Son vaxtlar İran bir neçə dəfə Azərbaycana nota təqdim edib və Azərbaycanı əsassız olaraq əsası olmayan məsələlərdə ittiham edib. Rəsmi Tehranın notasında iddia olunub ki, guya, İsrailin xüsusi dövlət qurumu "Mossad" Azərbaycanda İrana qarşı məhdudiyyətsiz kəşfiyyat fəaliyyəti ilə məşğul olur. Bildirilib ki, ölkəmiz "Mossad"ın şərti adı "Cavidan" olan agentini gizlədir. Belə ki, həmin şəxs İranda nüvə üzrə alimlərin məhv edilməsində iştirak edib.
Həmçinin, iddia olunub ki, İranın nüvə alimlərinin qətlini törədən terrorçular İsrailə Azərbaycandan keçərək qaçıblar.
Güclü Azərbaycan qorxusu və xristian Ermənistan sevgisi
Tarixən Azərbaycan sərkərdələrinin qurduğu dövlətin bir hissəsini ələ keçirmiş fars rejimi, bu gün İranda hakimiyyətdədir və bu rejim heç vaxt müstəqil Azərbaycanın inkişafını, nüfuzunun beynəlxalq aləmdə artmasını istəməz.
Hazırkı sivil dünya sistemində diplomatiya xatirinə İran ölkəmizlə müəyyən əlaqələr qursa da, hətta bəzən Azərbaycanı özlərinə dost ölkə kimi təqdim etsələr də, bunların hamısı, sadəcə, görüntü yaratmaq məqsədilə ortaya qoyulan süni münasibətlərdir.
Təkcə İranın Azərbaycana olan münasibəti ilə onun Ermənistana olan münasibətini müqayisə etsək, hər şeyi təsəvvür etmək kifayət edər. Azərbaycan xalqının bu gün dünyada yeganə rəsmi bəyan olunan düşməni Ermənistandır. İranın da həmin dövlətlə olan münasibətini göz önünə gətirmək kifayətdir ki, onların ölkəmizə olan münasibəti haqqında fikir yürüdə bilək. Bu mənada, dövlətimizin, xüsusilə də, son illər ordusunun güclənməsi, bütün sahələrdə dünyada inkişaf etmiş ölkələrlə müqayisə olunacaq bir səviyyəyə çatması istər-istəməz İranı narahat edir. Və bu gün dövlətimizin inkişafı İrana sərf etmədiyi üçün onlar hər vasitəyə əl ataraq, Azərbaycanı nüfuzdan salmağa çalışırlar.
Haqlı suallar
Bu zaman belə bir sual yaranır ki, əgər İrana iqtisadi sanksiyalar tətbiq edən Qərb ölkələri olduğu halda, niyə həmin dövlətlərə rəsmi notalarla müraciət olunmur və yalnız xırda bəyanatlarla sözünü deyir? Azərbaycana isə rəsmi nota təqdim edir ki, guya İrana qarşı təxribat törədilir, casuslar göndərilir və s. Təbii ki, bunların hamısı suyu bulandırmaq məqsədi daşıyan qəsdli hərəkətlərdir. Bu gün İran islam bayrağı altında dövlət qurursa, o zaman niyə onun qaydalarına əməl etmir? Müqəddəs kitabımız olan "Qurani-Kərim"də göstərilir ki, əgər hər hansı bir müsəlman dünyanın bir ucunda əzab çəkirsə, dünyanın o biri başında olan müsəlman da bunu görür və getmək imkanı olduğu halda kömək etmirsə, o zaman həmin müsəlmanın möminliyi şübhə altına düşür. İran burnunun ucunda Ermənistan onun müsəlman qardaşlarına qarşı zülm etdiyi halda, həmin dövlətlə İranın islam dəyərlərinə riayət etdiyini şübhə altına alır. Təqdim olunan notaların da kökü, əlbəttə ki, Azərbaycanın inkişafına mane olmaqdan başqa bir şey deyil. Bəlkə də o elə düşünür ki, ölkəmizə hədə-qorxu gələn kimi biz də bundan qorxacağıq. Qətiyyən! Əgər İran Azərbaycana qarşı hansısa adekvat addım atırsa, dövlətimiz də yerində lazımi anda, bu ölkəyə qarşı belə addımlar atacaq və atır da!
ZƏNGİBASARLI