PDF Oxu

Araşdırma

  • 1 057

İran mollaları həyəcan içində

İran mollaları həyəcan içində

Bu gün İran qonşuluq siyasətində ciddi nöqsanlara yol verdikcə, öz daxilindən də qaynaqlanan problemlərlə üz-üzə qalır. Yəni bu ölkə ətrafında vəziyyət getdikcə daha da gərinləşir. Nəticədə, molla rejiminin yürütdüyü yanlış daxili-xarici siyasət İranı müəyyən supergüclərlə qarşı-qarşıya qoyub. Daha dəqiq vurğulasaq, İran hakimiyyəti öz xalqını düşünmək yerinə, molla rejiminin daha uzun müddətə iqtidarda qala bilməsi üçün "siyasət" yürüdür ki, bu da, təbii olaraq, həmin dövlətin daxildən parçalanmasını sürətləndirir. Artıq İrana qarşı sarsıdıcı sanksiyalar tətbiq edilib. Hazırda müzakirə olunan məsələ İrana qarşı hərbi əməliyyatların başlanmasıdır. Söhbət quru əməliyyatlardan getmir. ABŞ və İsrail başda olmaqla müttəfiqləri İranın nüvə obyektlərini hava zərbələri ilə sıradan çıxarmaq, məhv etmək niyyətindədirlər. Hələ ki, psixoloji müharibə davam edir və yəqin ki, Qərb texnoloqları İranın Hörmüz boğazını bağlamasını gözləyirlər.


İmperialist maraqlardan doğan alov nöqtəsi


İran isə Ərəb körfəzində mənafelərini qoruyacağını bəyan edib. İranın müdafiə naziri, general-mayor Əhməd Vəhidi bəyan edib ki, İran körfəzdə öz milli maraqlarını var gücü ilə qoruyacaq. Nazir deyib ki, supergüclər elan olunmamış müharibə və onun ardınca Küveytin işğalından sonra yaranmış məsələləri bəhanə edərək, Fars körfəzində sabitliyi pozublar. İranlı nazir bəzi region dövlətlərinin münasibətlərdə qeyri-hüquqi davranmalara və hərbi müdaxiləyə yol açmalarına da toxunub. Onun sözlərinə görə, hər il 10 min gəmi Hörmüz boğazından keçir və onların yükünün 75 faizi yanacaqdır. Göründüyü kimi, Tehran hələ də imperialist maraqlarından geri durmağa çalışmır. Çindən və Rusiyadan dəstək alan İran nüvə dövləti olmaqda israrlıdır və Qərblə münaqişə siyasətini davam etdirir. Eyni zamanda, İran hakimiyyəti iqtisadiyyatı riskə ataraq, Qərblə konfrantasiyaya gedir.


Müxalifətdə olan mollalar ayətullahlara lənət yağdırırlar


Cəmiyyət daxilində də etnik ziddiyyətlər var. Ötən günlərdə ərəblər yaşayan Xuzistan bölgəsində etnik münaqişə baş verib. Bunun ardınca Tehranda toqquşmalar olub. Xəbər saytlarının məlumatına görə, paytaxtda müxalifət tərəfdarlarının aksiyası öncəsi kütləvi həbs və zorakılıq halları baş verib. İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin ev dustağı edilməsinin ildönümündə paytaxt Tehranın əsas küçə və meydanları ciddi nəzarətə götürülüb. Eləcə də, adları çəkilən müxalifətçi mollalar müxtəlif üsullarla hakimiyyətdə olan ayətullahlara lənətlər yağdırırlar, onları qəddarlıqda, cəlladlıqda və panfarsizm siyasətində suçlayırlar. İran mətbuatının məlumatına görə, Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah"), İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) çoxsaylı əməkdaşları, motosikletçi polis qüvvələri müşahidə olunub. Buna səbəb isə İran müxalifətinin səssiz etiraz aksiyası keçirməsi olub. Mülki geyimli təhlükəsizlik qüvvələri paytaxtın bəzi ərazilərindəki obyektləri, Tehran Universitetinin, bəzi metro stansiyalarının giriş-çıxışlarını bağlayıblar. Tehranın mərkəzi ərazilərində mobil telefonlar işləməyib. Şəhərin bəzi hissələrində postlar qurulub və vətəndaşlar ciddi yoxlanıb. Ən az şübhə doğuran şəxslər belə qandallanaraq zindanlara atılıb. Təhlükəsizlik qüvvələri "Azadlıq" meydanına toplaşan nümayişçilərə hücum edərək, onlara qarşı güc tətbiq ediblər. Lakin buna baxmayaraq, müxalif fəallar rejim əleyhinə şüarlar səsləndiriblər. İnqilab meydanında tərəflər arasında qarşıdurma olmasa da, bir neçə nəfər həbs edilib.


Qeyri-səmimi qonşuluq siyasətinin nəticələri


Diplomatik təzyiqlərlə iqtisadi sanksiyalar davam edir. Buna paralel olaraq İran müxalifəti ilə qeyri-fars millətlərini birləşdirən təşkilatlarla iş aparılır. Belə bir şəraitdə isə İranda ayətullahların qarşısını ala bilmədikləri etnik münaqişə alovlansa, bu zaman ölkəyə qarşı supergüclərin hərbi əməliyyatlara başlamasına belə gərək qalmayacaq. Bu isə İranın yürütdüyü yanlış daxili-xarici və qeyri-səmimi qonşuluq münasibətindən doğan faktor kimi də dəyərləndirilməkdədir. Hər halda panfarsist mollaların bir müddət öncə Azərbaycan və xalqımız haqqında söylədikləri qərəzli fikirlərdən də onların özləri nəticə çıxarmalıydılar. Əgər çıxara bilməyiblərsə, bu zaman günahı da özlərində axtarsalar, daha yaxşı olmazdımı?


Q.ZƏNGİBASARLI

Digər xəbərlər