin Qarabağın tanımasını iddia edən bu insan qiyafəsində olan başa düşmür ki, ölkəmizin nəinki başçısı, hətta çocuğu da Qarabağı tanıyır və tanıyacaq. Əlbəttə, Azərbaycanın əzəli və əbədi torpağı kimi. Bir mahnımızın sözlərində deyildiyi kimi: ALƏM CƏNNƏTƏ DÖNSƏ, YADDAN ÇIXMAZ QARABAĞ.
Siyasətçi olmaq o demək deyil ki, yüz cür sifətin olmalıdır. Bu deyimi çox güman ki, S.Sarkisyan kimilərə baxıb deyiblər. Dondurulmuş müharibənin başgicəlləndirici qələbə eyforiyasından uzaqlaşa bilməyən erməni məkrlisi son dövrlər uçurum qarşısında olduğunu dərk etdiyindən, populist çıxışlarla bir müddətdə yaddaşlarda qalmağa cəhd edir. Bunun üçün də özü xislətdə olan gənclərlə görüşlər keçirir, ölkəsinin rəhbərlik etdiyi bu dönəmdə, düşdüyü böhranı müvəqqəti olsa da yaddan çıxarmaq istəyir.
Artıq hər şey aydındır. Ermənistan rəsmilərinin və müxalifətçilərinin yekdil rəyi budur ki, ölkələri bütün sahələrdə Azərbaycandan geri qalır. Hələ ki, danışıqlar gedir. Hər şeyin sonu var. Danışıqların mümkün olduğu qədər gözləmək olar. Əvvəl-axır Azərbaycanın Ali Baş Komandanı ordunun və xalqın çoxdan gözlədiyi əmri verəcək. Erməni prezidenti də bunu bilir və təşviş içərisindədir. Artıq erməni ziyalıları açıq tekstlə ölkə rəhbərliyinə bəyanatlar ünvanlayırlar. Azərbaycan prezidentinin bütün dövrlərdəki çıxışlarındakı qətiyyət erməni ictimaiyyətini düşünməyə vadar edir.
Hələ ki, Ermənistan prezidenti meydan sulayır. Güvəndikləri, türkün məsəli, arxalarını söykədikləri var. Bunun da bir vaxtlar işə yaramayacağı bəllidir. Axı hegemon dövlətlərin daimi maraqları olur, dostları yox. Serj Sarkisyan hələ ki, maraqların təminatçısı olduğunun fərqinə varmır. O və onun ölkəsi bəzi ölkələrin maraqlarına xidmət edir. Xidməti isə xidmətçilər edər.
Deyəsən, ikibaşlı siyasətin özünü doğrultmadığını artıq Serj Sarkisyan da başa düşür. Bu, onun bu günlərdə adına "Yekrapa" deyilən yarım hərbi qurumun 9-cu qurultayında dediklərində tam aydın olaraq öz əksini tapır. Belə ki, qarşıdan gələn parlament seçkilərində adıçəkilən quldur birləşməsinin köməyindən yararlanmağı qarşısına məqsəd qoyan ermənilərin başda oturanı, özləri üçün acı olan bir etirafı da etməkdən çəkinməyib: "Biz müharibəni udsaq da, zəifləmiş, iqtisadi cəhətdən geriləmiş bir dövlətə çevrilmişik". Görünür, erməni lideri ölkəsinin iqtisadi durumunun siyasi müstəvidə də onların zərərinə baş verən dəyişikliyi gizlətməyə ehtiyac duymur. Çünkü bu, artıq hamıya məlumdur. Artıq arxalarını söykədikləri dövlətlərin də maraqları onlara məlumdur. Başa düşürlər ki, arxalarında duranları heç də onların "arxaları" yox, həmin dövlətlərin maraqları ilgiləndirir. Elə Fransa Senatının məlum demokratiyaya zidd qəbul etdiyi qərardan sonra Nikolya Sarkozinin erməni lobbisinin seçkiöncəsi dəstəyinə görə, senata etdiyi təzyiqləri etiraf etməsi, dediklərimizə əyani sübutdur.
Yaranışından bu gününə qədər onun - bunun artığı ilə böyük ərazilər qəsb etməyi amalına çevirən bir millətin süqutu gözləniləndi. Görünən kəndə bələdçi lazım deyil, deyimi özünü bu anlamda da doğrultmaqdadır.
ÖTGÜN